Sekulyarlarla dindarların mübahisəsi gəlib Babəklə Məhəmməd Peyğəmbərin “vuruşdurulması”, bir tərəzidə qiyaslanması kimi absurd mərhələyə qədəm qoydu. Iş ondadı ki, “polemika”nı sırf bu fazaya sürüyüb gətirənlərdən heç biri öz müqəddəsinin davamçısı deyil – nə bu Babəkin, nə o biri Məhəmməd Peyğəmbərin.
Danılası fakt deyil – Babək Azərbaycan xalqının (onun etnik olaraq hansı xalqa bağlı olmasının qətiyyən önəmi yoxdur) Azadlıq simvoludu. Bu simvol Sovetin süni şəkildə şişirməsi deyil. Eyni məntiqlə onu da demək olar ki, Babəkin məğlubiyyətindən sonra Azərbaycanda bir yolluq olaraq möhkəmlənən Islam onun bu obrazının yaddaşlardan silinməsi üçün eyni işi görüb. Lakin tarix obrazlarla bağlı heç bir zaman ədalətsizliyə yol vermir. Sovet rejimi Babəkin haqqını özünə qaytardı, əvəzində isə bu dəfə Islam gözümçıxdıya salındı, Kərbəla-Imam Hüseyn azadlıq fəlsəfəsi sıxışdırılmağa, insanların yaddaşından, yaradıcılığından silinməyə başladı. Yenə də tarix çalxalandı və Islam obrazları da yenidən həyata qayıtdı, daha doğrusu, sıxışdırıldığı qaranlıq köşələrdən işıq üzünə çıxdı.
Obrazlar, hətta bir-biri ilə münaqişədə yaranmış obrazlar, rəmzlər müəyyən zaman kəsimindən sonra paralel yaşamağa başlayır, bəsit yanaşmalar, tarixin kiflənmiş arxivlərini qurdalayan cahil meyllər olmasa, bərabərhüquqlu şəkildə fəaliyyət göstərməkdə davam eləyirlər. Əgər Imam Hüseyn faciəsi ilə Babək savaşı (yeri gəlmişkən, Babəkin qoşununa xeyli miqdarda şiənin, Imam Rza tərəfdarının qoşulması da tarixi faktlar içində yer alır) bu millətin maddi və mənəvi azadlıq ruhunu diri saxlamağa, bu xalqı irəli aparmağa xidmət eləyirsə, o zaman onların “vuruşdurulması” kimə gərəkdi? Yalnız və yalnız millətin dirəniş ruhunu öldürməyə, yuxudan, ətalətdən ayılmağa qoymayanlara.
Islam Hind dini görüşlərini bütbərəstlik sayır. Lakin Hind azadlıq hərəkatının lideri Mahatma Qandi deyirdi: “Mən Imam Hüseynin – Islamın o böyük şəhidinin – həyatını diqqətlə oxumuşam. Və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm. Mənə aydın olub ki, əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, gərək Imam Hüseyndən örnək alıb onun yolunu getsin”.
Məgər Azadlığına qovuşmaq, işğaldan qurtulmaq istəyən hər hansı ərəb ölkəsi Babək nümunəsindən ilham ala bilməzmi? Ərəb ölkələri bir yana qalsın, bəs işğalda olan Azərbaycan özü?
Bu iki simvol bu gün Azərbaycana hava və su kimi lazımdı – biri torpaqların, biri isə mənəviyyatın işğaldan azad edilməsi üçün. Yox, dediyimiz kimi, onların adıyla, dəsti-xəttilə vuruşmaq əvəzinə kimlərsə onları tarixi zəmində “vuruşdurursa”, bir-biri ilə təzədən düşmən eləmək istəyirsə, bu, ayrı məsələdi və mən qəti əminəm ki, o cür təftişçilərin, tarixi qisasçıların heç birinin heç bir azadlıq savaşına dəxli yoxdu.
Azərbaycandan “54 imza”nın Avropaya məktub göndərdiyi ərəfədə ABŞ senatoru Con Makkeyn də üzü bu yana – Ilham Əliyevə məktub göndərərək onu siyasi məhbusları azad etməyə çağırıb. Hər iki məktub özündə avtoritarizmə, totalitarizmə qarşı yük daşıyır. Sadəcə, Qərbə ünvanlanan məktub real təsir doğuracağı baxımından son dərəcə qüsurludur. Çünki Avropa, dövlət olaraq Irana qarşı cəbhə alsa da, heç bir halda, Islama qarşı açıq tədbirlər tökə bilməz, tökməz. Ərəbistan yarımadasından çıxan Xristianlıq Avropada və dünyada, eləcə də Islam Şərqdə və dünyada öz yerini eləyib, təsdiqini tapıb. Bu məktubun Avropada gülüş və təəccüblə qarşılanacağını güman eləyirəm, çünki məzmunu etibarı ilə Səlib yürüşünə çağırış kimi səslənir ki, o məsələ də artıq həm Islam, həm Xristianlıq tərəfindən ərazilərin işğalıyla tamamlanan qılınc savaşı olmaqdan qurtularaq, sırf ideoloji yarışma mərhələsinə qədəm qoyub.
“Biz öz dünyəvi dövlətimizi və tolerant yaşayış tərzimizi, söz və vicdan azadlığımızı qəzəblilərdən qorumaq istəyirik!” – bu da həmin bəyanatdandı, Con Makkeyn də Ilahm Əliyevə – qəzəbliyə elə təxminən bunları yazıb. Bəlkə elə o bəyanatın mətnidi göndərib Əliyevə. Əvvəldən birbaşa prezidentə göndərsəydilər elə…