Tarixin şanlı bir səhifəsini yazmış Əfşarlar

Qədim oğuz tayfasından biri

Qəzetimiz Kütləvi Informasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə yeni bir layihəyə başlayır. Əvvəlki fəaliyyətin davamı olaraq, bu layihə çərçivəsində milli dövlətçiliyimizin tarixi, milli adət-ənənələrimizin və mədəniyyətimizin təbliğilə bağlı yazılar, müsahibələr, araşdırmalar təqdim ediləcək.
Əfşarlar azərbaycanlıların etnogenezinin formalaşmasında iştirak etmiş qədim türk tayfasıdır. Əfşar boyu Oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə, Divanı Lüğəti-Türkdəki iyirmi iki oğuz bölümündən altıncısıdır. Bu boy Boz oğuzları qolundan (sağ qolundan), Oğuz Xaqanın oğlu Ulduz Xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.
Əfşarlar Orta Asiyada, Sır-Dərya bölgəsində yaşamışlar. Böyük köç ilə Oğuz tayfasından ayrılaraq Huzistan, Xorasan, bir qismi isə Iraq, Suriya yolu ilə Qərbi Azərbaycan (indiki Ermənista ərazisi) və Anadoluya gəlmişdilər. Irana, Iraq Suriyasına, Əfqanıstana da yayılmışlar. Əfşarlar, Oğuzun o biri nəvələri Kınıklar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər.
Türklərin tarixi coğrafiyasında bir çox yerlər Afşar adını daşımaqdadır. Məşhur bir soyad olaraq günümüzə qədər gəlmişdir. Balkanlarda da Afşar boyuna mənsub insanlar yaşamaqdadır. Səfəvilər dövlətinin Qızılbaş tayfalarından biri də əfşarlar olmuşdur. Onlar 1736-1802-ci illərdə Azərbaycanda və Iranda hakimiyyətdə olmuşlar.
Ermənistanın Vedi rayonu ərazisində əfşar əsaslı iki etnotoponim özünü göstərir: Birinci yaşayış məntəqəsi rayon mərkəzindən 7 km cənub-şərqdə, Yerevan-Naxçıvan avtomobil yolunun üzərində yerləşən Avşar (Kəl Balavan) kəndidir. 1940-cı illərin axırında azərbaycanlıların Ermənistandan zorla köçürülməsi dövründə kəndin azərbaycanlı əhalisi respublikamıza gəlmişdir. Ikinci yaşayış məntəqəsi Ovşar adlanmış (Düzyurd Ovşar, Surenavan), Spandaryan rayon mərkəzindən 15 km cənubşərqdə yerləşmişdir. 1918-ci ildə kənd daşnaklar tərəfindən dağıdılmış, əhalisi qovulmuşdur. O dövrdən sonra bu kənddə azərbaycanlı yaşamamışdır.
Ermənistanda Əfşar Kələvan – kəndi də olmuşdur. Bu kənd 1728-ci ildə Irəvan əyalətinin Karni nahiyəsində yerləşmişdir. Avşar/ovşar etnotoponiminin müxtəlif areallarda paralelləri vardır. Bu toponimin Avşar variantı Azərbaycan respublikasının Ağcabədi rayonunda da mövcuddur. Tədqiqatçılardan Bayram Əhmədovun fikrinə görə, bu toponim həmin ərazidə yaşamış tayfanın məşğuliyyəti ilə bağlıdır. Müəllif qeyd edir ki, bu tayfa qoyunçuluqla məşğul olmuşdur. B.Əhmədov belə hesab edir ki, avşar/ovşar-qoyunsağma üsulu deməkdir .
Ovşar və Avşar toponimlərinin əsasında duran appelyativin ov sözü olması və toponimin ov həvəskarı mənasını bildirməsi fikrini irəli sürənlər də vardır. Tədqiqatçılar “Abşeron” toponiminin əfşar etnonimi əsasında yaranmasını qeyd edirlər. Cənubi Azərbaycan ərazisində də əfşar/ovşar tayfa adından düzəlmiş Əfşar, Əfşarcik etnotoponimləri qeydə alınır.
