Maşınlar xıncımlandı; şagirdlər evakuasiya olundu
Bu gün Bakıda yük maşını orta məktəb binası yaxınlığında qəzaya uğrayıb. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sovetski adlanan ərazidə, Süleyman Tağızadə küçəsində (keçmiş Ostrovski) “KamAZ” markalı yük maşını yoxuşdan enişə doğru hərəkət edərkən idarəetmədən çıxıb. Nəticədə yük maşını yolun kənarında dayanmış 5 avtomobili əzib və Bakı Avropa Liseyinin divarı yaxınlığında aşıb. Hadisə zamanı dərs getdiyindən məktəb şagirdləri təşvişə düşüb. Bundan əlavə yaxınlıqdakı qaz kəmərləri zədələnib. Bu səbəbdən də əraziyə qaz verilişi dayandırılıb.
26-cı polis Bölməsindən verilən məlumata görə, orta məktəbə qaz verilişinin dayandırılması ilə bağlı xəbərdarlıq edilib. Həmçinin 1-ci korpusda olan şagirdlər baş verə biləcək partlayışdan qorunmaq üçün otaqlardan çıxarılıb.