YAP gözünü Rusiyaya dikib

Mübariz Qurbanlı ən böyük ümid Rusiyadır deyir, ekspertlər isə bunu yersiz sayır

Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağ və Dnestryanı münaqişələrin siyasi baxımdan nizamlanmasının 2012-ci ildə Rusiya xarici siyasətində prioritet təşkil edəcəyini söyləyib.
Buna müeasibət bildirən bəzi hakimiyyət yetkililəri isə optimist açıqlamalarla çıxış etməyə başlayıblar. YAP icra katibinin müavini Mübariz Qurbanlının fikirləri bu qəbildəndir. M.Qurbanlı “525-ci qəzet”ə müsahibəsində bildirib ki, Rusiyanın Qarabağ probleminin nizamlanması məsələsinin 2012-ci ildə onun xarici siyasətinin prioriteti olacağına dair bəyanat nəinki problemin həllində irəliləyişlərin əldə edilməsinə ümid yaradır, həm də bu istiqamətdə həlledici rol oynaya bilər.
Putinin yenidən prezident kürsüsünə qayıdacağı təqdirdə Rusiyanın Qarabağ siyasətinin canlanacağına inanan M.Qurbanlı onu da vurğulayıb ki, Rusiya problemin həllində ədalətin bərqərar olunmasına nail ola bilər: “Bizim gözləntilərimiz yalnız ədalətin bərqərar olması ilə əlaqədardır. Bununla belə, biz Qarabağ münaqişəsinə ədalətli münasibətin göstəriləcəyini məhz Rusiyadan gözləyirik. Çünki Rusiyanın problemə məhz belə yanaşması nəticəsində münaqişə ədalətli həllini tapa bilər”.
Politoloq Vəfa Quluzadənin fikrincə, Lavrovun Qarabağ probleminin Rusiyanın prioritetinə çevriləcəyini deməsi olduqca müəmmalıdır. Çünki Azərbaycan torpaqlarını işğal edən dövlətin məhz Rusiya olduğunu diqqətə çatdıran V.Quluzadə bildirdi ki, Kreml hələ də Azərbaycanı işğal etmək niyyətində olduğunu gizlətmir: “Qarabağı Ermənistan  işğal etməyib. Bunu Rusiya edib və bu problemi təzyiq vasitəsi kimi əlində saxlayır. Neçə görüş olub. Amma Rusiya problemin həllini istədiyini nümayiş etdirməyib. Ona görə həm Lavrovun açıqlamasına inanmağım gəlmir, həm də bu açıqlamanın 2012-ci ildə Rusiyanın siyasətini dəyişəcəyi ilə bağlı yerli siyasətçilərin ümidinə”.
Qarabağ probleminin yaranmasına görə də Rusiyanın məsuliyyət daşıdığını deyən V.Quluzadə bildirdi ki, Rusiya Zəngəzuru Azərbaycandan tam ala bilsə də Qarabağla bağlı buna nail olmadı. Ona görə zaman keçdikcə Qarabağda yaradılan muxtariyyətdə ermənilərin sayı süni yolla artırıldı. Rusiyanın ötən müddət ərzində dəyişmədiyini söyləyən V.Quluzadə bildirdi ki, Rusiyanın imperialist siyasəti yalnız bu dövlətin mahiyyəti dəyişəcəyi təqdirdə fərqli ola bilər.

Xəyal