Elza Kərimova: «Orada qanunsuz əməllərlə məşğul olanlar indi də öz əməllərini Orxanın üstünə atmaq istəyirlər»
6 iyun 2011-ci ildə Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə Idarəsi tərəfindən həbs edilən Təhsil Nazirliyinin Iqtisadiyyat şöbəsinin müdir müavini, görkəmli şairimiz Əli Kərimin oğlu Orxan Kərimovun anası Elza Kərimova son durumla bağlı qəzetimizə açıqlama verib. O açıqlamasında deyib:
“Mən özüm təhsillə sıx bağlı adam olmuşam. 40 ilə yaxın “Maarif” nəşriyyatında ali məktəblər üçün dəqiq elmlər sahəsində dərslik hazırlayan redaksiyaya rəhbərlik etmişəm. Hər şeyi başa düşürəm. Oğluma dəstək verən görkəmli ədiblərimiz Anara, Sabir Rustəmxanlıya, Prezidentə məktub yazıb onun azadlığa buraxılmasını xahiş edən deputatlara, dəstək verən jurnalistlərə minnətdarlığımı bildirirəm. Oğlumun heç bir günahı yoxdur. Bu kimlərinsə hiyləgər və məkrli oyunudur. Amma bilirəm ki, orada qanunsuz əməllərlə məşğul olanlar indi də öz əməllərini Orxanın üstünə atmaq istəyirlər. Yəqin heç M.Mərdanov də işin tam mahiyyətini bilmir. Mətbuatda uzun illər ərzində çox sayda (bəlkə də minlərlə) qanunsuz köçürmələr barədə məlumat verilmişdir. Indi belə çıxır ki, bunların hamısını Orxan edib? Ayıbdır, çox ayıbdır. Indi başa düşürəm ki, elə həmin qara məkrli qüvvələr imkan vermədilər ki, Orxan heç olmasa ev dustaqlığına çıxıb ürəyindən əməliyyat oluna bilsin. Görünür, onların sözü Prokurorluqda da keçir. Əvvəl deyirdilər ki, Orxan 2009-cu ildə bu işləri görüb. Sonra o biri illərdəki öz əməlləri ortaya çıxıb, indi də istəyirlər ki, onları da Orxanın üstünə atsınlar. Mən bu işi belə qoymayacam. Indi gözləyirəm ki, deputatlarımızın Prezidentə ünvanladıqları məktuba müsbət cavab gəlsin, Orxan heç olmasa zaminə buraxılıb tibbi yardım ala bilsin. Mən inanıram ki, Əli Kərimi sevənlər imkan verməzlər ki, onun oğlu heç bir günahı olmaya-olmaya bir-iki nəfər təhsil dəllalının məkrli oyunlarının qurbanına çevrilsin. Oğlumun qanunsuz həbsi, səhhəti ilə bağlı məsələlərlə bağlı məhkəmələrə bir neçə dəfə şikayətimiz olub, ancaq yenə də hansısa qüvvə qanunlara da fikir verməyərək bizə “yox” deyib. Kimlərsə Orxanın azadlığa çıxmasını istəmirlər.