Rusiya müxalifəti hakimiyyət əleyhinə növbəti etiraz aksiyası keçirib. Paytaxt Moskvada müxalifyönlü təşkilatların 300-dək nümayəndəsi anti-hökumət nümayişinə qatılıb. Paytaxt meriyası ilə öncədən razılaşdırılmış aksiyanın təşkilatçılarından olan “Sol Cəbhə” hərəkatının koordinatoru Serqey Udaltsov bildirib ki, aksiyada sol-cəbhəçilərlə yanaşı, anarxistlər, Kommunist partiyasının üzvləri və bir sıra digər siyasi qüvvələrin nümayəndələri iştirak edir.
Udaltsov aksiyanın “qanlı bazar günü” adlandırılan hadisənin ildönümünə həsr olunduğunu da deyib:“Aksiyanın bütün iştirakçıları bəyan edir ki, son vaxtlar özünü göstərən güclü vətəndaş etirazı yeni “qanlı bazar günü”nə gətirib çıxarmamalıdır”
Xatırladaq ki, söhbət 1905-ci il yanvarın 9-da Sankt-Peterburqda çar ikinci Nikolaya öz tələblərinə dair Kollektiv Petisiyanı təqdim etmək istəyən işçilərin dinc yürüşünün dağıdılmasından gedir. Həmin vaxt 130 nəfər öldürülmüş, 299 nəfər yaralanmışdı.
Əlavə edək ki, son günlər Rusiyada ötən ilin dekabrın 4-də keçirilmiş parlament seçkilərinin nəticələrinə güclü etiraz dalğası başlanıb. Ölkənin müxtəlif yerlərində seçkilərin nəticələrinin ləğv edilməsi, yeni seçkilərin keçirilməsi və baş nazir Vladimir Putinin istefaya getməsi tələbiylə mitinqlər keçirilib. Dekabrın 10-da və 24-də paytaxt Moksvada yüz mindən çox insanın qatıldığı iki böyük mitinq keçirilib. Həmin aksiyalarda hökuməti istefası, ölkədə köklü siyasi islahatların keçirilməsi tələbi qaldırılıb.
İnformasiya şöbəsi