İranlı general Azərbaycanı ittiham etdi

Elçin Quliyev isə həmkarını görüşdən yayınmaqda qınadı

“Bir müddət əvvəl Azərbaycan tərəfi Iran sərhədini pozmuşdu. Belə ki, qonşu ölkənin sərhədçiləri qanunsuz olaraq Iran ərazisinə daxil olmuşdu. Iran tərəfinin xəbərdarlığı nəticəsində onlardan ikisi silahını yerə atıb, lakin üçüncüsü sərhədçilərimizə hücum məqsədilə yaxınlaşarkən ayağı əvəzinə, səhvən qarnından güllə ilə vurularaq öldürülüb. Azərbaycan isə qarşıdurmanın öz sərhədləri daxilində baş verdiyini, Iran sərhədçilərinin də cansız bədəni ölkə ərazisinə apardıqlarını iddia edir”.  
“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, bu fikirləri Iran Sərhəd Qoşunlarının komandanı, general Hüseyn Zülfüqari jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu hadisədən sonra Azərbaycan sərhədçiləri tərəfindən silahsız iranlı əsgərə 14 güllə vurulması qarşı tərəfin qərəzliyinin göstəricisidir: “Bu, Azərbaycan sərhədçilərinin qəsdən atəş açmasını göstərir. Əgər əməkdaşlıq etmək iddiasındadırlarsa, davranışları və söylədikləri arasında məntiqsizlik olmamalıdır”.
Hüseyn Zülfüqari deyib ki, bu səbəbdən Iran ölkə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün yeni layihənin icrasına başlayacaq: “Bunun üçün sərhədlərdə ölkə istehsalı olan videokameralar quraşdırılacaq. Artıq onlardan bəziləri sınaqdan keçirilib və istifadəsinə icazə verilib. Hətta layihə çərçivəsində sərhədlərimiz ölkənin və əyalətlərin mərkəzlərində quraşdırılmış monitorlar vasitəsilə canlı şəkildə də izlənilə biləcək”.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev APA-ya müsahibəsində Iranlı həmkarına cavab verib. “Bu kimi məsələlər həmişə prosedur qaydalar əsasında müzakirə olunur. Əvvəlcə yerlərdə sərhəd nümayəndələri görüşür, müzakirələr aparılır. Problem həll olunmazsa, daha yuxarı instansiyalar – hər iki ölkənin Sərhəd Qoşunlarının komandanları səviyyəsində məsələ müzakirə olunur. Bundan bir qədər öncə, iyul ayında Yardımlı rayonu istiqamətində Iran sərhədçiləri tərəfindən bizim zabit öldürülmüşdü. Mən bu məsələ ilə bağlı müzakirələr aparmaq üçün Iran Sərhəd Qoşunlarının komandanı, general Zülfüqarini sərhədə görüşə dəvət etdim. Üstündən bir neçə ay keçməsinə baxmayaraq o, hələ də görüşə gələ bilmir. Onun görüşə gələ bilməməsinin səbəbi bizim üçün də aydın deyil. Düşünürəm ki, bu görüş baş tutduqda, Sərhəd Qoşunlarının komandanları üz-üzə, göz gözə bu məsələləri müzakirə etdikdə, hər iki tərəf üçün maraqlı məsələlərə tam aydınlıq gətirilə bilər”.