Kədər dolu azadlıq

Vicdan məhbusu Arif Alışlının atasının yas yerindən reportaj

“O qədər anormal zamanda yaşamağa məhkum edilmişik ki, atamızın da ölümünə tam kədərlənə bilmirik”- bu qəribə fikri dünən vicdan məhbusu Arif Alışlının atasının yasında bir dostum dedi və mən dərhal razılaşdım. Vicdan məhbusları Qənimət Zahid, sonra Emin Millinin atası onlar həbsdə olarkən dünyasını dəyişmişdi. Yas mərasiminə onların cəzaçəkmə müəssisəsindən müvəqqəti buraxılması sözün əsl mənasında göz yaşı içində sevinc yaratmışdı. Arifgildə də eyni hal təkrarlandı. Bu ailənin kədərini bölüşməyə gələn insanların çöhrəsində heç cür gizlədilməsi mümkün olmayan sevinc vardı. Bu elə bir sevinc hissi idi ki, onu heç gizlətməyə də gərək yox idi.

Siyasi elita Sabirabadda

Dünən Sabirabadın Ulacalı kəndi qeyri-adi günlərindən birini yaşayırdı. Kənd heç zaman olmadığı kimi siyasi cəhətdən ağırlanmışdı. Ictimai Palatanın liderləri – AXCP sədri Əli Kərimli, Müsavat başqanı Isa Qəmbər, hər iki partiyanın rəhbərliyində təmsil olunan funksionerlər vicdan məhbusuna başsağlığı üçün burdaydılar. AXCP Rəyasət Heyəti, az qala tam tərkibdə yas yerindəydi, Sabirabad və qonşu rayonların da müxalifətçi fəalları yasa gəlmişdi.

Mühafizəçili məhbus

Arif Alışlını 9 yanvarda axşamtərəfi cəzaçəkmə müəssisəsindən buraxıblar. O, dünən Bakıdakı evində gecələyib, səhər tezdən rayona, yas yerinə gəlib. Prosedur qaydalarına görə, o, Ulacalıdakı evlərinə getməzdən əvvəl rayon polis şöbəsində qeydiyyata yazılıb. A.Alışlını Penitensiar Xidmətin iki nümayəndəsi müşayiət edir. O, həmin şəxslərlə birgə, elə onların avtomobili ilə rayona gəlib. Müşayiətçilər yanvarın 15-dək, Arif geriyə dönənədək onunla olacaqlar.

Atamın durumu ağır idi…

Atasının vəziyyətinin ağırlığını Arif öncədən bilirmiş: “Təxminən bir ay əvvəl rəisə vəziyyəti dedim. Qənimət Zahidgilin nümunəsindən bilirdim, elə bir imkan var ki, atamın ağır vəziyyətində yanında olum. Ancaq o, bu işin mümkünsüz olduğunu dedi. Həbsə düşəndən atamla heç vaxt danışa bilməsəm də yanıma gəlib-gedəndən xəbər tuturdum. Sosial problemlər o qədər çox olurdu ki, heç həbsdən əvvəl də atamı lazımınca ziyarət edə bilmirdim. Kənddə sonuncu dəfə 2009-cu ilin sentyabrında olmuşdum”.

Mədət Quliyev şəxsən qəbul etdi

“Atamın vəfatını mənə türmə rəisi dedi. Günorta idi, saat 2 olardı, məni çağırıb xəbərdar etdi və dedi ki, sənədlərin təcili hazırlanır, tez getməlisən. Ancaq sanki bir bəxtsizlik oldu, işıqlar söndü, sənədlərimin hazırlanması üçün 4 saatdan artıq vaxt getdi. Sənədlər hazırlanandan sonra məni Mədət Quliyevin (Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mədəl Quliyev) qəbuluna apardılar. O məni hörmətlə qarşıladı, mənim haqqımda bütün məlumatları olduğunu özümə dedi. Məni buraxdıqlarına görə üzərimə heç bir öhdəlik götürməmişəm. Mənə öz hüquqlarımdan istifadə etməyə şərait yaradıblar. Buna görə əziyyəti, xidməti olan hər kəsə minnətdaram”.

