Arif Hacılı müsavatçılara mesaj göndərdi

Gülağa Aslanlı isə həbsdəki şəxsin partiya başqanı seçilməsinə problem olmadığını deyib

“Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri, 2 aprel məhbusu Arif Hacılı başqanlığa namizəd olmaqda israrlıdır”. Yanvarın 9-da 16 saylı Cəzaçəkmə Müəssisəsində məhbus müsavatçı ilə görüşən vəkil Əsabəli Mustafayev “Media forum” saytına belə deyib.
Vəkil qeyd edib ki, Arif Hacılı ilə görüşdə Müsavat Partiyasının martın 3-4-də keçiriləcək qurultayını da müzakirə ediblər: “Arif Hacılı dedi ki, qurultay gününün müəyyənləşdirilməsini alqışlayır və başqanlığa mütləq namizəd olacaq. Eyni zamanda başqanlığa iddialı olan bütün şəxsləri namizədliklərini irəli sürməyə çağırır. Dedi ki, iddialılar istənilən halda namizədliklərini verməlidirlər və seçki alternativ əsasla, rəqabət şəraitində olmalıdır. Arif Hacılı başqan seçkisində qələbə qazanacağına əmindir”.
Əsabəli Mustafayev bildirib ki, yanvarın 9-da 17 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 2 aprel məhbusu Elnur Məcidli ilə də görüşüb: “Arif Hacılı və Elnur Məcidli cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra ilk dəfə idi görüşürdüm. Ali Məhkəməyə verəcəyimiz kassasiya şikayətini müzakirə etdik. Arif Hacılı saxlanma şəraitindən razıdır, səhhəti də normallaşıb. 16 saylı Cəzaçəkmə Müəssisəsində zəngin kitabxana var, Arif Hacılı orada məşğul olur. Gündəlik qəzetləri də alır. Elnur Məcidlinin də saxlanma şəraiti yaxşıdır”.

“Müsavat Partiyası Məclisinin sonuncu toplantısından sonra partiya başqanlığına namizədlərin irəli sürülməsi prosesinə start verilib. Partiyanın istənilən üzvü başqanlığa namizədlik arzusunu bildirə bilər. Lakin hələlik rəsmi qaydada başqanlığa namizədliyini irəli sürən olmayıb”. Bu açıqlamanı isə APA-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı verib.
O, partiya başqanın digər müavini Arif Hacılının namizədliyinin məhkəmədə müsavatçılar Osman Kazım və Tural Abbaslı tərəfindən irəli sürüldüyünü xatırladıb: “Amma bu namizədliyin rəsmiləşməsi üçün Arif Hacılının özünün müraciət ərizəsi olmalıdır. Məncə, bu da olacaq”.
G. Aslanlı həbsdə olan şəxsin Müsavat Partiyasının başqanı olmasında problem olmadığını söyləyib. Onun sözlərinə görə, partiyanın Nizamnaməsində bununla bağlı məhdudiyyət yoxdur: “Biz bilirik ki, Arif Hacılı heç bir cinayət törətməyib. Onun heç bir cinayət əməli olmadığı üçün başqanlığa namizədliyinin irəli sürülməsində heç bir maneəçilik yoxdur”.
G. Aslanlı qurultay keçirilməsi məqsədilə yer ayrılması üçün yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanacağını bildirib.
Xatırladaq ki, Müsavat Partiyası Məclisinin yanvarın 7-də keçirilmiş sonuncu toplantısında partiyanın VIII qurultayının bu il martın 3-4-də keçirilməsi qərara alınıb.