İlhamlı ölkədə ilhamsız köşə yazarları və Gena

Geridə qalan Yeni il bayramını ölkəmizdə hərə bir cür qeyd etdi. Kimi konsert biletinə 500, 1000 manat verib Tarkanı dinləyə-dinləyə qarnı şişənə qədər yeyib-içdi, kimi də bayram axşamı yeməyə heç tarakan da tapmadı. Böyükləri deyə bilmərəm, amma neft ölkəsində balacaları ac saxlamaq, üzmək, onları heç olmasa bayramlarda sevindirməmək bişərəflikdir. Şaxta Babaları saxta olmayan normal ölkələrdə hər yeni ilin səhəri balacalar evdə bəzədilən küknar ağacının altına qoyulan hədiyyələri görmək üçün yuxudan tez oyanırlar. Bizim ölkəmizdə isə uşaqlı-böyüklü hamı yuxudan günorta durur. Çünki bilirlər ki, küknar ağacının altına çürük qoz da qoyan olmayacaq. Evdəki küknarların altı boş olsa da, küçə və parklardakı ağacların altı həmişə dolu olur: kimi ətəyini yuxarı çəkib baldırının, kimi kreditlə götürdüyü maşınının, kimi doğmağa hazırlaşan inəyinin üstünə “SATILIR” yazıb ağacların altında dayanır. Baldır da, maşın da, inək də və başqa şeylər də cəhənnəmə, amma yeni ilin səhəri küçədəki küknar ağacının altında dayanıb, velosipedinin üstünə “SATILIR” yazan uşağın qəmli gözlərini, kədərli üzünü vicdanlı Şaxta Baba görsəydi, yəqin ki, xəcalətdən yerə girərdi. Bir ökədə ki, balaca uşaq sevimli oyuncağını satışa çıxardır, demək o ölkədə artıq Qiyamət günüdür. Ən yaxşısı odur ki, torpağı-daşı, yerüstü-yeraltı sərvətləri satılan ölkənin alnına iri hərflərlə “SATILIB” yazılsın, camaatın da elan, plakat yazmaqdan canı birdəfəlik qurtarsın. Axı 10-12 yaşlı uşaq nə günahın sahibidir ki, bayram günü hədiyyə almaq əvəzinə, özünün düzəltdiyi velosipedini satışa çıxarır? Məcburiyyətdən sevimli velosipedini satışa çıxaran balacanın əlləri uzun müddət çilingər, pinəçi işləyən yaşlı adamın əllərinə bənzəyir: qapqara, kəsik-kəsik. Axı o, satışa qoyduğu velosipedin hər hissəsini bir dərədən min bir əziyyətlə axtarıb tapmışdı. Satmağa yox, dostları ilə bərabər sürmək, yarışmaq, əylənmək üçün düzəltmişdi o velosipedi. Əgər həmin velosipedi hansısa yüksək vəzifəli məmurun oğlu düzəltsəydi, yəqin ki, o uşağın adını atası ən gənc ixtiraçı-alim kimi Ginnesin “Rekordlar” kitabına salmışdı. Amma harınların qudurğan balalarının adlarının düşdüyü “kitab”lar da var. Misal üçün, “Ən bahalı villa sahibləri”, “Ən bahalı toy edənlər”, “Nəsli kəsilmiş heyvan ətini yeyənlər”, “Məşuqələrinə ən bahalı hədiyyə alanlar”, “Dünyanın ən bahalı maşınlarını səkidə sürənlər”, “Ayaqyoluna köməkçi ilə gedənlər” və s. Bu məmləkətdə böyüyən uşaqların yarısı nə etsələr, nə istəsələr “bu dəqiqə alaram” deyilir, yarısı isə hətta ən adi oyuncaqları, şirniyyatları istəyəndə “pulum yoxdur” səslənir. Əcəba, uşaqlara deyilən “pulum yoxdur” sözü kimi cəhənnəmin başqa izahı varmı görəsən bu ölkədə?..

Əslində, köşəmin qəhrəmanı – Gena haqqında çoxdan idi bir hekayə yazmaq istəyirdim, təəssüf ki, köşə yazası oldum. Görünür, bədii yaradıcılıqla məşğul olmaq bir daha bizə heç vaxt qismət olmayacaq. Eybi yoxdur, qoy bu faydalı, zövq verən, baş ağrıtmayan işlə “mən ədəbiyyata xidmət edirəm, köşə yazanlar ilhamı tükənənlərdir” deyib, roman, povest, poema yazan, ilhamı bol olan yazıçılar, şairlər məşğul olsunlar. Əlbəttə, parıldayan binaları, heykəlləri, parkları, fəvvarələri, dükanları, şadlıq evləri… bol olan ölkədə ilhamlanıb şeir, poema… yazmayan köşə yazarlarına “ar olsun!” deyilər. Ilhamsız qələm əhlinə hər ad vermək mümkündür. Məmləkətdə beş-altı ilhamsız köşə yazarı qalıb, onları da “naməlum obyektlər” yox etsəydi, hökumətin canı dincələrdi: ölkədə güllər meri, bülbüllər deputatları, camaat prezidenti cəh-cəh vura-vura səsləyərdi. Hamı bir-birinə “can” deyib, “can” eşidərdi. Zarafat deyil, başqa ölkələrdə ilhamı hətta xəyalən çağırmaq, görmək üçün yazarlar min cür dil tökürlər, dualar edirlər, bizim ölkəmizdə isə ilham evlərə, yaradıcılıq otaqlarına dəvətsiz, çağırışsız ətli-qanlı, sözlü-söhbətli halda gəlir. Əsərləri dünya ədəbiyyatı xəzinəsinə daxil olan dahilər ilhamın heç xəyalını da görməyiblər, amma bizim yazıçılıq, şairlik bileti olanlar bayramlarda şəxsən ilhamdan orden-medal alırlar, bir-birinin əlini sıxıb, qucaqlaşıb öpüşürlər. Əsas, ilhamla qucaqlaşıb öpüşməkdir, təqaüd, orden-medal almaqdır, yazmağa həvəs, cürət olmasa da, lal-kar yaşanan uzun bir ömür Vətənə, ədəbiyyata xidmət sayılır. Gözləyin, şanlı ölkəmizdə bir azdan vaxtsız ölənlərə “Vətən xaini”, intihar edənlərə “Fərari” adı verilməsi haqqında qərar da qəbul olunacaq…