… bu gün yenə də guya çox iri materiyalardan söhbət açacaqdım… “azadlıq.info”nu açdım. Gözümə ilk dəyən Vüqar Padarın şəkli olan xəbər başlığı oldu. Dalağım sancdı… Necə yəni “əziz xatirəsinə?..”.
Anladım – bir neçə gündən bəri nəzərdə tutduğum yazını bu gün yaza bilməyəcəm. Nə mən, nə oxucular, nə dünya bundan bir şey itirəcək. Ancaq dünya Padarı itirdi. O, sadə bir insan idi. Hamımız kimi. Adi, sadə bir insanın dünyadan gedişi bütün qlobal mövzuları kölgədə qoydu. Mənim onlarla, yüzlərlə yazımda deməyə çalışdığım fikir sadə şəkildə öz təsdiqini tapdı. Insan! Hər şeydən üstün olan varlıq insan! Hər şey onun üçün deyilmi? Əlbəttə. Padarın ölümü mənə nədən yazacağımı diktə eləmək gücündə olmasaydı, onda mənim Insan fəlsəfəmin bir qəpiklik dəyəri olmazdı.
Telefonumun yaddaşında bir daha zəng vurmayacağım, bir daha zəng almayacağım bir nömrə də qaldı: Padar. Daha bir insan varlığını, hisslərini, duyğularını həsr elədiyi insan xoşbəxtliyinin Azərbaycanda gerçəkləşəcəyi günü görmədən yolda qaldı.
Onun Bakıya gəliş xəbərini həmişə Qənimət verərdi. Şəhər onuncun dünya idi. Hər səfəri dünyaya gəlişi kimi. Dünyadan gedişi xəbərini isə Qənimətin özündən yox, yazısından aldım. Bu dəfə çiçəyim çırtlamadı. Bu dəfə azı iki-üç gün deyib gülmək, stress atmaq olmayacaq. Bu dəfə Padar illərlə güldürdüklərinin əvəzini artıqlamasıyla geri alır.
Bilirəm, bu sözləri yazmaq zəiflik əlamətidi. Onsuz da acılardan başqa daddığım bir şeyin olmadığı, başımda-böyrümdə ölüm havasının vurnuxduğu günlərdə, dərd üstünə dərd gəldi. Boğazımda qəhər düyünlənib. Mədəmdən qalxan boğma-sıxma yenə kürəyimə vurub. Elə bil qıc olmuşam. Bizim eynimizi açmağa çalışardı, darıxma deyərdi, qurduğu hansısa planlardan şövqə gəlib, “hər şey yaxşı olacaq, səni maddi sıxıntıdan qurtaracağam. Ondan sonra otur, yaz romanını”,- deyərdi, boynumu qucaqlayıb bağrına basar, bir türk oğlu kimi alnımdan öpərdi. Mən bilə-bilə, duya-duya ki, Padarın dedikləri olmayacaq, görə-görə ki, mənə qucaq açanların heç biri içi dünyanın əyri tərəzilərinə köklənmədiyindən qurduğu planları gerçəkləşdirə bilmirlər, yenə də özümü bu vədlərə inandırmağa çalışır, hətta sevinə-sevinə bunu ev adamına da çatdırırdım: “Darıxmayın, yaman günün ömründən az qalıb…”.
Əslində isə ömründən az qalan yaman günlər deyildi, yaman günlərlə savaşanların ömrüydü. Indi o yaman günlərin dostlarının təkcə ömürlərindən yox, özlərindən də az qalıb.
Bütün deyib-gülməklərinə, baməzəliyinə, özünəməxsus Çöl sözcüklərinə baxmayaraq, Padar melanxolik adamdı. Əyalət adamının tənhalığı onun üzündən-gözündən yağ kimi yağırdı. O öz melanxoliyasının ağzını yığışdırmağın yolunu erkən gəncliyindən anlamışdı. Savaşçı olmaq. Sadəcə kədərlənmək deyil, savaşmaq! Savaşdıqca üzü gülürdü, hətta məğlubiyyətlərin acısının onun üzünü bürüşdürdüyü anda da, yenə başına yığışanların içini fərhləndirirdi. O kədərli üzə bir baxıb bir ay darıxmadan yaşamaq olurdu.
Əvvəllər Bakıya çox gələrdi. Dediyim kimi, elə bil dünyaya gələrdi tez-tez. Sanki Bakıya, dünyada mövcudluğuna dair sənədinə dostların möhürünü vurdurmağa baş çəkirdi. Eynən sürgün zonasında yaşayıb ayda bir kərə polis şöbəsində sənədlərini imzalatdıran sürgünlü kimi. Özünü savaşın mərkəzində hiss eləyib, yenidən Çölünə dönər, o inancıyla xeyli duruş gətirərdi aramsız məğlubiyyətlərimizə. Mən Vüqarda anladım: əyələt savaşçılarının bir savaş tərzi var – özünü paytaxtdakı savaşçılardan biri hiss eləmək, sadəcə öz barışmazlığına inanaraq yaşamaq. Quruca müxalifətçi adıyla gəzmək belə bu savaşın bir şəklidi. Sonra ayağı bu dünyadan-şəhərdən kəsilməyə, “kağızını” gec-gec “möhürlətdirməyə” başladı. Padar artıq savaşçıdan “qəmginsifət cəngavərə” çevrildi və kədərinə yenik düşdü.
Çox sevdiyim və yazılarımda dəfə-dəfə işlətdiyim bir sözü vardı: “qızıl-qırmızı”. Qənimətə çox deyərdi bunu. Uşaqca hissə qapılıb düşünürəm – keşkə yenə də gələ və Qənimətə deyə: “Zayidov, niyə camaatın üzünə qızıl-qırmızı yalan deyirsən?..”.

Qənimətdən qızıl-qırmızı yalan…
•
•