Vaşinqton Tehranın nüvə fəaliyyətini dayandırmaqda israrlıdır
İranla ABŞ arasında gərginlik yenidən artıb. Dünyanın tələblərinə məhəl qoymayan Tehran rejimi nüvə silahı əldə etmək niyyətindən daşınmaq fikrində deyil. Başda ABŞ olmaqla bəzi Qərb ölkələri İrana qarşı hərbi müdaxilə variantının gündəmdə olduğunu dəfələrlə xatırladırlar. Tehran isə bu hədələrə daha sərt reaksiya verərək dünyanı yeni müharibə ilə təhdid edir. Dünyanın neft bazarı üçün mühüm əhəmiyyət kəsb edən Hörmüz boğazını bağlamaqla hədələyir.
ABŞ-ın müdafiə naziri Leon Panetta “CBS” kanalına müsahibəsində İran nüvə silahı istehsal etmək üçün planlar cızdığını söyləyib:“İran nüvə silahı istehsal etmək üçün planlar cızır və hazırda bunun infrastrukturunu hazırlayır. Ancaq nüvə silahının istehsalına hələlik başlamayıb”. Onun sözlərinə görə, ABŞ İranın mübahisəli nüvə proqramının diplomatik yolla həll olunmasını istəyir və bunun üçün də səylərini davam etdirəcək.
Pentaqon şefi İranın nüvə silahı əldə etmək niyyətini davam etdirəcəyi təqdirdə ABŞ-ın çox ciddi təpkisi ilə üzləşəcəyini bildirib. Panetta deyib ki, ABŞ İranın bütün nüvə sistemini məhv edə biləcək gücə sahibdir. Diplomatik səylər nəticə verməyəcəyi təqdirdə Tehrana yönəlik hərbi müdaxilə planı nəzərdən keçirilə bilər. Müdafiə naziri İsrailin təkbaşına İrana hücum etməsinə də qarşı olduğunu bildirib. Panetta əlavə edib ki, ABŞ hələlik sanksiyalar tətbiq etməklə İranın mübahisəli nüvə proqramını dayandırmağa çalışır.
ABŞ ordusunun Baş Qərargahlar Birləşmiş Komitəsinin rəisi general Martin Dempsi isə bildirib ki, İran Hörmüz boğazını bağlasa, Vaşinqton dərhal hərəkətə keçəcək. Onun sözlərinə görə İranın Hörmüz boğazını uzun müddət bağlı saxlamağa gücü çatmaz:“İran belə bir addım atarsa, ABŞ dərhal Hörmüz boğazını açmaq üçün tədbirlərə əl atacaq. ABŞ baş verən hadisələrə müşahidəçi qalmayaraq bölgəyə müdaxilə edəcək. Hörmüz boğazının bağlanması İranın nüvə silah əldə etməsi ilə eyni şeydir, hər iki vəziyyət ABŞ-a müharibə elan olunmasına gətirib çıxaracaq”.
İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandanlarından biri Əli Əşrəf Novruzi də öz növbəsində bildirib ki, Hörmüz boğazının bağlanması Tehran rejiminin əsas strateji hədəflərindən biridir və zamanı gəldiyində boğaz bağlanacaq. İranın müdafiə naziri Əhməd Vahidi isə deyib ki, ölkəsi rəsmi olaraq Hörmüz boğazını bağlayacağıyla bağlı bəyanatları verməyib. Nazirin sözlərinə görə, əgər kimlərsə Fars körfəzinin təhlükəsizliyini təhdid altına atmaq istəsə, yaranacaq təhlükə hər kəsi içərisinə alacaq. Vahidi əlava edib ki, Hörmüz boğazında təhlükəsizliyin təmin olunması İranın əsas vəzifəsidir.
Bu arada İranın Qum şəhəri yaxınlığında yerləşən və dağın içərisində tikilmiş “Fordo” nüvə stansiyasının yaxın günlərdə fəaliyyətə başlayacağı haqda məlumat yayılıb. İran Atom Enerjisi Təşkilatının rəhbəri Feridun Abbasi-Davaninin sözlərinə görə, stansiya 3.5, 4 və 20 faizlik uran zənginləşdirmək gücünə malikdir. Davani bildirib ki, İran nüvə texnologiyası məhsullarını beynəlxalq bazara çıxarmaq niyyətindədir:“Ölkəmiz tibdə istifadə olunan ağır su (deyterium oksidi) istehsal edə bilər. Bundan əlavə, İran nüvə stansiyası inşa edəcək və nüvə texnologiyaları ixrac edə biləcək gücdədir”.
Kanadanın baş naziri Stiven Harper İranın nüvə proqramına toxunaraq Qərb ölkələrini Tehrana qarşı addımları sərtləşdirməyi təklif edib. Onun fikrincı, Qərbin apardığı müzakirələr nəticə verməsə, İran dünyada sülhə və təhlükəsizliyə qarşı böyük təhdidə çevriləcək. Harper Fars körfəzində cərəyan edən hadisələrə toxunaraq bildirib ki, İranın dünyada sülhü pozacağına heç bir şübhə yoxdur. Baş nazir Tehrana yönəlik sanksiyaların bu ölkənin iqtisadiyyatına ciddi zərər vurduğunu da deyib.