Uels qrafı Sofi Bəhreyn kralından hədiyyə aldığına görə sərt tənqidlərlə üzləşib
Britaniya kral ailəsinin üzvü, Uels qrafı 46 yaşlı Sofi Bəhreyn kralı Həmməd Bin Isa Əl Xəlifə və baş nazir şeyx Xəlifə Bin Salman Əl Xəlifədən iki ədəd hədiyyə aldığına görə ictimaiyyətin sərt tənqidinə məruz qalıb. Onun həyat yoldaşı şahzadə Edvardın hədiyyə olaraq, qələm, ipək xalça və saat qəbul etdiyi bildirilir.
Britaniyanın sabiq xarici işlər naziri Denis Makşeyn kraliça Yelizavetanın kiçik oğlu Edvarda məsləhət görüb ki, hədiyyələri hərracda sataraq əldə olunmuş vəsaitləri Bəhreyn hökumətinə qarşı etirazlara görə repressiyaya məruz qalmış şəxslərə yardım kampaniyasına köçürsün.
Hədiyyələr barədə xəbər 2011-ci ildə alınmış hədiyyə və suvenirlərin deklarasiyası vasitəsilə ortaya çıxıb. Ötən il Bəhreyndə nümayişçilərə qarşı sərt müdaxilə ilə əlaqədar Britaniya cəmiyyətinin sərt qınağından qorxan kral ailəsi Bəhreyn kralını şahzadə Uilyamın toy mərasiminə dəvət etməyib. Britaniyalı hüquq müdafiəçiləri Bəhreyn hakimiyyətini ötən ilin fevral-mart aylarında keçirilən etiraz aksiyalarının iştirakçılarına qarşı zor və işgəncə tətbiqinə görə tənqid edirlər.


