İran Azərbaycanı bölə bilərmi?

Milli təhlükəsizlik naminə təhlükə polemikası…

Seymur  Həzi,
AXCP Rəyasət Heyətinin üzvü

Bu polemika başlamalıydı. “Azadlıq”ın baş yazarı Qənimət Zahid hansısa səbəbdən ilk addımı atmaq üçün özünü daha kompitentiv hiss etdi və başladı. Qənimət Zahid Iran-Azərbaycan münasibətlərinə din kontekstində baxıb və onun uzaq məsafələrini gözdən keçirib. Onun Iranın Ermənistan və Rusiya ilə münasibətlərini təhlil etməsi Islam Republikasının bir dövlət kimi, Azərbaycana əks cəbhədə yer tutmasını ortaya çıxarıb. Iranla Azərbaycanı birləşdirən iki mühüm faktordan daha qlobalı olan din faktoru isə Iranda artıq sosial zəlzələlərin əsas partlayış maddəsinə çevrilib. Dini rejim mahiyyətcə çürümə və çevrilmə yaşadığı üçün yeni siyasi-kimyəvi birləşmələr partlayışlara səbəb olmaqdadır.
Bu, Qənimət bəyin yazısında başlıca xətlərdən biri idi. Fəqət, onun təqdim etdiyi bir sual-tezis bizim diqqətimizi daha qabarıq çəkdi: “Məgər Azərbaycan dindarlarının təqlid edəcəyi müctəhidlərinin hökmən iranlı olması şərtdirmi?” Hətta bu sualın özü belə, yayğındır və bu qədər kateqorik şəkildə qoyula bilməz. Məsələ burasındadır ki, bütövlükdə Islam dünyası, eləcə də, xüsusi olaraq, şiə məzhəbi ciddi daxili reformalara getməlidir. O cümlədən, bu mərcə təqlid institutunun da ciddi islahata ehtiyacı var”.
Göründüyü kimi, bizim baş yazar dinin Azərbaycan cəmiyyətindəki yerini deyil, onun daxili vəziyyətini gözdən keçirib. Hərçənd, Islam amilinin Azərbaycanda özünə hansı yeri tutması bir qədər də onun yaşadığı daxili yırğalanmalardan və sabitlik indiqatorundan asılıdır. Amma biz toplumumuzu bir orqanizm kimi təsəvvür etsək, onu yenidən qurarkən diqqət yetirməli olduğumuz məqam daha çox, başı qulaqdan yox, qulağı başdan asmaq olmalıdır. Əks halda, pozulmuş tarazlıq bədənin və fəaliyyətin idarə olunmasında ciddi fəsadlar yarada bilər.
Azərbaycan bir gənc dövlət kimi özünün fundamental dəyərlərini müəyyənləşdirərkən din amilini kənara qoya bilməz. Amma bu faktor təhlil edilərkən də təkcə Iran və şiəlik məsələsini qabartmaq bir qədər sxematik və dar arealda yanaşma sayıla bilər.

Indi müzakirə edək, amma indi üçün yox…

Bu məsələlər müzakirə olunarkən ortaya çıxan həll variantları və ya zəruri addımların atılması zaman etibarilə nə vaxta hesablanmalıdır? Fikrimcə, biz bu diskussiyaların verəcəyi faydaları demokratik transformasiya dövrü üçün gözdən keçirməliyik. Çünki üzərində dayandığımız və qarşısını ala bilmədiyimiz bir çox problemlərin siyasi kökləri var və bu köklər qapalı avtoritar rejimin qida mənbəyi kimi yaşamaqdadır. Ona görə də bu rejim davam etdikcə ən yaxşı plan-təklif növbəti anormal mutasiyaya səbəb ola bilər.

Din vicdandırmı, başdırmı?

Bütün ilahi və instrumental dinlərin mahiyyətcə yaxınlığı var: insanların vicdanına ünvanlı mesajlar vermək, hərəkətin və fəaliyyətin niyyətini təyin etmək, bununla da şüurun fəaliyyətini pozitivə çəkmək. Bu mənada dinin baş funksiyasını yerinə yetirdiyi toplumlarda sosial fəlakətlərin və destabilizasiyanın əsas səbəbi kimi, vicdanın baş funksiyasını yerinə yetirməməsini qeyd edə bilərik. Islam dövlətləri modellərinin bütün nümunələrdə uğursuzluqla nəticələnidiyini də nəzərə alsaq, hər şey aydın olur.