Əfşarlar Böyük Səlcuq dövlətinin bölünərək zəifləməsindən sonra, XII əsrin ilk yarısında bir müddət müstəqil, bir müddət də Iraq Səlcuqlarına bağlı şəkildə bəyliklər qurmuşdular.
Onların qurduğu xanədanlıq
Karamanoğulları Bəyliyi, Əfşar boyunun Qaramanlı qolundandır. Germiyanoğulları Bəyliyi, Əfşar boyunun Germiyanlı qolundandır. Aydınoğulları Bəyliyi, Germiyanoğulları Bəyliyindən sonradan ayrılan bir bəylik olduğundan Avşar ola biləcəyi düşünülür. Saruhanoğulları Bəyliyi, Əfşar boyunun Saruhanlı qolundandır. Iran, Azərbaycan və Osmanlı tarixində üzərində əhəmiyyətli rol oynamış Əfşarlar XII əsrdə Iç Anadoluya köç etmişdilər.
Səfəvilər dövründə Fars və Huzistandaki Əfşar oymaqlarından bir qisiminin Azərbaycana, xüsusilə Urmiyaya gəlib yerləşdikləri təxmin edilməkdədir. Əfşarlar Səfəvi dövlətini quran 7 Türk qəbiləsindən biridir. Xorasandaki Əfşarların Qırxlı oymağına bağlı Nadir Şahın Azərbaycan tarixində çox əhəmiyyətli iştirakı olmuşdur.
Köhnə Səfəvi sülaləsinin nümayəndələri artıq feodal əyanları və xalq arasında öz nüfuzlarını tamamilə itirmişdilər və ölkəni dağıntıdan xilas etmək iqtidarında deyildilər. Nadir öz nöqteyi-nəzərindən yeganə doğru yola əl atmaq – taxt-tacın həqiqi sahibi olmaq istəyir. Bundan ötrü o yenidən qədim Türk qaydasına görə, Muğan düzündə qurultay, bu dəfə böyük qurultay çağırır. Bu qurultaya hərbi, mülki və dini əyanları, şəhər və kənd başçılarını yığır. Buraya 100 minə yaxın adam toplanır. Bunlardan ötrü məscid və bazarlar da daxil olmaqla ağac və qamışdan 12 min müvəqqəti tikili salınır. Novruz bayramı günü, 1736-cı ilin 21 martında Nadirqulu xan qurultaya iştirakçılar arasından yeni şah seçmək təklifi verir. Sözlərini bununla əsaslandırır ki, III Şah Abbas hələ ki, uşaqdır.
Şah elan olunması məsələsi ortaya çıxanda, Nadir özünü zahirən elə göstərir ki, guya yorulub, doğrudan da şahlığı istəmir, qurultay az qala yalvarıb onun razılığını alır və tacqoyma mərasimi keçirilir. Nadir “Şah” seçilir.
Nadir Şahın hakimiyyəti
Nadir Şah öz mövqeyini müharibələrlə möhkəmləndirir və onun hərbi dühası həmişə onun köməyinə çatır. Yer üzündə onun qədər parlaq hərbi qələbələr qazanmış sərkərdələri barmaqla saymaq olar. Nadir Şah yürüşlərə çıxmaqla həm də ölkənin iqtisadiyyatını dirçəltmək, hakimiyyətdəki sülalə dəyişikliyindən narazı qalan qızılbaş əyanlarını varlandırmaqla onları öz tərəfinə çəkmək məqsədi güdürdü. 1737-ci ildə Nadir Şah üsyana qalxmış əfqanlara qarşı çıxış edir. Həm Heratı, həm də Qəndəharı tutur. Sonra o, döyüşdən qaçqın əfqanlara sığınacaq verən Hindistana hücum çəkir. Nadirin qoşunları müqavimət görmədən Karnala (Dehlinin şimal-qərbində) qədər gəlib çıxır və 1739-cu ilin 24 fevralında Böyük Moğol sülaləsindən Məhəmməd şahın ordusunu darmadağın edərək, martın 20-də Dehlini tutur. Böyük Moğol dövləti üzərinə pulla altı milyon rupilik, qiymətli daş-qaşla 500 milyon rupilik xərac qoyulur. Moğol dövləti ordusuz qaldığından, müqavimət göstərməyə gücü olmur və Nadir Şaha istədiklərini verir. Alınmış hərbi qənimət 700 milyon rupi dəyərində hesablanırdı. Bunun böyük bir hissəsi Kelata aparılır və Nadir qəniməti ölənəcən burada saxlayır. Ödəncin həmin qismində dünyanın ən iri brilyantı sayılan “kuhi-nur” (“nur dağı”) adlanan daş da vardı. Başqa məşhur qiymətli daşlar da az deyildi.
