Naxçıvanda həbs edilən AXCP-çi ilə bağlı nə baş verir?

Yerli hakimiyyət Zeynal Bağırzadənin döyüldüyünü ört-basdır etmək istəyir

Naxçıvanda AXCP-nin yerli şöbə sədri Yaşar Bağırsoy və onun qardaşı, partiyanın fəalı Zeynal Bağırzadənin başına gələnlər – döyülmələri, təzyiqə məruz qalmaları və sonuncunun həbsi ölkə ictimaiyyətinə bəllidir.
Son günlər Naxçıvan hakimiyyəti ictimaiyyətini inandırmağa çalışır ki, həbs olunmuş Zeynal Bağırzadənin işi ilə bağlı qeyri-adi heç nə baş vermir.
Xatırladaq ki, Nehrəm kənd sakini olan Zeynal Bağırzadə ötən ilin sonlarında dələduzluqda və saxta sənəd əldə etməkdə ittiham olunaraq həbs edilib. İttihama görə, o, hərbi sənədlərini saxtalaşdırıb və uzun illər Çernobıl faciəsinin veteranı kimi qanunsuz pensiya alıb.
Zeynal Bağırzadə saxlanılarkən amansızcasına döyülüb və ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin onun yaxınları ilə görüşünə imkan verilməyib. Ailəsi bildirir ki, o, özünə qarşı irəli sürülən ittihamları etiraf etməkdən imtina etdiyinə görə işgəncələrə məruz qalıb.
Bir neçə gün qabaq Naxçıvan prokurorluğu və ombudsmanı bəyanatla çıxış edərək bildiriblər ki, Bağırzadə dələduzdur, o, düzgün olaraq həbs edilib və saxlanma şəraiti  ilə bağlı şikayəti yoxdur. Əslində, belə rasmi açıqlama Azərbaycan, xüsusən də Naxçıvan üçün qeyri-adi deyil. Naxçıvanda hər dəfə qanunsuz həbs və hətta saxlanan şəxsin ölümü baş verdiyi halda belə, oradan bu cür  bəyanatlar səslənir.  Bir müddət əvvəl Naxçıvan MTN-də işgəncə nəticəsində vəfat etmiş Turac Zeynalovla da bağlı eyni münasibət bildirilmişdi.
Bu gün isə Naxçıvandakı hüquq müdafiəçilərinin Zeynal Bağırzadəyə baş çəkdikləri, onun təzyiqə məruz qalmadığı və heç bir şikayəti olmadığını dediyi haqda məlumat yayılıb. Məlumatda deyilir ki, Demokratiya və İnsan Hüquqlarını Müdafiə Mərkəzi adlı hüquq-müdafiə təşkilatından İşgəncələr Əleyhinə Komitənin yerli nümayəndəsi ilə birlikdə Zeynal Bağırzadəyə baş çəkiblər və o, özünü yaxşı hiss edir, heç bir şikayəti yoxdur.
Zeynal Bağırzadənin qardaşı Yaşar Bağırsoy isə “Azadlıq” radiosuna onun bu cür açıqlama verməsinə inanmadığını deyib: «Qardaşım heç bir işgəncəyə məruz qalmayıbsa, niyə həbsindən 2 gün sonra – dekabrın 28-də mədə qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilib? Naxçıvanda bizim inandığımız 4 hüquq müdafiəçisi var. Görüşə icazə verilirsə, qoy onlar görüşsün».
Naxçıvandakı hüquq müdafiəçilərindən Məlahət Nəsibova isə bildirib ki, onlar Zeynal Bağırzadə ilə görüşmək üçün dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər, lakin icazə verilməyib: «Naxçıvanda çox az QHT var. Amma Zeynal Bağırzadə ilə görüşənləri nə biz – hüquq müdafiəçiləri, nə də Zeynal Bağırzadənin yaxınları tanıyır. Biz əvvəldən proseslərin içindəyik, dəfələrlə görüş üçün müraciət etsək də, heç bir nəticə olmayıb. Amma bu prosesləri izləməyən, yaxınlarının tanımadıqları adamlara icazə verilir».
Digər yerli hüquq müdafiəçisi Elman Məmmədov hüquq müdafiəçilərinin həbs olunan şəxsə baş çəkməsi faktından təəccübləndiyini deyib. “İndiyədək Naxçıvanda onlarla işgəncə, qanunsuz həbs halları baş verib. Lakin heç zaman hüquq müdafiəçiləri onların yanına  buraxılmayıb. Bu hüquq müdafiəçiləri kimlərdir ki, onları ora buraxıblar. Biz belə hüquq müdafiəçiləri tanımırıq”, – deyə o “Turan” agentliyinə bildirib.
Bütün bu qeyd olunanlar çox qəribə görünür, lakin Naxçıvanda bu cür hallar əvvəllər də baş verib. Yerli və beynəlxalq ictimaiyyətin insan haqlarının pozulması ilə bağlı tənqidlərinin qarşısını almağa  çalışan hakimiyyət özünü təmizə çıxarmaq və haqq qazandırmaq üçün bu cür addımlar atır.

İnformasiya şöbəsi