Deputatlığı ləğv edilmiş 4 nəfər haqda qərar ayın 10-da elan ediləcək
Avropa Insan Haqları Məhkəməsi 2005-ci ildə deputatlığa namizədlər – AXCP sədri Əli Kərimli, Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və “Aydınlar” Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə bağlı qərar qəbul edib. Bu barədə Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev “Azadlıq”a açıqlamasında bildirib. Onun sözlərinə görə, Avropa Məhkəməsinin bu qərarları yanvarın 10-da elan olunacaq: “Mən bu barədə hələ ötən ilin sonlarında məlumat vermişdim. Hesab edirəm ki, adıçəkilən şəxslərin şikayəti təmin edilib. Düşünürəm ki, təmin edilməyə bilməz”.
Strasburqdakı mənbələrdən əldə etdiyimiz məlumata görə, Ə.Kərimlinin və digər 3 nəfərin şikayəti təmin olunub və Azərbaycan hökuməti yüksək məbləğdə cərimələnib.
Xatırladaq ki, bu şəxslər 2005-ci ildə parlament seçkilərində deputat seçilsələr də, Arif Hacılı və Sərdar Cəlaloğlunun deputatlığı Mərkəzi Seçki Komissiyası, Əli Kərimli və Qulamhüseyn Əlibəylinin deputatlığı isə Konsitutsiya Məhkəməsi tərəfindən ləğv olunub. Bundan sonra həmin şəxslər Avropa Insan Haqları Məhkəməsinə müraciət ediblər.
Gültəkin



