Ölkə tarixində ilk dəfə Silahlı Qüvvələrin komandanı həbs edildi
Ordu indiyədək görünməmiş bu olaya hələ ki, sakit yanaşır
Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ həbs edilib. O, ifadə vermək üçün İstanbul 12 saylı ağır cinayətlər məhkəməsinə çağırılıb, 7 saat dindirildikdən sonra oradan birbaşa həbsxanaya göndərilib.
Başbuğ silahlı terror dəstələri yaratmaq və hakimiyyəti zorla devirmək cəhdlərində, eləcə də, hakim Ədalət və İnkişaf Partiyasını hörmətdən salmağa yönələn hərəkətlərdə şübhəli bilinir.
Qeyd edək ki, İlkər Başbuğ 2010-cu ildə istefa verib.
Bu, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi olmuş şəxsin ilk həbs edilməsi faktıdır. İndiyədək Türkiyənin tarixində belə hadisə olmayıb.
Başbuğ həbsini tragikomediya adlandırdı
İlkər Başbuğ həbsi ilə əlaqədar ilk açıqlamasında bildirib ki, Türkiyə Silahlı Qüvvələrinə komandanlıq etmiş bir şəxsin terror təşkilatı qurmaq və idarə etməkdə ittiham olunması tragikomikdir. “Türkiyə Cumhuriyyətinin 26-cı baş qərargah rəisi həbs olundu. Qərar böyük türk millətinindir” – deyə o, bildirib.
Başbuğ “Ergenekon” işinə görə həbs edilənlərin saxlandığı Silivri həbsxanasına göndərilib. Həbsxananın önündə bir qrup şəxs əllərində Türkiyə bayrağı tutaraq Başbuğa dəstəklərini ifadə ediblər.
“İnternet andıçı” işi çərçivəsində bəzi şahidlər “cənab komandana məruzə edilir” sözləri ilə hökumət əleyhinə qara piar kampaniyası aparılmasına dair sənədlərin o zamankı Baş Qərargah rəisinin təsdiqinə göndərildiyini bildiriblər.
General özü isə haqqındakı ittihamları rədd edib. Başbuğ bildirib ki, Türkiyə Silahlı Qüvvələrinə komandanlıq etmiş bir şəxs kimi bu ittihamların dilə gətirilməsi belə onun üçün cəzadır.
“Bundan sonra nə cəza verilirsə verilsin, bu məni üzməz. Mən ordu rəisi olduğum zaman belə bir şey olubsa, lazım gələn addımlar atılmalıydı. Bir-iki mətbu açıqlama, bir-iki internet saytı vasitəsilə hakimiyyəti devirməkdə ittiham edilirəmsə, bu çox acı verir. Mənim belə bir çirkin niyyətim olsaydı 700 min nəfərlik gücü əlində tutan komandan olaraq həyata keçirə bilərdim. Mən heç vaxt qanun və ədalətin sərhədlərini keçməmişəm”, – deyə İlkər Başbuğ bildirib.
Abdulla Gül həbsə münasibət bildirdi
Türkiyə prezidenti Abdulla Gül İlkər Başbuğun həbsinə münasibət bildirib. O, həbsin siyasi sifariş olmadığını, hər şeyin hüquqi prosesə uyğun baş verdiyini deyib: “Hər kəs hüquq qarşısında məsuliyyət daşıyır. Hamı hüquq qarşısında eynidir. Məhkəmə qərarı olmadan heç kim təqsirli hesab edilə bilməz. Məsələyə soyuqqanlı yanaşılmalıdır”.
Baş nazirin müavini Bəşir Atalay isə bu həbsi Türkiyə hüquq sistemində ədalətin hər şeydən üstün olmasının sübutu kimi dəyərləndirib. “Önəmli bir olaydır. Hüquq sistemimizdə inkişafı görməliyik. İlkər Başbuğ bizim hökumətimiz zamanında ordu komandanı oldu. Dəyərli tərəfdaşımız olub”, – deyə o bildirib.
Xarici işlər naziri Əhməd Davudoğlu ordu generalının həbsiylə bağlı mühakimələr yürüdərkən səbrli olmağı tövsiyyə edib: “Türkiyə hüququn ali dəyər daşıdığı bir dövlətdir. Proses davam etdiyi vaxt məsuliyyətsiz bəyanatlar verməyə tələsmək doğru deyil”.
Kılıçdaroğlu həbsi sifariş sayır
Türkiyənin ana müxlalifət partiyası CHP-nin sədri Kamal Kılıçdaroğu isə Başbuğun həbsinin siyasi qərar olduğunu söyləyib. Onun sözlərinə görə, generalın həbsi barədə qərar çıxarmış xüsusi səlahiyyətli məhkəmələr ədalətə yox, hökumətin siyasi qərarlarına uyğun addım atır: “Türkiyədə məhkəmələrin ədalət axtardığı artıq bir röyaya çevrilib. Məhkəmələr siyasi qərarları yerinə yetirməyə məcbur edilir”.
Başbuğun həbsi dünyanın diqqətində
Dünyanın aparıcı media yayınları İlkər Başbuğun həbsinə geniş yer ayırıb. Xəbərlərdə deyilir ki, keçmiş qərargah rəisinin dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunmasından sonra ordu ilə hökumət arasında yeni gərginliyinin yaranacağı istisna deyil. Siyasi şərhçilər bildirir ki, Türkiyədə ordu ilə hökumət arasında son illər yaranan ciddi fikir ayrılıqları pik həddinə çatıb.
Tükiyə Silahlı Qüvvələrindən isə hələlik həbslə bağlı hər hansı açıqlama verilməyib.
İlkər Başbuğun həbsinə münasibət bildirən Avropa Birliyinin komissarı Stefan Fülenin sözçüsü Peter Stanon deyib ki, “Ergenekon” və digər ittihamlarla aparılan istintaq hərəkətləri Türkiyənin demokratikləşməsi baxımından yaxşı fürsətdir. Sözçü həmçinin barəsində həbs qərarı çıxarılan şəxslərin müdafiə haqqının tanınmasının da vacib olduğunu söyləyib.
İnformasiya şöbəsi