Azərbaycan Ermənistandan BMT-yə şikayət etdi

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev son vaxtlar cəbhə xəttində ermənilər tərəfindən atəşkəsin pozulması halları ilə bağlı BMT baş katibi və Təhlükəsizlik Şurasına 12 səhifəlik məktub göndərib.
Bu barədə APA-nın müxbirinə BMT Informasiya Mərkəzindən məlumat verilib. Məktubda bildirilir ki, oktyabr və noyabr aylarında erməni silahlı qüvvələri atəşkəsi 102 dəfə pozub. “Atəşkəsin pozulması nəticəsində Azərbaycanın 5 hərbçisi öldürülüb, 1 mülki şəxs yaralanıb. Hesabat dövründə Ermənistan Silahlı Qüvvələri təkcə Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqelərdən deyil, Ermənistan ərazisindəki mövqelərdən də Azərbaycanın hərbi və mülki obyektlərini intensiv atəşə tutublar”.
Səfir Ermənistan tərəfinin mütəmadi olaraq BMT-də Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması ilə bağlı yaydığı yalan məlumatlardan narahatlığını da ifadə edib.