Cənubi Koreyanın elektronika nəhəngləri olan “Samsung” və “LG” şirkətləri 2012-ci ildə iri formatlı 140 santimetr ölçülü OLED Super-televizorlarının istehsalına başlayacaq. Bu yeni texnologiya ilk dəfə ABŞ-ın Las-Veqas şəhərində keçirilən elektronika sərgisində təqdim edilib.
OLED ekranlar ənənəvi qatı-kristallik və plazma panellərdən təsvirin daha parlaq və canlı olması, görünüşün geniş bucaqlılığı ilə fərqlənir. “Samsung” şirkətinin 3D-videonu göstərmək qabiliyyətinə malik olan bu yeni məhsulu Smart TV kateqoriyasına aiddir ki, bu da internetlə işi və kənar cihazların taxılmasını dəstəkləyir. Televizorun ikinüvəli prosessoru, eləcə də “Smart interaction” texnologiyası səs və jestlər vasitəsilə televizoru idarə etmək imkanı verir. Bütün bu üstünlüklər yeni nəsil televizorunun enini 7,6 millimetr kiçildərək, 4 millimetr etməyə imkan verib.
Eyni televizorun LG modelinin eni də 4 millimetr, çəkisi 7,5 kiloqramdır.
Super-televizorlar 2012-ci ilin ikinci yarısında satışa çıxarılacaq. Onların qiymətinin 5000 dollardan baha olacağı ehtimal edilir.