Rüfət! Bunu sənin timsalında bu gün dəmir barmaqlıqlar ardına atılan bütün gənc dostlarımıza, dava arxadaşlarımıza yazıram.
Yanınızda boynum qıldan nazikdir: yazmaqdan başqa əlimdən bir şey gəlmədiyi üçün…
Siz bu ölkənin gözbəbəyisiniz, Rüfət, aydınlıq ümidisiniz. Bir ölkənin gəncliyi ayaqdaykən… Bir ölkənin gəncliyi irtica önündə, istila önündə, istibdad önündə təslimiyyət bayrağı qaldırmayanadək… Bir ölkənin gəncliyi Şərin önündə dimdik, cəsurca, fədakarcasına durmağa davam etdikcə bitməz o ölkənin aydınlıq ümidləri. Azadlıq ümidləri bitməz. Demokratiya ümidləri bitməz.
Rüfət! Elə ona görəydi ki, böyük öndərimiz Rəsulzadə ilk və son xitabını Azərbaycan gəncliyinə etdi: “Ey gənclik! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki, BIR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BIR DAHA ENMƏZ. Əlbəttə, sən onun bu ümidini qırmayacaq, bu gün parlamentin binası üzərindən Azərbaycan Türklərinin yanıq ürəklərinə enmiş o bayrağı təkrar o bina üzərinə sancacaq və bu yolda ya Qazi, ya da Şəhid olacaqsan”.
Əslində bu gün o bayraq parlamentin binası üzərindədir. Sadəcə, parlament binası var, amma binanın içində parlament yoxdur, seçilməmiş, təyin edilmiş, hakimiyyətin təpəsindəki adamın ağzına baxan, onun iki dodağının arasından çıxan bir sözə tabe olan, ondan iznsiz “çiş”ə belə gedə bilməyən bir yığın merkantil xislətli, kölə təbiətli adam var.
Bina var, amma içində parlament yoxdursa, deməli, böyük öndərin o xitabı hələ də qüvvəsində qalır, deməli, onun və silahdaşlarının bizə əmanət etdiyi bayraq hələ öz ucalığında deyil. Hələ də bizim yanıq ürəklərimizdədir. Bir bayraq ən uca bayraq dirəyinin ucuna taxılmaqla ucalmaz, Rüfət! Insanların səfalətlə, cəhalətlə, zülmlə, zopa ilə, haqsızlıqla alçaldıldığı bir ölkədə bayrağı 165 metrə yox, 165 min metrə qaldırsan nə mənası?
Bir ölkədə bayrağın ucalması üçün əvvəlcə insanların uca tutulması gərək. Insanların yüksəlməsi gərək.
Insanlar alçalarkən, bayraqlar necə ucalacaq, Rüfət?
Bu ölkənin Sən və sənin kimi aydın, vicdanlı, ləyaqətli gəncləri ona görə Rəsulzadənin yolu ilə yürüməyə davam edirsiniz ki, Azərbaycan hüququn üstün olduğu, milli iradənin qalib gəldiyi, ədalətin, azadlıqların təntənəyə qovuşduğu, çağdaşlığın, modernizmin zəfər çaldığı bir ölkəyə çevrilsin. Cümhuriyyət dəyərləri bir ailənin tayfa maraqlarına məğlub olmasın. Respublikaçılıq monarxiyaya yenik düşməsin. Bax onda bu məmləkətin insanı xoşbəxtliyi, mutluluğu padşahın ayaqlarına düşməkdə, onun əlini öpməkdə, ətəyini yalamaqda, dizlərini qucaqlamaqda axtarmayacaq. Həyatını qurmağın yeganə yolunu özünü aşağılamaqda görməyəcək. Yüksəlmək üçün alçalmayacaq.
Bax onda böyük öndərin istədiyi olacaq, Rüfət! Hər yüksələn, başı dik duran insanımızla bu bayraq ucalacaq, ucalmağa davam edəcək.
Bunlar Sənin və sənin kimi ürəkli, namuslu vətən övladlarının sayəsində olacaq, Rüfət! Siz yaracaqsınız zülmətin bağrını. Və siz çıxaracaqsınız qaranlıqları aydınlığa!
Gözlərinizdən öpürəm.
Bu millət sizə nə qədər minnətdar olsa azdır.
Növbəti rəzalət
Ilham Əliyevə yarınmaq üçün fürsət güdən, özü haqqın yanındaymış kimi görükən, amma ağlı, ürəyi yalnız rejimin yanında olan biriləri çıxıb kralın guya insan hüquq və azadlıqlarının qorunmasının səmərəliliyini artırmaq məqsədilə təsdiqlədiyi Milli Fəaliyyət Proqramını göyün yeddinci qatına qaldırmaqdadırlar.
Belələlrini ikrahla seyr etməmək əldə deyil.
Bilə-bilə ki, belə “fəaliyyət proqramları” bir qayda olaraq avtoritar, demokratiya ilə ən xırda bağının qalmadığı ölkələrdə qəbul edilir…
Və bilə-bilə ki, belə “fəaliyyət proqramları” avtoritar rejimlərin xarici tənqidləri yumşaltaq, xalqın və dünyanın gözündən pərdə asmaq məqsədi güdür, bunu bir yarınma vasitəsinə çevirmək, bundan konfet düzəltməyə çalışmaq rəzillikdən başqa bir şey deyil.
Ən əsası, Konstitusiya ilə tanınan hüquq və azadlıqlar çeynənir, amma biriləri kralın bir sərəncamı ilə işlərin düzələcəyinə ümid bəsləyirsə, əslində bu, Azərbaycanın necə iyrənc yerlərə gətirilib çıxarıldığının təsdiqidir.
Amma Azərbaycandan əvvəl, o adamların özünün nə qədər çirkin nöqtədə qərar tutmağa başladığının isbatıdır.

Rüfət! – 2
•
•