Rəsmi Bakı Türkiyəni tək buraxmamalıdır

«Əks halda Azərbaycan-Türkiyə münasibətləri ağır yara alacaq»

Elxan Şahinoğlu: «Avropa Birliyinin Parisin əmri ilə hərəkət edəcəyi gözlənilən deyil»

Fransa prezidenti Nikola Sarkozi ölkə Senatına göndərilən qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin Avropa Birliyi miqyasında qəbul edilməsini istəyir. Yəni Fransa Avropa Birliyinin “Çərçivə Qərarı”ndan istifadə olunaraq, Avropa Birliyi miqyasında “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinin tətbiq olunmasına çalışır. Əgər buna nail olsa, “erməni soyqırımı”nı inkar edənlər Avropa Birliyi ölkələrində 1 ildən 3 ilə qədər azadlıqdan məhrum ediləcəklər. Göründüyü kimi, Fransa prezidenti Türkiyənin etirazlarına məhəl qoymadan öz niyyətini həyata keçirmək arzusundadır. Bəs bunun reallaşmaq imkanı nə dərəcədədir? Şübhəsiz ki, Türkiyənin buna cavabları da sərtləşəcək. Eyni zamanda qardaş ölkənin Azərbaycanda bu məsələdə umacaqları da artacaq. Xatırladaq ki, məsələ gündəmə gələndən sonra Azərbaycan parlamenti Fransadakı həmkarlarına gecikmiş və dişsiz bir müraciət ünvanladı. Bu dəfə rəsmi Bakının addımları nədən ibarət olmalıdır?
Məsələ ilə bağlı fikirlərini bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlunun sözlərinə görə, Fransa prezidenti Nikola Sarkozinin “erməni soyqırımı”nı inkar edən qanunun digər Avropa Birliyi ölkələrində də qəbul edilməsinə dair fəaliyyətə başlamasından bir neçə nəticə çıxır. Avropa Birliyi ölkələrinə edilən bu çağırış Sarkozinin adı çəkilən qanun layihəsinin Fransa Senatında təsdiq edilməsində maraqlı olduğunu ortaya qoyur. Ancaq belə olan halda o, Fransa-Türkiyə münasibətlərinin gərginləşəcəyini anlayır və Ankaranın təzyiqi ilə üzləşəcəyini indidən götür-qoy edir.
Ekspert hesab edir ki, Fransa prezidenti Türkiyə ilə təkbətək qalmamaq üçün başqalarını ətrafında görmək istəyir. Sarkozi istəyinə nail olarsa, bu, Türkiyəyə ciddi problemlər yaradacaq.
Lakin ekspert Avropa Birliyi dövlətlərinin Fransanın ardınca Türkiyə ilə münasibətlərin gərginləşməsinə hazır olmadıqlarını qeyd etdi. Bu baxımdan o birilərin Parisin əmri ilə hərəkət edəcəyi də gözlənilən deyil.
E.Şahinoğlu bu ərəfədə “bəs Azərbaycan nə etməlidir” sualının aktuallığının artdığını da vurğuladı. Çünki Sarkozinin qətiyyəti göstərir ki, Senat həmin qanun layihəsini təsdiqləməyə hazırlaşır. Demək, rəsmi Bakı indidən necə qərar verəcəyi üzərində düşünməlidir. Azərbaycan iqtidarı Türkiyənin yanında olaraq, Fransanın həmsədrlikdən uzaqlaşdırılması prosedurunamı başlayacaq, yoxsa həmişə olduğu kimi “bunun mənə dəxli var” deyib, kənara çəkiləcək?..
Ekspertin sözlərinə görə, Fransanı sözdə ittiham edən rəsmilərin qanun layihəsinin təsdiqlənəcəyi halda nə edəcəkləri bəlli deyil. Halbuki qanun təsdiq olunarsa, Fransanın ermənipərəst mövqeyi rəsmiləşəcək və Parisin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindəki tərəfsizliyi gündəlikdən çıxarılacaq.
E.Şahinoğlunun fikrincə, Azərbaycan hakimiyyəti bir önəmli məqamı nəzərə almalıdır. Türkiyə Ermənistanla Sürix protokollarını ratifikasiya etsəydi, bəlkə də “erməni soyqırımı”nın inkarı qanun layihəsi Fransa parlamentinin gündəliyinə gəlməyəcəkdi. Buna görə də rəsmi Bakı məsuliyyətini anlamalı, Türkiyəni meydanda tək buraxmamalıdır. Əks halda Azərbaycan-Türkiyə münasibətləri ağır yara alacaq. Bundan sonra isə Ankara Azərbaycana boylanmadan siyasət yürütməyə üstünlük verəcək.

Fizzə