Müavinləri Arif Əsgərovla əlbəyaxa olub

“Azərbaycan Dəmir Yolları” Cəmiyyətinin sədri haqda şok xəbər

Son aylar ərzində dəmir yolu işçilərinin əməkhaqlarında ciddi azalmalar baş verib, işçilərin iş saatı iki dəfə azaldılıb, hamı 4 saatlıq iş rejiminə keçirilib, işçilərin bir qismi məcburi məzuniyyətə göndərilib və ixtisara düşüb. İxtisarlar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində yüksək vəzifədə çalışanları da əhatə edib. Bu barədə “Yeni Müsavat”a dəmiryolundakı mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, yaş senzini bəhanə edən QSC rəhbərliyi peşəkar mütəxəssisləri kütləvi şəkildə ixtisar edib. QSC-nin başçısı A.Əsgərov yaş senzini (Əmək Məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə, 65 yaşı tamam olan işçilər müəyyən istisnalarla məcburi pensiyaya göndərilir) bəhanə edərək rəhbərlikdə təmsil olunan bəzi şəxslərlə də üzülüşmək istəsə də, gözlənilməz müqavimət və təhdidlə üzləşib.
Qaynaq bildirir ki, A.Əsgərov arzuolunmaz şəxslər hesab etdiyi müavinlərini – QSC sədrinin kadr və sosial məsələlər üzrə müavini İslam Əfəndiyevi, QSC sədrinin yol-tikinti işləri üzrə müavini Mehdi Mehdiyevi, eləcə də QSC-nin Maddi-Texniki Təchizat İdarəsinin rəhbəri Vilayət Quliyevi ixtisar adı ilə işdən uzaqlaşdırmağa cəhd edib. Sədrin planından xəbər tutan müavinləri onunla görüşüb məsələyə aydınlıq gətirmək istəyiblər. Ancaq A.Əsgərov onları qəbul etməkdən imtina edib. Bundan qəzəblənən müavinlər və təchizat idarəsinin rəisi sədrin köməkçisinə fiziki güc tətbiq etməklə A.Əsgərovun otağına giriblər və ondan qərarını ləğv etməyi tələb ediblər. A.Əsgərov öncə müqavimət göstərməyə və bu qərarın yuxarının göstərişi olduğunu izah etməyə çalışıb. Ancaq A.Əsgərovu yaxşı tanıyan müavinləri bunun sədrin oyunu olduğunu başa düşüblər. Qərarın ləğv edilməyəcəyi halında onunla bağlı kompromatların yuxarılara və KİV-ə ötürüləcəyi ilə hədələyiblər. Söhbət hətta əlbəyaxa qarşıdurma səviyyəsinə qədər uzanıb. Sonda gözləmədiyi təhdidlə üzləşən A.Əsgərov qərarını geri götürməyə məcbur olub.
Mənbə deyir ki, adıçəkilən şəxslərin hər birinin yuxarı çevrələrdə güclü himayədarı, QSC-də qeyri-rəsmi payı var. A.Əsgərov onları işdən çıxartmaqla QSC üzərində şəriksiz idarəetməyə nail olmaq istəyib. Ancaq gözləmədiyi təpki ilə üzləşən sədr geri çəkilməyə məcbur olub.