Hindistanı tutduqdan sonra Nadir Şah Sindi özünə tabe edir və Orta Asiyaya yürüş edir. Güclü müqavimətə baxmayaraq, Nadir Şah 1740-cı ildə Buxara və Xivə xanlıqlarını öz dövlətinin tərkibinə qata bilir.
Hindistanı tutduqdan sonra Nadir Sindi özünə tabe edir və Orta Asiyaya yürüş edir. Güclü müqavimətə baxmayaraq, Nadir Şah 1740-cı ildə Buxara və Xivə xanlıqlarını öz dövlətinin tərkibinə qata bilir.
Tutduğu ölkələrdə silahlı qarnizonlar saxlayan Nadir Şah 1741-ci ildə Dağıstan üzərinə yeriyir. Məsələ burasında idi ki, Nadir Hindistanda ikən dağlılar tabeçilikdən çıxmışdılar. Üstəlik, onların dəstələri tez-tez Dərbənd və Şamaxı, Kaxetiya və Car-Balakən vilayətləri üzərinə hücuma keçirdilər. 1738-ci ildə Manik kəndi yaxınlığındakı döyüşdə Nadir şahın qardaşı Ibrahim xanın qoşunları dağlıların birləşmiş orduları tərəfindən məğlubiyyətə uğradılmış, Ibrahim xan və Gəncə bəylərbəyi Uğurlu xan Qacar öldürülmüşdü.
Nadir Şah özü də Dağıstanda inadlı müqavimətlə qarşılaşır. Lakin hər halda 1743-cü ilin əvvəllərində bir neçə qələbə qazanır. Görünür, Nadir Dağıstanda üzləşdiyi çətinliklərdən sonra özünü sındırmamaq üçün üzərində öz adı həkk olunmuş pul da buraxdırır. Lakin hər halda o, Dağıstandan geri çəkilməli olur.
Dağıstanda zəifləmiş nüfuzunu bərpa etmək məqsədi ilə Nadir Şah vaxt itirmədən Osmanlı Imperatorluğu ilə müharibəyə girir. Burada döyüşlər ərəb Iraqını ələ keçirmək üçün aparılır. Lakin bu dəfə də döyüşlər gah bu, gah da o biri tərəfin üstünlüyü ilə keçir və qələbə qazanılmır. Bir səbəb də bu idi ki, Nadir öz əleyhinə qalxmış üsyanları yatırmaqdan ötrü qoşununun bir hissəsini Irana və onun ətrafındakı ölkələrə göndərmişdi. 1746-cı ildə Nadir Şah Osmanlı Imperiyası ilə bağladığı sülh müqaviləsinə görə, köhnə sərhədlər saxlanılırdı. Elə bu illərdə Nadir şah Bəhreyn, Oman və Maskat üzərinə yürüşlər də keçirir. Ölkənin paytaxtını talan edilmiş Isfahandan Məşhədə köçürür və bu şəhərin yaxınlığındakı dağın başında özünə Kelat adlı bir qala (Kelat qalası) qurdurur. Nadir Şahın xəzinəsini burada saxlayırdı. Qalanın tikilməsi ağlagəlməz çətinliklər yaradır. Azərbaycan türkləri buraya 10 tonlarla ağırlıqda mərmər təbəqələr gətirirdilər.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir