Vaşinqton Başbuğun həbsinə reaksiya verdi

“Türkiyənin müsəlman dünyası üçün demokratiya modeli olmaq imici zədələnir”

Türkiyənin keçmiş Baş Qərargah rəisi İlker Başbuğun həbsinə Vaşinqtondan reaksiya gəlib. ABŞ Dövlət Departamentinin spzçüsü Victoria Nuland ötən gün mətbuat konfransında bu məsələyə toxunaraq deyib ki, təqaüdçü general Başbuğun həbsi ilə bağlı olayları diqqətlə izləyirlər.
“Bu məsələ ilə bağlı hadisələrin inkişafını təbii ki, izləyirik. “Ergenekon” çox yüksək səpkili iddiadır. Türkiyə hökümətini məhkəmə araşdırmaları zamanı hüquqi şəffaflığı və bütün şübhələrin beynəlxalq standartlara uyğun, ədalətli bir müddət ərzində araşdırılmasını təmin etməyə çağırmışıq. Bu çağırış təbii ki, keçmiş baş qərargah rəisi üçün də keçərlidir “,- deyə Nuland bildirib.
“New York Times” qəzeti isə bu həbsin Türkiyənin müsəlman dünyası üçün demokratiya nümunəsi imicini zədələyə biləcəyini yazıb: “İnsan haqları müdafiəçiləri hökumətin məhkəmələrdən müxaliflərin gözünü qorxutmaq üçün istifadə etdiyini söyləyir və həbs olunmadan istintaqa cəlb edilə biləcək şübhəlilərin ard-arda həbsxanaya göndərilməsindən duyduqları narahatlığı dilə gətirirlər. 97 jurnalistin də tənqidi səsləri boğmaq niyyətilə həbs edildiyi haqda narahatlıqlar artır. Hökumətin bu məhkəmə davalarında sərt davranması Türkiyənin müsəlman dünyası üçün bir demokratiya modeli olmaq imicini zədələyir, eyni zamanda Avropa Birliyinə üzv olmaq imkanlarına da zərbə vurur”.
“The Economist” isə yazır ki, NATO-dakı mütəxəssislər Türkiyənin keçmiş Baş Qərargah rəisi haqda “hərbi intellekt” deyə bəhs edir. Amma o, Türkiyənin mötədil müsəlman hökumətini devirmək istəyən şəbəkənin üzvü olmaq ittihamı ilə həbsə atıldı.
İngilislərin məşhur xəbər agentliyi “Reuters” Başbuğun həbsinin AKP ilə dünyəvilər arasındakı çəkişmənin bir hissəsi kimi görüldüyünü xəbər verir. Hadisəni agentliyə şərh edən və uzun müddət İstanbulda yaşayan təhlükəsizlik analitiki Gareth Jenkins “İddialar belə davam etsə orduda istefalar gündəmə gələ bilər. Orduda onsuz da ruh düşkünlüyü var. Bu isə onun əməliyyat qabiliyyətinə də təsir edə bilər” deyə bildirib.

İnformasiya şöbəsi