O zaman inkvizasiya məhkəmələrinə görə kim günahkardır?

Bu gün Azərbaycanda görünən mənzərə bütün dəyərlərlə birlikdə dinimizə qarşı da bir “səlib yürüşü” başlandığı təsəvvürü yaradır. Məscidlərin bağlanması, əzan səsinin susdurulması, baş örtüklərinin qadağan olunması, inanclı insanların təqibi və kütləvi həbslər bəs deyilmiş kimi, eybəcər bir təbliğat mexanizmi də işə düşüb. Gerçəkdən də, əhalisinin 93%-i müsəlman olduğu, bayrağında bu dəyərin simvolu daşınan bir ölkədə “islam terroru” ifadəsini necə gəldi işlətmək həm eybəcər, həm də gülünc səslənir…

Orta əsrlər boyunca qərb ölkələrində insanları dini inanclarına görə ağlasığmaz işğəncələrə məruz qoyan inkivizasiya məhkəmələri vardı. Bu məhkəmələrdə xristianlığı qəbul etmək istəməyən yüz minlərlə müsəlman qətlə yetirilmişdi. 15-ci əsrdə ispanlar tərəfindən ələ keçirilən Avropanın ən böyük şəhəri olan Gırnatada bütün müsəlmanlar yox edilmişdi. Az vaxtda Ispaniyada bir nəfər də olsun müsəlman qalmamışdı. Tarixçilər yazırdı ki, inkivizasiya məhkəməsi 18 il içində 24 mindən çox müsəlmanın edamına qərar vermişdi…
Islam dininin “mürtəce mahiyyəti” olduğunu isbatlamağa çalışanlar gərək bu faktları unutmasınlar. Kimsə unutmasın ki, inkivizasiyalara görə xristianlıq necə məsuliyyət daşımırsa, hansısa küçə tinində baş verən qətl hadisəsinə görə də islam dini məsuliyyət daşımır. Əgər belə olmasaydı, bu gün qərb ölkələrində milyonlarla müsəlman, şərq ölkələrində də milyonlarla xristian yaşamazdı.
16-cı əsrdə Roma inkivizasiya məhkəməsinin qərarı ilə diri-diri yandırılan Cordano Bruno yazırdı: “Tanrı iradəsini yerinə yetirmək üçün yer üzündəki yaxşı insanları seçir, yer üzündəki pis insanlar isə öz iradələrini yeritmək üçün Tanrının adından istifadə edirlər”. Baş verən hər hansı terror faktından və ya qətl hadisəsindən milyonlarla insanın inanc bəslədiyi bir dini ittiham etmək, ona nifrətlə damğalamaq anormallıqdan başqa nə ola bilər ki?
Uzun əsrlərdir müxtəlif dini baxışlara və inanca məxsus olan insanlar düşmənçilik hisslərinə son qoymaq üçün böyük məmnunluqla tolerantlıq ideyasını təbliğ edirlər. Bu ideyanı qədim dövrdə xristianlar Roma dövlətinin təqibindən xilas olmaq məqsədilə irəli sürmüşdülər. Onlardan biri Karfagenli Tertullon yazırdı: “Hər bir insanın öz inamına görə sitayiş etməsi fundamental insan hüququ və təbiətin verdiyi imtiyazdır. Bir insanın dini başqasına nə ziyan, nə də xeyir verir. Dini zorakılıq dinin bir hissəsi deyil. Bizi dinə zor yox, iradə aparır”.
“Guardian” qəzetinin köşə yazarı, professor Timoti Qarton Eş isə qeyd edir ki, “”Hitrou” aeroportunda məni gülümsəyərək qarşılayan başı örtüklü müsəlman qadınının nədən qorxulu olduğunu heç cür anlaya bilmirəm”. Bəli, Britaniyanın polis orqanlarında belə onlarla başı örtüklü müsəlman qadını çalışır. Azərbaycan isə, bəlkə də, inanclı insanların hüquqlarının ən çox pozulduğu ölkədir. Əgər belə olmasaydı, insanlar cəmiyyətin mahiyyətindən doğan problemlərin kökünü doğru görüb, aqressiyanı dini dəyərlər üzərinə yönəltməzdilər. O zaman da, bütün polemikalar söyüş, nifrət və qisasçılıq müstəvisində deyil, məhz tolerantlıq müstəvisində gedərdi.
Mənə görə, dini dəyərlərimizə olan sevgi bayrağımıza olan sevgidən ayrılmazdır. Mən o gözəl bayraqdakı hər üç rəngi eyni dərəcədə müqəddəs gördüyümdən, başqa bir inancın daşıyıcısı olan və ya heç bir inancın daşıyıcısı olmayan şəxsi də alçaldacaq kəlmə işlətməyi özümə sığışdırmaram. Amma gərək cılız hisslərə qapılıb islam dininə həqarət yağdıran şəxslər də bunun böyük bir qəhrəmanlıq deyil, başqalarının hüquqlarına təcavüz olduğunu unutmasınlar. Kimsə mənim inancıma qarışmasın, dini dəyərlərimi təhqir etməsin, ibadət hüququmu əlimdən almasın. Necə ki, mən başqalarının o hüquqlarına hörmətlə yanaşmağı özümə borc sayıram…