Hadisəni törədən «Vinzavod»un direktorunun oğlu barədə həbs-qətimkan tədbiri seçilib
Bakı Şəhər Baş Polis Idarəsi və Bakı Şəhər Prokurorluğu “Neolit” restoranında baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, yanvarın 2-də Bakı şəhər sakini, heç bir yerdə işləməyən Hüseynli Şahin Rabil oğlu sərxoş vəziyyətdə əylənmək üçün “Neolit” restoranına gəlib. Lakin o, özünə məxsus “Yaguar” markalı avtomobili restoranın qarşısında düzgün saxlamayıb. Nəticədə restoranın əməkdaşları ilə aralarında mübahisə yaranıb.
Restoranın əməkdaşlarının iradlarını qəbul etməyən Şahin Hüseynli intizama dəvət edilsə də, əksinə o, bundan daha da əsəbiləşib. Və avtomobilinin yük yerində gəzdirdiyi özünə məxsus 16 kalibrli, yivsiz qoşalülə ov tüfəngindən restoranın giriş qapısına atəş açıb.
Bu zaman “Neolit”də istirahət edən çoxsaylı insanlar vahiməyə düşərək restoranı tərk edib, foyedə olmuş Nağıyev Fəxrəddin Firdovsi oğlu isə açılmış atəş nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb.
Dərhal hadisə yerinə gələn Nizami Rayon Polis Idarəsinin əməkdaşları Şahin Hüseynlini zərərsizləşdirib.
Faktla bağlı Nizami Rayon Polis Idarəsinin Istintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah tətbiq etməklə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib. Şahin Hüseynlinin cinayətdə istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb. Cinayətin törədilməsində təqsirli bilinən Şahin Hüseynliyə həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Azadlıq”ın ötən saylarında məlumat vermişdik ki, Şahin Hüseynli “Bakı Şərab-2″ ASC-nin(”Vinzavod”) Idarə Heyətinin sədri Rabil Hüseynovun oğludur. Şahin Hüseynov əvvəllər Bakı Şəhər Prokurorluğunda işləyib. 2005-ci ildə parlament seçkilərinə qatılaraq mandat sahibi olmaq istəyib. Lakin cəhdi baş tutmayıb. Bundan sonra rayonlardan birinə icra başçısı təyin edilmək üçün çaba göstərib. Bu dəfə də uğursuzluqla nəticələnib.
Atası Rabil Hüseynova gəlincə, o həm də sabiq baş prokuror, Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun qudasıdır. Rabil Hüseynovun digər oğlu Qabil Hüseynov sabiq baş prokurorun kürəkənidir. Onu da qeyd edək ki, Rabil Hüseynovun fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs olduğu deyilir. O, “Vinzavod”un direktoru olsa da, idarəetməni Kamran adlı kürəkəninə tapşırıb. Rabil Hüseynovun Bakıda “Metkartinq”, “Porche Center” kimi iri obyektləri də var.
Informasiya şöbəsi