tapanca-ates

“Neolit”dəki qanlı hadisə ilə bağlı yeni məlumatlar

Olayı törədənin atası sabiq baş prokuror Eldar Həsənovun qudası imiş

Bakının məşhur “Neolit” restoranında baş verən qanlı insidenti törədən Şahin Hüseynovun atası “Bakı Şərab-2″ ASC-nin(”Vinzavod”) Idarə Heyətinin sədri Rabil Hüseynov sabiq baş prokuror, hazırda Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun qudasıdır. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, Rabil Hüseynovun digər oğlu Qabil Hüseynov sabiq baş prokurorun kürəkənidir.
Məlumatda həmçinin deyilir ki, Qabil Hüseynov Türkiyədə biznes fəaliyyətilə məşğul olur.    
Rabil Hüseynovun özünə gəlincə, o, əslən Saatlının Xanlar kəndindəndir. Doğman kəndində xeyriyyəçi kimi tanınır. Kənd məscidinin də Rabil Hüseynov tərəfindən inşa olunduğu deyilir. Ötən sayımızda məlumat vermişdik ki, Rabil Hüseynovun Bakıda bir sıra iri obyektləri var. Bu sırada “Metkartinq”in adını çəkmişdik. Dünən öyrəndik ki, “Neolit” restoranının yaxınlığındakı “Porche Center” də Rabil Hüseynova məxsusdur.   
Xatırladaq ki, yanvarın 2-də gecə saatlarında Rabil Hüseynovun oğlu Şahin Hüseynov sərxoş vəziyyətdə “Neolit” restoranına daxil olaraq orada keçirilən şənlikdə iştirak edənlərə odlu silahdan atəş açıb. Nəticədə 2 nəfər yaralanıb. Şahin Hüseynov Nizami rayon Polis Idarəsinin 25-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb. O, ilkin dindirmə zamanı bildirib ki, atası bir müddət əvvəl “Neolit”in şəriki olub. Sonradan şəriklər arasında narazılıq olduğundan onlar ayrılıblar. Baş verən hadisəyə də elə həmin narazılıq səbəb olub. Faktla bağlı Nizami rayon Polis Idarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.
Şahin Hüseynov bir müddət əvvəl Bakı Şəhər Prokurorluğunda çalışıb. 2005-ci ildə parlament seçkilərində deputat olmağa cəhd edib. Onun həmçinin icra başçısı olmaq üçün çabalar göstərdiyi bildirilir. Lakin hər iki cəhdi uğursuzqla nəticələnib. Şahin Hüsyenovun barəsində hansısa cinayət işinin olması da gələn xəbərlər sırasındadır.