Məhkəmədə komitə sədri yeyintidə ittiham olundu

Aslan Ismayılov: «Vaxt gələcək, bu işin başında duran Kərəm Həsənov, onun müavini türmədə oturacaqlar»

Zülfüqarlı qardaşlarının şərlənərək həbsə atılması və təsisçisi olduqları “Birlik” MMC-yə məxsus “Bakı Elektroştamp” və “Bakıpoladtökmə” zavodları əllərindən alınandan sonra azadlığa buraxılmaları barədə “Azadlıq”ın əvvəlki saylarında məlumat vermişik. Onu da bildirmişik ki, qardaşlar pozulmuş hüquqlarının bərpası istiqamətində mübarizəyə başlayıblar.
Xeyli vaxtdır ki, Xətai Rayon Məhkəməsində Zülfüqarlı qardaşlarının Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) və Lerik sakini Gəray Məmmədova qarşı iddiası üzrə məhkəmə prosesi gedir. Bu iş üzrə dünənki məhkəmə iclası da maraqlı məqamlarla yadda qaldı.
Zülfüqarlıların özləri və medianın araşdırmaları nəticəsində məlum olmuşdu ki, qardaşların zavodları adına rəsmiləşdirilən Gəray Məmmədov qaloş satmaqla məşğuldur, onun nəinki zavod, hətta balaca bir ev almağa da pulu yoxdur. Bu məsələnin üstü açılandan sonra qardaşlara xəbər çatdı ki, zavodu onların əllərindən alanlar indi onu Gəray Məmmədovun adından çıxarıb Mahir Ağayev adlı adamın adına rəsmiləşdirmək istəyirlər.
Qeyd edək ki, Mahir Ağayev də elə Gəray Həsənovun bibisi oğludur, onu bu işə Ağayev qoşubmuş. Mahir Ağayev eyni zamanda, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun müavini və “sağ əli” sayılan Şahbaz Rüstəmovun sürücüsü olub, hazırda isə komitədə başqa vəzifədə çalışır.

Dünənki məhkəmə iclasında bəlli oldu ki, xəbər doğruymuş, zavodlar Mahir Ağayevin adına keçirilib. Bu məsələ müəyyənləşəndən sonra Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılov vəsatət qaldırdı ki, Gəray Məmmədovun özünün də məhkəmədə iştirakı təmin olunsun:
– Gəray Məmmədovun “Bakıpoladtökmə”də baş verənlərdən xəbəri yoxdur. Bura gəlsin, soruşaq görək ki, səhmlərinin 80 faizi onun adına olan bir zavodun hansı bankdan nə qədər kredit götürməsindən xəbəri varmı? Olmayacaq. Çünki bu adam mətbuata açıqlamasında deyib ki, baş verənlərdən xəbərsizdir. Məhkəməyə gəlməyə isə qorxur. Onun həyatı təhlükədədir. Bu işlərin başında duranlar, o cümlədən Kərəm Həsənov, onun müavini vaxt gələcək, türmədə oturacaqlar.

Əmlak Məsələləri Dövlət Komitəsinin prosesdəki nümayəndəsi Kərəm Həsənovun adının hallandırılmasına etiraz etdi. Aslan Ismayılov isə onun etirazına belə cavab verdi:
– Niyə hallandırmayaq? Zülfüqarlılardan alınan pullar Kərəm Həsənovla birgə yeyilib. Həmin adamların hamısı əməllərinə görə cavab verəcəklər. Kərəm Həsənov həbs ediləndə də sizlərdən heç biri onun yanında olmayacaq. Rüstəm Şahbazov tutulanda da həmçinin, qaçacaqsınız.

Aslan Ismayılov həmçinin məhkəmədən xahiş etdi ki, “Bakıpoladtökmə” zavodunun balans dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlara sorğu göndərilsin. Əmlak Komitəsinin nümayəndəsi buna qarşı çıxdı. Lakin vəkil vəsatətini belə əsaslandırdı:
– Aydınlaşdıraq görək həmin bir zavoda 3 milyon 800 min manatdan artıq investisiya qoyan sahibkar sonradan zavodu neçəyə satıb? Saxta alqı-satqı sənədlərində bu rəqəm 3 milyon 600 min göstərilib. Necə ola bilər ki, sahibkar bir zavodu alıb ayağa qaldırandan sonra onu, aldığı qiymət bir tərəfə qalsın, yatırdığı investisiyadan da aşağı qiymətə satsın? Üstəlik, real qiymətindən 5 dəfə əskik qiymətə sata bilərmi?
Hakim vəsatəti təmin etmədi.
Bundan sonra Əmlak Komitəsinin nümayəndəsi Ülvi Nəsibli Zülfüqarlı qardaşlarından Rövşən Zülfüqarlının Aslan Ismayılovla müqavilə bağlamaq səlahiyyətinin olub-olmaması məsələsinə aydınlıq gətirilməsini məhkəmədən xahiş etdi.

Aslan Ismayılovun cavabı belə oldu:
– Əvvəla, məhkəmə 3 aydır ki, davam edir və bu məsələni üç ay əvvəl aydınlaşdırmaq lazım idi. Digər tərəfdən, istənilən şəxs vəkillə müqavilə bağlaya bilər. Sizin müdafiəçisi olduğunuz bandit-quldur dəstəsi Zülfüqarlıları ölkədən didərgin salıb. Gedin vəkillik haqqında qanunu oxuyun.
Ardınca Aslan Ismayılov bir daha Gəray Məmmədovun məhkəmədə dindirilməsini istədi. Bu vəsatətlə əlaqədar hakim prosesdə Gəray Məmmədovu təmsil edən vəkil Ceyhun Yusifova müraciət etdi. Yusifov isə bildirdi ki, Gəray Məmmədovla 1 aya yaxındır görüşmür, ona görə də qaldırılan məsələ haqda heç bir söz deyə bilməyəcək.
Məhkəmə prosesi yanvarın 16-da davam edəcək.

Aytən Məmmədova