Etiqad hüquqdur, vəzifə deyil

Sekulyar cəmiyyətdə başlıca üstünlük odur ki, dini etiqad hüquqdur, amma vəzifə deyil. Bu hüququn daşıyıcıları onun yaratdığı daxili vəzifələri öz vicdan rahatlıqları üçün etiqad azadlıqları çərçivəsində həyata keçirərkən, kimsəyə ziyan vurmadan və kimsədən ziyan görmədən sərbəst və təhlükəsiz olmalıdırlar. Amma bütün bunları yazarkən insanların zorla saqqallarının qırxıldığını xatırladıqca biz yenə əvvəlki fikrimizə qayıdırıq ki, çözüm yollarını indi tapırıq, çözüm isə müalicə şəraitini təmin edəndə başlayır.

Iran tək təhlükədirmi?

Düşünürəm ki, bu mövzuda Iran uzun müddətir ki, tək təhlükə deyil. Bir çox parametrlər üzrə əsas təhlükə də deyil. Şiəlik Azərbaycanda bir çox ənənələrin elə bir sintezini yaşayıb ki, separatizm imkanları demək olar ki, sıfra yaxınlaşıb. Yalnız Iranın nəzarətində olan dar qruplar təhlükəyə çevrilə bilərlər, amma onların da mahiyyətcə uzağa getmək imkanları yoxdur. Qumda təhsil alan bir çox tələbələrin hətta Iran rejiminə müxalif olması bu ölkədəki Islamın bətnindən ciddi rejim müxaliflərinin çıxdığını deməyə əsas verir. Ən pozitiv tərəfi də odur ki, bu müxalif gənclər şəriət dövlətinin deyil, dünyəvi dövlətin tərəfdarlarıdırlar.
Azərbaycanda dinin milli təhlükəsizliyi təhdid edən nöqtələrindən biri Ərəbistandan ixrac olunan müxtəlif adda, bir-birilə kəskin fərqlənməyən təriqətlərdir. Bu təriqətlərin ən ciddi təhlükəsi odur ki, tərəfdarları nəinki dövlət və toplum qaydalarına, hətta ailə-məişət ənənələrinə qarşı çıxırlar və özlərini toplumdan asanlıqla təcrid edirlər. Bu isə daha radikal qrupların kənarda təşkilatlanmasına əsas yaradır. Düşünürük ki, bu cür təriqət-qrupların özünə meydan tapa bilməsinin səbəbləri bizim üçün daha ciddi sualdır. Hər halda, çıxış yolu kimi, bu qrupların daha sıx olduğu yerlərdə xüsusi xidmət orqanlarının sahəvi məntəqələrini yaratmaq ən son addımlardan sayılmalıdır. Biz yaranı böyüməyə qoymamalıyıq. Cərrahiyyə son addımdır və qan qaçılmazdır.

Dövlət nəyə təminat verməlidir?

Dövlətin başlıca funksiyası özünün xarakterini hər bir vətəndaşa və ya sosial qrupa eyni cür göstərmək olmalıdır. Dövlət idarə olunduğu və idarə etdiyi hüquq fəlsəfəsini elə seçməlidir ki, qanunlar qarşısında bərabərlik və qarşılıqlı öhdəliklərin icra olunması, rifah və sosial ədalətin özünüifadəsi hər kəs üçün ədalətli olsun. Bir sözlə, vətəndaş dövlətin cari quruluşunu özünün gələcəyi üçün qorumağa hazır olsun və onun alternativini tapmasın. Yəni, tələbata uyğun olaraq, dövlət özünügəlişdirmə prosesini elə seçməlidir ki, proporsional şəkildə, hər bir vətəndaş da sağlam inkişaf və böyümə yaşaya bilsin. Bu halda, dini etiqadın siyasi və sosial məqsədi qalmır. Yəni, dövlət öz işlərini görməyi bacardıqca, onun varlığını təhdid edən qruplar sıradan çıxır. Şiələr, sünnilər, sələfilər, katoliklər, provaslavlar, musəvilər – hər kəs eyni qanunlar çərçivəsində öz etiqadını yaşamaq imkanını əldə edir. Dövlət isə vətəndaşlarının vicdanına müdaxilə etmir. Onun hüquqi öhdəliklərinə görə davranış forması seçir.
Bizim anlayışımızdaki dünyəvi dövlət dinsiz dövlət deyil. Bir təriqəti əsas götürüb, başqalarını təqib edən dövlət də dini dövlət deyil. Bizim təqdim etdiyimiz sekulyar dövlət hər kəsin öz dini və dünyəvi baxışlarını daha azad və sərbəst ifadə edib, yaşayacağı dövlətdir. Biz dinlərə və təriqətlərə öz daxillərində islahatlar təklif etmirik. Hesab edirik ki, daha azad və demokratik, yüksək rifahlı bir toplumu yaratsaq, bu islahatı insanların həyat tərzi həyata keçirəcək.