Bizim hələ insanları gənclərə və qocalara bölən vaxtımız deyil, hələ bir azca da yaşamaq lazımdır ki, heç nə qazanmasaq da, bir müdriklik səlahiyyəti və hüququ qazanaq. Amma mən bir detalı müşahidə edirəm: gənclər arasında axtarış meyli çox güclüdür. Bu, çox təqdirəlayiqdir. Təbii, bu suallar bizləri də düşündürür. Amma bizim çiyinlərimizdə keçmişin yükü var. Ona görə də biz əvvəl dediklərimizin və yazdıqlarımızın bir növ əsiriyik. Gənclər isə belə deyil. Onlar daha azad və daha sərbəstdir. Mən bu yazıda YAP-dan sonrakı dövrlə bağlı qeydlər etmək istərdim. Birinci nədən başlamaq lazım gələcək?
Çox güman ki, ilk olaraq konstitusiya islahatlarını aparmaq lazım gələcək. O qədər dəyişiblər ki, indi əsas qanunu! Heç bir demokratik hakimiyyət onun köməyilə idarə edə bilməz. Prezident müddətinin təzədən iki dəfəlik həddə endirilməsi, parlamentin, məhkəmələrin və yerli özünüidarə strukturlarının səlahiyyətlərinin artırılması, əsas insan hüquq və azadlıqlarının müdafiəsini təmin edən etibarlı təminatların yaradılması, hüquqi dövlətin bünövrəsinin formalaşdırılması – bunların hamısı gələcək siyasi islahatların fundamenti olmalıdır. Təbii ki, bunlar ümumi şablonlardır, onların hər biri üzrə dəqiq və konseptual iş aparılmalıdır. Bir dəfə yazmışam, bir daha təkrar edirəm ki, biz bu hakimiyyətə müəyyən mənada minnətdar olmalıyıq, çünki onlar demokratik dövlət yaradılması missiyasını bizim üçün saxlayırlar. Nə qədər ki, bu hakimiyyət var, ölkədə demokratik dövlət qurulmayacaq, bunu yalnız biz və yaxud bizdən sonrakı nəsillər edəcək. Indi bizim əlimiz dövlət işlərinə çatmır, buna imkan vermirlər. Belə olan təqdirdə biz nə edə bilərik? Azadlıq və demokratiya ideyalarını mədəniyyətin bir hissəsinə çevirə bilərik. Indi bir fikir var ki, müxalifətin bu vəziyyətində ideoloji diskussiyalar ziyanlıdır. Mən belə düşünmürəm. Mübahisə heç vaxt ziyanlı ola bilməz, çünki həqiqət deyilən ünvana yol mübahisədən keçir. Bizim cəmiyyət nə qədər liberallaşıb və nə qədər azadlıq hissinə yaxınlaşıb? Bunu ancaq mübahisələr, müzakirə mədəniyyəti ortaya çıxara bilər. Bu müzakirələr həm də intellektual səviyyə göstəricisidir. Etiraf etmək lazımdır ki, axır vaxtlar az oxuyuruq, hə, mütaliə vərdişlərindən bir qədər yadırğamışıq. Hamımız elə səhərdən axşama qədər kompüter önündə vaxt keçiririk, elə hesab edirik ki, savadlanırıq. Amma biz kompüterdən yalnız məlumat alırıq, kompüter savad vermir. Hər halda, mən belə düşünürəm. Bəlkə də səvh edirəm, amma düşündüyümü yazıram. Belə olan təqdirdə, ideoloji diskussiyalara da münasibəti dəyişmək lazımdır. Bir detalı qeyd edəcəm. Avropa ölkələrində baş verən proseslər barədə çox gözlədim ki, bir məntiqli fikir səslənsin. Hamı kapitalizmin böhranından danışdı, hətta dünyada “Kapital” yenidən bestsellərə çevrildi. Amma səbəb nə idi? Böhran sosial kapitalizmin, ifrat dərəcədə sosiallaşmış kapitalizmin böhranı idi. Bu haqda bir neçə dəfə yazdım. Amma iqtisadçılar buna məhəl qoymadı. Ideoloji diskussiyalarda isə belə məsələlər daha ciddi şəkildə və həvəslə çözülür. Məsələn, hamımız Avropa Birliyindən eyforik yazılar yazır və bunu vəsf edirik. Lakin fikirlərinə hörmət etdiyim bir amerikalı isə dedi ki, AB keçmiş Sovet Ittifaqıdır! Təbii ki, belə kəskin mövqeyi bölüşmürəm.
Ən azı ona görə ki, belə fikirlər AB-dən dad edən və ona “hə” deməyən bu hakimiyyət üçün, yəni bizim hakimiyyət üçün bir hədiyyə olardı. Amma onu inkar da etmək olmaz, çünki fikirdir, səslənir, deməli, eşitmək və təhlil etmək lazımdır…
Müxalifət üçün daha bir qeyd
Kiçik bir təşəbbüs olan kimi biz hamını bir çətir altına toplamağa cəhd edirik və bu cəhdlərimizlə ümumi işə ziyan vururuq. Bizim taktikamız elə olmalıdır ki, cəmiyyətdə daha çox təşəbbüs və fikir mərkəzləri yaransın. Əslində qəti bir prinsip var: siyasi birlikləri, fərdləri birləşdirən, ayıran bir proses var. O da əlahəzrət seçkidir! Birlik ancaq seçki vaxtı lazımdır. Əsas budur ki, indiki rejimə münasibətdə bir olaq, qalan məsələləri sahmana salmaq asandır…

Bizə hansı islahatlar lazımdır?
•


