ABŞ-ın yeni müdafiə strategiyası açıqlandı

ABŞ prezidenti Barak Obama ölkəsinin yeni müdafiə strategiyasını açıqlayıb. Yeni strategiyada Pentaqonun büdcəsinin azaldılması nəzərdə tutulub.
Pentaqonda ABŞ-ın müdafiə naziri Leon Panetta ilə birgə mətbuat konfransı keçirən Obama deyib ki, 10 il ərzində Müdafiə Nazirliyinə nəzərdə tutulandan 450 milyard dollar az vəsait veriləcək. Onun sözlərinə görə, buna baxmayaraq, ABŞ ordusu daha da güclü olacaq, ABŞ-ın hərbi üstünlüyü saxlanılacaq.
Yeni strategiyada ABŞ-ın Asiya-Sakit okean regionunda hərbi iştirakı genişlənəcək. Bu regionda ABŞ tərəfdaşları ilə əməkdaşlığı gücləndirmək niyyətindədir.
Obama onu da əlavə edib ki, ABŞ bundan sonra birtərəfli və uzunmüddətli müharibə variantlarından yayınmağa üstünlük verəcək.

İnformasiya şöbəsi