Azərbaycan ölkəyə daxil olan internet trafikin sürətinə görə dünyada 111-ci yeri tutur.
Halbuki ötən il oktyabr ayının sonunda Azərbaycan 107-ci yerdə olub. «APA-Economics»in məlumatına görə, bu barədə «Speedtest» şəbəkəsini yaradan ABŞ-ın «Ookla» şirkətinin məlumatında bildirilir.
Şirkətin «NetIndex» reytinqinə əsasən, Azərbaycanda daxil olan internet trafikin orta sürəti 2,75 Mbit/saniyə təşkil edir və ölkə bu göstərici üzrə dünyanın 174 ölkəsi arasında 111-ci yeri tutur.
Bakı və Sumqayıt şəhərləri üzrə bu göstərici müvafiq olaraq 2,83 Mbit/s və 2,99 Mbit/s təşkil edir. Nəticələr 2011-ci il dekabrın 5-dən 2012-ci il yanvarın 3-dək aparılan eksperimental araşdırmalar əsasında əldə edilib. Sınaqların keçirilməsi üçün 187 578 unikal IP ünvan seçilib.
Reytinqdə Azərbaycanın 20 internet provayderi və rabitə operatorlarının statistik göstəriciləri yer alıb. Araşdırmanın aparıldığı müddətdə qeyd edilən provayder və operatorların şəbəkələrində daxil olan trafikin maksimal sürəti 4,59 Mbit/s («Eurosel» şəbəkələrində), minimal sürəti isə 1,49 Mbit/s («Datacell») olub.
Azərbaycan çıxan trafikin həcminə görə reytinqdə isə 120-ci yeri tutub. Burada istifadəçilər şəbəkəyə 0,98 Mbit/s sürəti ilə qoşulur.
Bakı və Sumqayıt üzrə bu göstərici müvafiq olaraq 0,98 Mbit/s və 1,26 Mbit/s təşkil edib. Çıxan trafik üzrə reytinqində həmçinin Azərbaycanın 20 internet provayderi və rabitə operatorlarının statistik nəticələri yer alıb. Araşdırmanın aparıldığı müddətdə onların şəbəkələrində çıxan trafikin maksimal sürəti 2,12 Mbit/s (Azərbaycan Təhsil Şəbəkəsində «AzEduNet»), minimal sürət isə 0,37 Mbit/s («Azerbaijan Data Network») qeydə alınıb.