Vaşinqton dünyanı Tehrana qarşı birləşməyə səslədi

Qərb ən müasir «üzən radar»ı Iranın üstünə göndərir

ABŞ iranlı balıqçıları piratların əlindən xilas etdi

Iranın bir neçə gün əvvəl Fars körfəzinə geri qayıtmamaqla bağlı xəbərdarlıq ünvanladığı ABŞ gəmisi Oman dənizində Somali piratlarının həftələrdir girov saxladığı 13 iranlını xilas edib. ABŞ Müdafiə Nazirliyindən verilən məlumata görə, girovların xilas olunması əməliyyatını “Con Stennis” gəmisini müşayiət edən gəmilərdən biri həyata keçirib. Bu, Iran bayrağı ilə üzən “Al Molay” balıqçı gəmisinin kapitanından böhran çağırışından sonra baş verib.
ABŞ-ın hərbi-dəniz qüvvələrinin kriminal araşdırma xidmətinin nümayəndəsi Coş Şminki bildirib ki, məhdud ərzaq ehtiyatı ilə noyabrın sonlarından bəri 40-45 gün girov saxlanılan balıqçılar digər pirat əməliyyatlarında da iştiraka məcbur edilib. Coş Şminkinin sözlərinə görə, “Al Molay” gəmisinin kapitanı 28 yaşlı Məhəmməd Yunis köməyə görə amerikalılara minnətdarlıq edib.
Iranın hərbi-dəniz qüvvələrinin bu əməliyyatdan xəbərdar olub-olmadığı hələlik məlum deyil, ancaq azad edilən iranlı girovlar artıq öz evlərinə yola salınıb. Iran Xarici Işlər Nazirliyi məlumatı təsdiqləyərək, bu əməliyyatı humanist addım kimi dəyərləndirib.
ABŞ-ın “Stennis” gəmisinin heyəti isə iranlı balıqçıları yanacaq və lazımi ehtiyatlarla təmin edib. Pentaqonun mətbuat katibi Con Kirbinin sözlərinə görə, hamısı Somalidən olan 15 pirat xilas əməliyyatının keçirildiyi “Stennis” gəmisinin göyərtəsində sorğu-sual edilib.

Tehran rejimi özünə müttəfiq axtarır

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland isə bildirib ki, həmin piratların məsuliyyətə cəlb olunmasının yolları nəzərdən keçirilir. Sözçü həmçinin bütün dünya ölkələrini Iranla bağlı mövqelərini açıq şəkildə ortaya qoymağa çağırıb. Nulandın sözlərinə görə, dünya dövlətləri Iranın təcrid vəziyyətdə saxlanılması üçün beynəlxalq qaydalara hörmət etməlidir. Iran prezidenti Mahmud Əhmədinejadın Latın Amerikası ölkələrinə səfərinə də toxunan sözçü bildirib ki, beynəlxalq ictimaiyyətin təzyiqlərilə üzləşən rəsmi Tehran özünə yeni müttəfiqlər axtarır və əlaqələrini genişləndirməyə çalışır.
Bundan başqa, BMT-nin baş katibi Pan Gi Mun ABŞ və Iranı dialoq yolu ilə Hörmüz boğazında gərginliyi azaltmağa çağırıb. Bununla yanaşı, baş katib Irandan BMT Təhlükəsizlik Şurasının qətnamələrini tam şəkildə yerinə yetirməyi tələb edib: “Iran hökuməti nüvə proqramının dinc xarakter daşıdığını sübut etməlidir, çünki dünya ictimaiyyəti buna əmin deyil”.

Ingiltərə gəmisi Hörmüz boğazına istiqamət alır

Bu arada, Iranın gündə 17 milyon barel neftin nəql olunduğu Hörmüz boğazını qapadacağı təhdidindən sonra Böyük Britaniya donanması da hərəkətə keçib. Böyük Britaniya donanmasının ən müasir avadanlıqla təchiz olunmuş “HMS Daring Destroyer” adlı gəmisi gələn həftənin çərşənbə günü Hörmüz boğazına yola düşəcək. Faktı Müdafiə Nazirliyi də təsdiq edib. Dəyəri 2,5 milyard dollar olan bu gəmi dünyanın ən müasir və təkmil “üzən radar”ı sayılır. Radara yaxalanmayan gəmiyə Böyük Britaniyanın ABŞ və Fransa kimi müttəfiqləri də böyük önəm verir. Gəmidəki radar eyni vaxtda onlarla raket və təyyarəni aşkara çıxarır, təqib edir. Bu, Iranın ehtimal olunan raket hücumu zamanı Qərbin ən çox güvəndiyi vasitələrdən biridir.

Iran geri çəkilmək  fikrində deyil

Rəsmi Tehran isə Iranın uranı zənginləşdirməyə davam edəcəyini növbəti dəfə bəyan edib. Xarici Işlər Nazirliyinin rəsmisi Ramin Mehmanpərəst bildirib ki, Iranın nüvə proqramı dinc məqsədlərə xidmət edir. Bu baxımdan rəsmi Tehran proqramı dayandırmaq niyyətində deyil.
Avropa Birliyi isə Iranda edamların artmasından narahatlığını bəyan edib. Qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton Iranda 2012-ci ilin ilk günlərindən edamların artmasından ciddi narahat olduqlarını bildirib. O, Iranda məhbusların hüquqlarının kobud şəkildə pozulduğunu vurğulayaraq, həbsxanada hələ də edam olunacaqları günü gözləyən insanların mövcudluğundan təəssüfünü ifadə edib.
Bütün bunlarla yanaşı, Iranda əhalinin 85 faizinin internetdən istifadə edə bilmədiyi də məlum olub. Bu barədə Iran Statistika Mərkəzinin açıqladığı məlumatdan aydın olur ki, 75 milyonluq əhalinin cəmi 14,7 faizi, yəni 11 milyon nəfəri internetdən istifadə etmək imkanına malikdir.
Internet istifadəçilərinin də 85 faizi internetə telefon və ya “dial-up” vasitəsilə qoşulur.

Informasiya şöbəsi