Tum, saqqız, tütün məmulatları satılan «Pressa kiosk»da qəzetlərin köhnə nüsxələri var
Çoxlarınız üstündə “Qasid” sözü yazılmış kiçik köşkləri görmüsünüz. O balaca, daxmaya bənzər köşklərdə bir vaxtlar qəzetlər satılırdı. Sonradan o köşklərdə tum, saqqız, siqaret, corab, hətta alt paltarları da satılmağa başlandı. 3 metr uzunluğu, 2 metr eni olan bu dükanlardan yavaş-yavaş qəzetlər sıxışdırıldı. Qəzetlər əvvəlcə dükanın piştaxtasına, sonra isə bir küncə atıldı. Vitrinə çıxarılan isə ya krossvord olur, ya da dövlət qəzetləri.
Yeni köşklər kimindir?
Son zamanlar isə paytaxtın bir sıra ünvanlarında üzərində “Pressa Kiosk” yazılan yaşıl günbəzli, sahəsi 12 kvadrat metr olan köşklər “peyda” olub.
Gözəl görünüşlü bu köşklər alıcını özünə cəlb etməyə bilməz. Yoldan ötən hər kəs ən azı ömründə bir dəfə bura baş çəkməlidir. Öncə bu köşklər quraşdırılanda çoxları ürəklərində də “axır ki, Bakıda da normal bir qəzet dükanı oldu” cümləsini işlətdi. Ancaq bu cümlə elə ürəklər də qaldı. Yeni köşklər də supermarket rolunu oynayır. Tumdan tutmuş siqaretə qədər hər şey satılan bu dükanlarda qəzetlərə də yer ayrılıb. Ancaq necə? Bu sualı aydınlaşdırmaq üçün paytaxtın bir neçə “Pressa Kiosk”una baş çəkdik.
Mətbuatda hələ də bu dükanların kimə məxsus olması barəsində fikir dartışması var. Bir qismi yeni köşklərin Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova, digərləri isə Bakı şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məxsus olduğunu deyir. Əli Həsənov mətbuata açıqlamasında yeni köşklərin ona heç bir aidiyyəti olmadığını söyləyir.
Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov isə yeni köşklər özünü doğruldacağı təqdirdə sayın 50-yə çatdırılacağını deyir: “Məqsəd özəl yayım şirkətləri ilə rəqabət aparmaq deyil. Ancaq daha sonra məlum olur ki, köşklərdə qəzetlə yanaşı dəftərxana ləvazimatı, özəl qurumların köşklərində olduğu kimi tütün məhsulları və hətta spirtli içkilər də satılacaq”. Əlabbas Bağırov özəl köşklərdə tütün məhsullarının satılmaması üçün mübarizə apardıqlarını, amma bunun səmərə vermədiyini də diqqətə çatdırır.
Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında iki belə köşk var – biri metronun girişi ilə üzbəüz, digəri Elmlər Akademiyası bağının yaxınlığında. Hərəsində iki satıcı var. Satıcılar aylıq maaşa işləyir. Deyilənlərə görə, hər gün yoxlanış olur. Hansı mal qurtarıbsa, sifariş verilir.
Qəzet tapmaq çətindi
Yeni köşklərin hamısının vitrinini pirojnnalar, şokoladlar bəzəyir. Bazar qiymətindən bir az baha olsa da bu dükanlarda məhsullar heç də zəif satılmır. Tütün məmulatları, ədədlə siqaretlər daha “xodovoydur”.
Qəzetlər isə bir küncə atılıb. Yəni sağ və sol tərəflərdə olan qapıların üstündə quraşdırılmış asılqanlardan asılıb. Əsasən sağ asılqanda uşaq jurnalları və dəftərlər satılır. Sol asılqanda isə qəzetlər. Sol asılqanın yuxarı, görünən tərəfində dövlət – “Azərbaycan”, “Ədəbiyyat”, “Respublika”, “Xalq”, eləcə də adı müstəqil olan “525-ci qəzet”, “Şərq”, “Kaspi” qəzetləri satılır. Lap aşağı küncdə isə “Azadlıq”, “Yeni Müsavat”, “Bizim yol”, “Gündəm-Xəbər” qəzetləri satışa çıxarılıb. Qəzetlərə diqqət yetirəndə isə məlum olur ki, hamısı köhnə tarixli saydandır. Satıcıdan sonuncu nüsxədən qalıb-qalmadığını soruşuruq. Məlum olur ki, hələ qəzet gəlməyib. Halbuki biz reportaj hazırlamaq üçün adıçəkilən ünvanlara baş çəkəndə saat 16-nı ötmüşdü. Satıcı əlavə edir ki, yeni köşklərdə qəzetləri tapmaq bir az çətin olur: “Biz daha çox digər məhsulların satışı ilə məşğul oluruq. Bizim üçün fərq etməz nə çox satılır, nə az. Onsuz da maaşımız alırıq. Istər qəzet olsun, istərsə də digər məhsullar, təki iş getsin”.
Adının çəkilməsini istəməyən satıcı deyir ki, yeni köşklərdə qəzet satışına əngəllər yaradılır: “Bilərəkdən köhnə tarixli qəzetlər vitrinə yığılır. Əgər beş alıcı qəzet istəyirsə, birinə satılır, digərlərinə isə ”qurtarıb” deyirlər. Çalışırlar ki, qəzet satışı güclü olmasın”.
***
Son vaxtlar Bakının mərkəzində abadlaşdırma adı altında 20 köşk yığışdırılıb. Onlardan yalnız 5-i yerinə qaytarılıb. Gəncədə 22, Sumqayıtda 12 köşk götürülüb.
Nəcəf Nəcəfov Fondunun araşdırmalarına görə, Azərbaycanda 14 min nəfərə bir köşk düşür, halbuki beynəlxalq norma 2 min nəfərə 1 köşkdür.
Ramin DEKO