Mixaylonun məmur «həmkəndli»ləri

“Eşidirsiniz, buraxın məni! Mənim alman zabiti ilə saat 9-un yarısında görüşüm var, eşidirsinizmi?!”. Yəqin xatırladınız, “Uzaq sahillərdə” filminin əsas personajlarından biri Anjelikanın ələ keçdiyi səhnə…

Rejim məmurlarının, əzəmətli lüks villaları yerləşən bir kənddən – Novxanıdan olan, əfsanəvi partizan Mehdi Hüseynzadə (Mixaylo) üçün bu haray o demək idi ki, partladılacaq kinoteatra, faşist zabitləri saat 8.30-da toplaşacaqdılar..
…Bəzən bizə elə gəlir ki, nəhəng bir bürokrat aparatla üz-üzəyik və bu komandanın bütün üzvləri yumruq kimi birləşiblər, güc strukturları istənilən etiraz dalğasını amansızlıqla yatıra biləcək gücdədir…
Yanlış təsəvvürdür. Mən təsadüfən sevilən filmlərimizdən sitatlar gətirmədim. Bizim iri məmurlarımızın ictimaiyyətə verdiyi mesajlarda bir hikmət gizlənib. Sadəcə olaraq, biz çox vaxt onları tənqid etməklə məşğuluq, halbuki oradakı məqamları incələsək, qarşımızda şok mənzərə açılır. Məmurlar sanki “SOS” siqnalı verirlər, “BIZI BU HAKIMIYYƏTIN PƏNCƏLƏRINDƏN QURTARIN” deyirlər.
Bir çoxlarına qəribə görünsə də, biganə qalmamaq da mümkün deyil. Beləliklə…
Bakı metropoliteninin rəisi Tağı Əhmədovdan başlayaq. Bu insanı tərəddüd etmədən, iqtidarın Staxanovu adlandırardım. Onun rəis olduğuna baxmayaraq, maşinist, fəhlə funksiyalarını yerinə yetirdiyini öz gözlərimlə görmüşəm. Rəhbərlik etdiyi sahə qədər şəxsi personası da kəskin tənqid olunan metropoliten rəisi “dözməyərək” bu yaxınlarda “Yeni Müsavat” qəzetinə geniş müsahibə verdi. Ən maraqlı hadisə də elə burada baş verdi. Tağı müəllim rejimin “cızdığı xətt”i tapdaladı, ondan heç gözləmədiyimiz “bomba”nı partlatdı və xalqa mesaj yolladı: “Mən kommersiya obyektlərindən ayda 100 min manat götürürəm, o da mühafizə və s. xərclərə sərf olunur”.
Bu nə deməkdir? Bu, rejimin mahiyyətini ifşa edən, cəsarətli bir çıxışdır, məsuliyyəti birbaşa Ilham Əliyevin daşıdığına işarədir.
Yəni “metronu bazara döndərənlər başqalarıdır, nahaq üstümə gəlirsiniz, təkcə metronun ”20 Yanvar” stansiyası keçidlərində aylıq icarə haqqı 1000 manat olan 200-ə qədər ticarət köşkü var, elə bilirsiniz onlar mənim cibimə gedir? Nə qədər sadəlövhsünüz, bu ölkəni kimlərin taladığını yaza bilmirsiniz, adınızı da jurnalist qoymusunuz…”.
Tağı müəllim bundan artıq neyləməlidir, bəlkə gəlib Ictimai Palataya üzv olmalıdır? Açıq şəkildə bildirir ki, heç bir stansiyadakı köşklərdən əldə olunan milyonlar metroya xərclənmir. Qatarları da görürsünüz, bizdən başqa bütün postsovet metrolarında hamı “Rusiç” və “Yauza”da gəzir. Ara-sıra yeni qatarlar-filan almağımız haqda bəyanatlar, reverans xarakterlidir. Təzə bir şey olsa, görərsiniz də, qatarı necə gizlətmək olar?
Ən önəmli biznes sahələrini ələ keçirmək bir yana qalsın, metro gəlirləri də mənimsənilir, axı öz ömrünü başa vurmuş qatarlar, hər an iri miqyaslı faciələrə nədən ola bilər…
Zaman-zaman Ramil Usubov, Kəmaləddin Heydərov, Misir Mərdanov və digər məmurlarımız öz “açıqlamaları” ilə hətta Tağı Əhmədovu da kölgədə qoyurlar. Bu, başlanğıcdır, sürpriz mesajlar qabaqdadır…
Bir az diqqətli olsaq görərik ki, xoş dəyişiklikləri əksəriyyət məmurlarımız istəyir. Sadəcə məlum səbəblərdən, bir az da pula olan hərisliklərindən, bu istəklərini açıq şəkildə izhar eləməkdən qorxurlar.
…Keçən yazımda rejissor Vaqif Mustafayev haqda yazmışdım. 80-ci illərin sonunda onun “Yaramaz” filminə bilet əldə etmək üçün Vilnüsün “Lyetuvas” kinoteatrının kassasında nə az, nə çox, düz 2 saat növbədə dayanmışam. Bu möhtəşəm filmdən sonra, şüurlu surətdə onun mənfi qəhrəmanlarından birinə çevrilmək, rejissor üçün doğrudan da faciədir. Lakin onun rəhbərlik etdiyi “Space” telekanalında gedən “Bu zalım dünyada doğulma” serialından bir bölümə baxandan sonra onun da “mesajını” anladım. Dünyanın ən despotik serialını, despot zülmü altında yaşayan xalqına sunmaq cürəti, Vaqif müəllimin o əski günləri özlədiyindən xəbər verir. Necə deyərlər, impuls artıq nəzərəçarpacaq şəkildə vurmağa başlayır…
Işin ən ilginc tərəfi ondadır ki, sadaladığımız məmurları, əfsanəvi qəhrəman Mixaylo ilə eyni məkan bağlayır – NOVXANI…
Daha bir əfsanə ismin – böyük Məhəmməd Əmin Rəsulzadənin də(!) Novxanıdan olduğunu unutmayalım, cənab məmurlar, bu “mistikadan” heç qurtuluşunuz yox, danışmağa məhkumsunuz! Qorxmayın…