İnqilablar yenə davam edəcək

Vəfa Quluzadə: «ABŞ-dakı seçki kampaniyası Vaşinqtonun dünyadakı demokratikləşməni dəstəkləməsinə mane olmayacaq»

ABŞ-da prezident seçkilərinə artıq start verilib. Noyabrda keçiriləcək seçkilərdə Demokratların namizədi hazırkı prezident Barak Obama olacaq. Respublikaçılar isə namizədlərini partiyadaxili seçkilər yolu ilə müəyyənləşdirəcəklər. Hazırda ekspertlər seçkilərin nəticələri ilə bağlı müxtəlif proqnozlar verməkdədirlər. Bir qisim hazırkı prezidentin yenidən dövlət başçısı seçiləcəyini düşünsə də başqa fikirdə olanlar da var. Amma ekspertlərin vurğuladıqları bir məqam daha çox diqqəti çəkir. Onların fikrincə, ABŞ-dakı prezident seçkiləri hazırda dünyada gedən qlobal demokratikləşmə dalğasına neqativ təsir edə bilər.
Obamanın qarşıdan gələn seçkidə qələbə çalacağına şübhə etməyən politoloq Vəfa Quluzadə bildirdi ki, bunu deməyə ciddi əsaslar var. Obamanın Buşdan fərqli olaraq ABŞ-ın dünyada nüfuzunun qaldırılması üçün ciddi işlər gördüyünü vurğulayan V.Quluzadə bildirdi ki, bundan başqa, Obama ölkə daxilində əhalinin sosial durumunun yaxşılaşdırılması ilə bağlı bir sıra mühüm qərarlar verib. Ona görə hazırda Obamanın əhali arasında reytinqi yüksəkdir. Xarici siyasətdəki uğurlara görə də ABŞ-ın yeni administrasiyaya borclu olduğunu düşünən politoloq Yaxın Şərqdə baş verən olaylar, Rusiyanın bu regiondan tamamilə çıxarılması ciddi qələbələrdir: “Artıq ərəb ölkələri üçün Rusiyanın silah satışı və digər iqtisadi əlaqələri dayandırılıb. ABŞ regionda siyasi nəzarəti ələ keçirməklə yanaşı, silah satışını nəzarətə alıb. ABŞ bu ölkələrdə baş verən demokratik inqilabları dəstəkləməklə bölgədəki nüfuzunu artırmış oldu. Bu isə Obamanın xarici siyasət vektorunda əldə etdiyi ciddi uğurdur”.
ABŞ-dakı seçkilərin dünyadakı demokratikləşmə prosesini ləngitməyəcəyini düşünən V.Quluzadə vurğuladı ki, ABŞ bu cür prinsipial məsələlərdə geri çəkilən ölkə deyil. Seçki ilində və seçkilərdən sonra ABŞ-ın xüsusi orqanlarının dünyadakı proseslərə nəzarəti əldən verməyəcəyini deyən politoloq bildirdi ki, Amerika seçki, fors-major situasiyalar zamanı başını itirən dövlətlərdən deyil: “Seçki kampaniyası ABŞ-ın dünyadakı demokratikləşməni dəstəkləməsinə mane olmayacaq. Digər tərəfdən, demokratik inqilab baş verən ölkələrdəki olaylara görə diktatorlar məsuliyyət daşıyır. Bu inqilabları onlar özləri edirlər. Öz xalqını əzən, hüquqlarını tapdalayanlar heç cürə ölkəyə rəhbərlik edə bilməzlər. Əgər belə olmasaydı Suriya və Yəməndə xalq ölüm qorxusu qarşısında mübarizəsini sona qədər aparmazdı. ABŞ dünyada insan hüquqları və demokratiyanı hər zaman dəstəkləyib. Bunu ABŞ inkar etmir. Ona görə də baş verən demokratik inqilabları ABŞ dəstəkləyir”.

Xəyal