Ekspertlər düşünür ki, baş bankirin pul çapı ilə bağlı «sövdələşməsində» «yuxarılar»ın da əli var
Mərkəzi Bankın Idarə Heyətinin sədri Elman Rüstəmova qarşı ittihamların araşdırılmaması diqqətdən qaçmadı. Söhbət Azərbaycanın Mərkəzi Bankı ilə Avstriyanın Mərkəzi Bankının törəmə şirkəti arasındakı müqavilə ilə bağlı rüşvət qalmaqalından gedir.
Qeyd edək ki, Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) şirkəti Azərbaycan da daxil olmaqla, bəzi ölkələr üçün milli banknotların çapı ilə bağlı müqavilələr bağlamaq üçün yerli rəsmilərə rüşvət verməsi barədə cinayət işi başlanıb. Bu işin istintaqı xeyli vaxtdır ki, davam edir.
Avstriya mətbuatı yazır ki, həm Suriya, həm Azərbaycan rəsmilərinə rüşvət verilməsi üçün Panamada qeydiyyatdan keçmiş eyni şirkətdən istifadə olunub. Pullar “Venkoy” adlı bu şirkətin bank hesablarına köçürülüb, daha sonra həmin hesablardan pulların kimlərin əlinə keçdiyi barədə məlumat yoxdur.
Avstriya prokurorları müəyyən edib ki, “Venkoy” şirkətinin adından çıxış edən iki vəkil pulları nağd və köçürmə yolu ilə Azərbaycanda və Suriyada “qərarları qəbul edən şəxslərə” ötürüblər. Banknotların çapı üçün sifarişlər almağın əvəzində ödənilən “şapka” “komission haqq” kimi formalaşdırılıb. Azərbaycanla bağlanan müqavilələrdə bu haqq ildə 10 faizdən 21 faizə qədər dəyişib.
Bu məsələ mətbuata çıxandan sonra Baş Prokurorluğun vəzifəsi məsələni araşdırmaq idi. Lakin hansısa səbəbdən bunun üzərindən keçildi. Ekspertlər prokurorluğun susmasını səbəbsiz olmadığı qənaətindədirlər. Onların fikrincə, Elman Rüstəmovun pul çapı ilə bağlı “sövdləşməsi” iqtidarın başında dayananların razılığı ilə həyata keçirilib. Bu baxımdan baş bankirə qarşı ittihamlar araşdırılmamış qalıb. “Halbuki normalda bu məsələ araşdırılmalı idi. Çünki ortada kifayəq qədər ciddi ittihamlar var. Bu işlə bağlı istintaq aparılır və Avstriya mətbuatının yazdığından belə məlum olur ki, cinayət işinin materiallarında Azərbaycanın da adı var. Bütün bunlar ciddi əsas verir ki, məsələ Azərbaycanın Baş Prokurorluğu tərəfindən araşdırılsın”, – deyə ekspertlər bildirib.
Hikmət