Dünyaya gülüş saçan ölkə

Cümləmizin gözü aydın olsun! Dünya diplomatiyası tarixində daha bir ilkə imza atdıq, Xarici Işlər Nazirliyinə körpü tikməyi tapşırdıq. 

Siz gülürsünüz, amma məsələ qətiyyən gülməli deyil. Ağlamalı da deyil. Sadəcə, oturub fikirləşilməlidir: bu ölkə daha nə qədər belə ağıldanbəla, zəkadan yoxsul adamların ümidinə qalacaq? Daha nə qədər göz yumacağıq bu bir ovuc adamın bizi ələ salmasına, dünyada gülünc eləməsinə?
Bəli, indi də Bosniya-Hersoqovinada bizim cibimizin pulu ilə körpü tikdirirlər. Körpü tikməyi də Xarici Işlər Nazirliyinə tapşırıblar. Bir də Kənd Təsərrüfatı Nazirliyinə Trinidad-Tobaqoda Azərbaycan mədəniyyəti günləri keçirməyi tapşırdılarmı, bu iş tamamdır: bütün dünya bu ölkəni hansı ağılda, hansı mərifətdə adamların yönəltdiyinə daha yaxından şahid olacaq. Dünya şahid olacaq da, bəs biz? Biz 18 ildir bunların belə komik, başdanxarab əməllərinin şahidi deyilikmi? Hələ də necə dözürük buna, hələ də necə qatlanırıq?
Küçədə biri sevgilimizə yan gözlə baxsa…
Ya da yolda biri anamıza, bacımıza güldən ağır söz desə, yeri-yerindən oynadarıq, bəs 18 ildir bu ölkənin sərvətlərini acgözlüklə sümürən, bu millətin iradəsini manyakcasına zorlayan rejimi necə sinirik? Bu ümummilli namussuzluğu necə həzm edirik?
Azərbaycanı idarə edənlərin ağlına baxın. Belə çıxır ki, bunlar diplomatiyanın ən mühüm görəvinin xalqlar arasında körpü yaratmaq olduğunu illah ki, hər ölkədə bir körpü tikmək kimi başa düşüblər. Və xalqın pullarını özlərinin basıb yeməsi azmış kimi, indi onunla el-aləmin Bosniyasına-zada körpü tikirlər. Mən artıq təsəvvür edirəm, dünyada Azərbaycan haqqında nə düşünürlər. Fikirləşirlər ki, nə vecimizə, neftdən zəngin, zəkadan yoxsul adamların ölkəsidir, bir tərəfdən də biz basıb yeyək.
Elə ona görədir ki, yerindən duran ölkədə ən uçuq-sökük parka, ən xaraba küçəyə Heydər Əliyevin adını verib, oraları öz hesabımıza abadlaşdırmağa həvəsləndirirlər, ruhlandırırlar.
Kimə körpü lazımdır – bizim krala bir universitetin fəxri doktoru adı verməklə, kimə təzə yol lazımdır – bir geydirmə jurnalda onu “Ilin adamı” elan etməklə, kimə faizsiz borc lazımdır – ona yağlı-buğlu tərif göndərməklə qılığına girib işlərini aşırırlar. Əcəb edirlər. Durub onları qınayası deyilik ki? Bir “qaz” ölkədir, düşüb əllərinə, öz məmləkətləri, öz vətəndaşları naminə faydalanırlar.
Sadəcə, adamı ağrıdır ki, ara yerdə Azərbaycanın adı rəzil olur. Azərbaycan rüsvay olur. Bir donqili ordenlə, bir yağlı təriflə hesabımıza küçələrini, parklarını abadlaşdıranların, körpü tikdirənlərin, yol çəkdirənlərin haqqımızda nələr düşündüklərini, arxamızca nələr danışdıqlarını fikirləşdikcə içi sızlayır adamın. Onlar orda bizi necə əfəllədiklərinin, necə qazladıqlarının kefini çıxararkən biz burda hələ də bunlara dözürüksə, hələ də bunları siniriksə, bizə bu da azdır.
Bu, Azərbaycanı necə xain əllərə təslim etdiyimizin cəzasıdır – çəkirik.
Bu, Azərbaycanı yalnız mədəsindən ibarət olan, qafası ilə deyil qarnı ilə düşünən adamların ümidinə qoymağımızın bədəlidir – ödəyirik.
Bu, Azərbaycanı çağdaşlığın gerisində qalmış, arxaik təfəkkürlü, feodal mahiyyətli adamların ixtiyarına buraxmağımızın cəfasıdır – dözürük.
Indi bizə düşən vəzifə çox sadədir: bu ayıbın, bu utancın, bu rəzalətin daha artıq davam etməməsi üçün, dünyaya daha artıq gülünc olmamaq üçün qollarımızı sıvamalıyıq. Bu ləkəni üstümüzdən silmək üçün, bu çirkin gedişatı durdurmaq üçün tükümüzü tərpətməliyik artıq. Bizi belə bir sümürücü, bəsirətsiz zehniyyətin idarə etməsinə layiq olmadığımızı hər kəsə göstərməliyik.
Yox, siz hələ oturub gözləyək, hələ qoy Səhiyyə Nazirliyimiz də Ekvatorial Qvineyada binaların üzünü çöldən ağartmağa başlasın, Müdafiə Nazirliyimiz isə Kosta-Rikada gözəllik salonu açsın, beləcə, dünyaya daha çox gülünc olaq, dünyaya daha çox gülüş saçaq deyirsinizsə, mənim daha sözüm yoxdur.
Yeri gəlsə, bilirsiniz, nə var? Sizə yaxşı, mənə dünəndən də yaxşı.