“O yana keçən” bu dəfə “Şpigel”dir, cənab Əli Həsənov!

Dünyanın ən nüfuzlu ictimai-siyasi jurnallarından biri də prezident Ilham Əliyevi diktator adlandırdı və avtomatik olaraq, Əli Həsənovun məlum siyahısına düşdü. Hansı adla düşəcəyi məlumdur, adətən, şöbə müdiri belə nəşrləri “ermənipərəst” adlandırır. Cəsarətli müdirin “qara” siyahısında belə məşhur nəşrlər çoxdur, “Nyu-York tayms”, “Vaşinqton post”, “Financial Times”, “The Independent” və buyurun, “çiçəyi burnunda” “Şpigel”…

Bəli, dünyanın ən qabaqcıl nəşrlərinin “günahı” odur ki, onlar Azərbaycana, Lənkərandan olan deputat Hadı Rəcəblinin gözü ilə baxmaq əvəzinə, işığı kəsilən, dünya şöhrətli, Oskar ödüllü yazıçı Rüstəm Ibrahimbəyovun və 2 aprel məhbusu, “xuliqan” Əhəd Məmmədlinin prizmasından baxırlar.
“Şpigel” Almaniya prezidenti Kristian Vulfun xanımı Bettina Vulfun insan hüquqları ilə bağlı götürdüyü öhdəliklərə əməl etməyən, avtoritar bir rejimin tədbirinə nə üzlə, hansı şərtlər əsasında qatıldığını araşdırır.
Bir sözlə, yuxarıda sadaladığım qara siyahıda olan nəşrlərdə dərc olunan yazıların davamıdır. Və bu məqalədə də Ermənistan, yaxud Qarabağ kəlməsinə rast gəlinmir. Tənqid olunan rejim, onun başında duran Ilham Əliyev və onun pulla tutduğu imicmeykerlərdir. Məqalədə demokratik Almaniyanın qapısını dubinka(!) ilə döyənlərə sərt mesaj da verilir.
…Illərdir rejim Qərbdə bu istiqamətdə milyonlarla dollar xərcləyir, lobbi təşkilatları ilə müqavilələr bağlayır, lakin hər dəfə fiaskoya uğrayır.
Iqtidar bu ucuz imic xatirinə 1918-ci ildə Şərqdə ilk dəfə demokratik dövlət qurmuş, SRRI kimi şər imperiyasının dağıdılmasında müstəsna xidmətləri olan bir xalqı aşağılamaqdan da çəkinmir. Ramiz Mehdiyevin Amerikanın keçmiş səfiri Enn Dersiyə verdiyi cavaba diqqət yetirin: “Əgər çox azadlıq verilərsə, vəziyyət nəzarətdən çıxar, xaos yaranar”(!). Loru dildə desək, “sərvətlərini talan etdiyimiz ölkənin xalqı azadlığın nə olduğunu bilmir”…
Lap bu yaxınlarda isə cib müxalifətinin öndə gedən ismi Qüdrət Həsənquliyev daha uzağa getdi. O, ANS-də qatıldığı tok-şouda, bir ingilis hərbçisinin əfqan xalqını XIII əsrə aid edərək, parlamentdən səbirli olmalarını xahiş etməsini vurğulayaraq Qərbin Azərbaycan iqtidarına insan hüquqlarına hörmət çağırışını “səbirsizlik”(!) kimi qiymətləndirdi. Vurğuladı ki, bizə də illər lazımdır, çünki bizdə də demokratiya nə olduğunu əksəriyyət dərk eləmir(!). Bir mandata görə Şərqdə ilk demokratik dövlət qurmuş bir xalqı, uzaq XIII əsrə “aparmağa” hazır olanlarla bir ölkədə yaşamaq şəxsən mənim üçün utancvericidir.
XXI əsr Azərbaycanı ilə, XIII əsrin Azərbaycanının yalnız bir oxşarlığı var – məmur talançılığı… Ixtisasca tarixçi olduğum uçün bütün məsuliyyətimlə deyə bilərəm ki, heç XIII əsr feodalları xalqa qarşı bu qədər amansız deyildilər. Sadə xalqın həyətlərində nizə, qılınc basdırıb sonra onları saray çevrilişlərində ittiham etmirdilər, yalançı şahidlərlə mühakimə etmirdilər, əlamətdar günlərində şamlarını oğurlamırdılar, hətta yadelli hücum zamanı onlardan vətənin müdafiəsi üçün nadir hallarda istifadə edir, iştirakçılara rütbə və vəzifə verirdilər. Əcdadlarımız bu mərhələni bu cür keçiblər…
…1918-ci ildə demokratik Azərbaycan hökumətinin baş naziri Nəsibbəy Yusifbəyli atasından ona maddi yardım etməyini rica edirdi, çünki aldığı maaşla dolana bilmirdi, 1992-ci ildə isə prezident Əbülfəz Elçıbəy qardaşının evində qalırdı, çünki aldığı maaş, ona ev almağa imkan vermirdi…
Vulfu və onun xanımını utandıracaq bu nümunəyə, “xaos” deyəndə, “Şpigel” də məcbur olub, “o yana keçir”, cənab Həsənov! Əsl xaos isə, “xuliqan” deyib, məhbəsdə çürütdüyünüz onlarla məhbusdan biri, Əhəd Məmmədlinin “mən necə radikal olmayım” adlı azadlıq nəğməsini anlamamaqdır:
“Qarabağ döyüşçülərini polis dəyənəyi altına salan, şəhid ailəsini dilənçi günündə yaşamaq məcburiyyətində qoyan, Azərbaycan qadınının Dubayda, kişisinin isə Rusiya çöllərində qürurdan məhrum həyata məhkum edən, PKK-nı terrorçu kimi tanımayan, müharibə şəraitində olduğu halda, əsgər-zabiti bir-birini güllələyən, fabrik və zavodları uçurub yerində priton açıb orada Azərbaycan qadınını əcnəbilərin qucağına sığınmağa təhrik edən rejimə qarşı radikal olmayım, neyləyim?!.
Kimdir xuliqan, cənab Həsənov?