Namiq Ələkbərovun ölümü ilə bağlı ilginc məlumat yayıldı
Daxili Işlər Nazirliyinin 2 saylı poliklinikasının keçmiş rəisi, sabiq polis polkovnik-leytenantı Namiq Ələkbərovun ölümünün araşdırılması zamanı mərhumun bir qadınla əlaqəsi müəyyən edilib. Bu barədə məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Məlumatda deyilir ki, həmin qadın hələlik istintaq tərəfindən dindirilməyib. Hazırda istintaq bu istiqamət üzrə də araşdırmalar aparır.
Namiq Ələkbərovun meyiti dekabrın 13-dən 14-ə keçən gecə Yasamal rayonu Əhməd Cəmil küçəsi, 83 saylı binanın qarşısında aşkarlanıb. Meyitin yanında “Makarov” tipli tapança da aşkar edilib. Ailə üzvlərinin istintaqa verdiyi ifadəsinə görə, Namiq Ələkbərov dekabrın 14-ü saat 01.30 radələrində evdə kompüterdə işləyirmiş. Hələlik istintaqa məlum olmayan səbəbdən o, ailə üzvlərinə də heç bir söz demədən evdən çıxıb. Bunu görən mərhumun həyat yoldaşı ondan hara getdiyini soruşub. Namiq Ələkbərov narahatlığa əsas olmadığını, bir azdan qayıdacağını deyib. Təxminən iki saat sonra – saat 03.30 radələrində onun ölüm xəbəri gəlib. Ilkin ehtimala görə, mərhum yaşadığı evdən meyitinin tapıldığı ünvana taksi, yaxud başqa nəqliyyat vasitəsi ilə gedib.
Hadisə ilə bağlı Yasamal prokurorluğundan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə cinayət işi başlanılıb.
Hələ hadisənin ilk günlərində bəzi ekspertlər bu olayda qadın izi axtarırdılar. Namiq Ələkbərovun gecə saatlarında kompüterin arxasından duraraq evi tərk etməsi bu versiya üzərində düşünməyə əsas verib. Digər tərəfdən əvvəllər də Namiq Ələkbərovun qadın qalmaqalı olub. O, işçilərindən birinə əxlaqsız təkliflər edib. Bu qalmaqal barədə mətbuatda kifayət qədər yazılıb.
Yeri gəlmişkən, Yasamal prokurorluğundan “Yeni Müsavat”a bildiriblər ki, Namiq Ələkbərovun ölümü ilə bağlı başlanan cinayət işinin maddəsi qəsdən adam öldürmə maddəsinə dəyişdirilə bilər.
Azad


