Nemət Əliyev: «Hakimiyyətə yaxın adamlar xalqın varidatını çox ucuz qiymətə mənimsəyirlər»
Əmlak Məsələləri Dövlət Komitəsi yanvarın 31-də respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb. Diqqəti çəkən məqam ondan ibarətdir ki, nə qədər inanılmaz görsənsə də Bakıda 35 min manata idarə satılır.
Ərazisi 161,3 kvadrat metri əhatə edən və bir işçisi olan Material Ehtiyatları Nazirliyinin Tikinti Quraşdırma Idarəsi hərraca çıxarılıb. Düzdür, bu qiymətin başlanğıc məbləğ olduğu bəyan oluna bilər. Amma biz dəfələrlə onun şahidi olmuşuq ki, kifayət qədər böyük dövlət müəssisələri “su qiymətinə” özələşdirməyə çıxarılıb.
AXCP Iqtisadiyyat Komissiyasının sədri Nemət Əliyev bildirdi ki, Azərbaycan hakimiyyətinin əmlak məsələləri ilə bağlı siyasəti həmişə kökündən yanlış olub və milli maraqların təmin olunması istiqamətində köklənməyib. N.Əliyevin sözlərinə görə, Azərbaycanda keçirilən hərraclar hakimiyyətə yaxın insanların varidatının çoxaldılmasına yönəlib: “Hakimiyyətə yaxın adamlar xalqın varidatını çox ucuz qiymətə mənimsəyirlər. Bu günləri Əmlak Məsələləri Dövlət Komitəsinin açıqladığı siyahı da həmin siyasətin davamıdır. Özələşdirmə prosesi başlayandan bu günə qədər Azərbaycan xalqının bütün sərvəti su qiymətinə dəyərləndirilib. Həmin vəsaitləri, əmlakları əldə etmək Azərbaycan vətəndaşları üçün keçərli deyil. Bu əmlakı yalnız tayfaya yaxın adamlar əldə edə bilərlər”. Amma xalqın hər şeydən xəbərdar olduğunu deyən N.Əliyev vurğuladı ki, günlərin bir günü xalq ayağa qalxan zaman bütün qanunsuzluqların hesabın soracaq. N.Əliyev hesab edir ki, bu baxımdan nə qədər gec deyil, hökumət nəticə çıxarıb düzgün siyasət qurmalıdır ki, xalqın mülkiyyəti dağıdılmasın.
Hikmət