Ulacalı haqqında

Arif Alışlının doğulub böyüdüyü kənd özəl keyfiyyətləri ilə seçilən kəndlərdəndir. 2005-ci ilin parlament seçkilərində burdakı dairədən “Azadlıq” blokunun namizədi olan Xaliq Bahadır deyir: “Ulacalı kəndində 2 seçki məntəqəsi var. Onların hər ikisi o zaman müxalifət partiyasının namizədi kimi mənə yüksək etimad göstərdilər. Qələbə protokollarımı hələ də evimdə saxlayıram. Mənə səs verdiklərinə görə yox, hər zaman haqqın-ədalətin tərafdarı olduqlarına görə bu kəndə özəl hörmətim var”.
Bu kənddə 1918-ci il “Müsavat” ordusunda döyüşən əsgərlər də olub. Onlardan sonuncusu 2002-ci ildə vəfat edib. Kənddə deyirlər ki, həmin şəxsin yas məclisində Müsavat başqanı Isa Qəmbər də iştirak edib.

Içəri ilə çölün fərqi

“Həbsdən evinə dönəndə hansı hissləri yaşadın” sualına Arif Alışlı birmənalı cavab verə bilmir. Yəqin ki, bu da hisslərinin dolaşıq olması ilə bağlıdır: “Nə bilim, evdə olmaq, əlbəttə, xoş hissdir. Ailənlə, doğmalarınla birgə olmaq. Ancaq açıq deyim, türmə ilə bayırda elə ciddi fərq görmədim”.

Əqidənin gücü

Arif Alışlı bu gün onu əhatə edən əqidədaşlarından xeyli məmnunluğunu da dilə gətirir: “Bu insanları burda görmək mənim üçün böyük qiymətdir. Dəstəkdir, güc mənbəyidir. Bu vəziyyəti görəndən sonra gedib cəzamın qalan hissəsini rahatlıqla çəkməyə hazıram”.
Arif bəy cəzasının üçdə birini çəkdiyindən qanunun ona verdiyi hüquqdan istifadə edib tezliklə azadlığa çıxmağı düşünür:
“Bu mənim birinci məhkumluğumdur. Cinayət Məcəlləsində göstərilən hüququmdan istifadə edəcəyəm, cəzamın üçdə bir hissəsini çəkəndən sonra azadlığa buraxılmağım üçün ərizə verəcəyəm. Bu barədə həm həbsxana rəisi ilə, həm də Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə də danışmışıq. O da bildirdi ki, mənim barəmdə həbsxanada mənfi rəy yoxdur, müsbət sorğular gedir”.

“Içəridə”

Həbsxanadakı durumu barədə danışarkan vicdan məhbusu dedi ki, onu rəhbərlik və məhbus dostları hörmətlə qarşılayır. Saxlanma vəziyyətindən xüsusi bir şikayəti yoxdur, lakin barakların ciddi təmirə ehtiyac olduğunu düşünür. A.Alışlı deyir ki, həbsxanada boş vaxtını idman eləmək və qəzetləri oxumaqla ötüşdürür. O, həbsxanadakı məhbusların arasında narkotikə görə cəzalandırılanların sayının çoxluğuna diqqət çəkir və bunu ölkədəki ağır sosial durumla əlaqələndirir.

Asan sualın çətin cavabı

“Çölə” çıxandan çoxlu insan mənimlə görüşməyə gəlib. Onların hələ heç biri mənə “bu həbs sənə lazım idi” sualını verməyib. Çünki bilirlər ki, bunun ağır cavabı var.
Bu mənim əqidəm və tutduğum haqq yoludur, sonacan varıq. Bütün dostlarıma deyirəm ki, azadlıq gözəl nemətdir, onun ölkəmizdə tam bərqərar olması üçün var gücümüzlə mübarizə aparmalıyıq. Hamıya uğur və qələbə arzulayıram”.

Natiq