Əliyevçi parlamentdən Sarkozi parlamentinə sevgi məktubu

Uzun götür-qoydan sonra istəməsək də, sizə bu məktubu yazası olduq. Düzdür, bizim bu məktubumuzda sizi (eləcə də erməni qardaşlarımızı!) incidəcək nəsə yoxdur. Di gəl, çağ uyğun deyil. Bu şanlı, şərəfli məktubumuz bizim sizlərə (eləcə də erməni qardaşlarımıza!) gizli-açıq sevgilərimizlə dolu olsa da, məktubun yazılma nədəni ürəkbulandırandır. Axı, biz bu məktubu güclənməsini azacıq da olsa istəmədiyimiz, ancaq, görünür, Tanrının özünün yardımı ilə gündən-günə güclənən yaramaz Türkiyə dövlətinin (eləcə də hakimiyyətimiz altındakı çoxsaylı yaramaz Türklərin!) qorxusundan yazmalı oluruq. Ah, sizlər bizim bu məktubu göz yaşları içində, əllərimiz əsə-əsə yazdığımızı bilsəydiniz! Bizim bu məktubu sizə yaza-yaza bir istəyimiz olub: Tanrı Türkiyəni Yer üzündən götürsün! 

Sevgili prezidentimizin sayğılı Vikilks saytına açıq bildirdiyi kimi, biz Türkiyənin güclənməyini, güclənib regionda başlıca güc faktoruna çevrilməyini istəmirik. Ancaq nə etmək olar: Türkiyə durmadan güclənməkdədir. Görünür, bu da bir Tanrı işi, Tanrı buyruğudur: biz regionda Rusiya (sözsüz, Putin Rusiyası!), Suriya (sözsüz, dostumuz-qardaşımız Bəşər Əsəd Suriyası!) kimi dövlətlərin güclənməyini istəyirkən bizim ən kiçik biçimdə belə varolmasını istəmədiyimiz Türkiyə güclənir. Çox-çox sayğılı qardaşımız Sarkozi başda olmaqla sizin özünüzün də gözəl bildiyiniz kimi, Putin Rusiyasının, Əsəd Suriyasının güclənməyi bizim güclü olmağımız deməkdir. Bizim güclü olmağımızsa, bildiyiniz kimi, aramızdakı qarşılıqlı dostluğun-qardaşlığın sarsılmaz olaraq qalması deməkdir. Biz sizin sayğılı erməni prezidenti, ermənilərin Qarabağ uğrunda apardıqları savaşın parlaq qəhrəmanı Köçəryandan sonra bizə verdiyiniz Legion ordenini hakimiyyətimizə verdiyiniz yüksək dəyərin unudulmaz örnəyi saymışıq, sayırıq, sayacağıq. Bunun gələcəkdə də belə olacağına söz veririk.
Bütün bunlarla yanaşı, bizi qorxudan, bu məktubu yazmağa yönəldən bir iş var: Türkiyə durmadan güclənir. Bizim üçün bundan qorxulusu başqa bir görsənişdir: Türkiyə gücləndikcə bizim hakimiyyətimiz altında illərlə əzilib yoxluğa çevrilən Türklük də dirçəlir, baş qaldırır. Bu isə olduqca böyük, qarşısıalınmaz qorxudur. Bizim onları – Azərbaycan Türklüyünü – əzib hüquqsuz duruma gətirməyimizin üstündən çox keçmədiyindən, baş verənlər, demək olar, bütünlüklə göz önündədir. Indiki durumda siz istəsəniz də bizə gərəkən yardımı edə bilməzsiz. Düzünə qalsa, uzun sürən hakimiyyətimiz boyunca bizim bu ölkədə yürütdüyümüz açıq-aydın IŞĞALÇILIQ siyasətləri: oğurluğu, soyğunçuluğu, rüşvəti, korrupsiyanı DÖVLƏT SIYASƏTINƏ çevirməyimiz işimizi lap çətinləşdirib. Dünyada gedən yeni, yaramaz demokratikləşmə prosesləri də bizi çox qorxuya salıb. Indi biz, yerli xalqın dililə desək, yaman yerdə gecələmişik! Düzü, nə edəcəyimizi, baş götürüb hansı ölkəyə gedəcəyimizi ha çalışsaq da, kəsdirə bilmirik. Biz çox istərdik özümüzə Ingiltərədə, Fransada sığınacaq tapaq. Ancaq bu istəyin baş tutmayacağını bəri başdan bilirik. Indiyədək (hakimiyyətə qayıdanadək də, ondan sonra da) bizim başlıca söykənəcəyimiz Rusiya olub. Hələ lap bu yaxınlaradək biz bu söykənəcəyin bizim üçün haçaqsa sığınacağa çevriləcəyinə çox inanırdıq. Di gəl, son çağlar Rusiyada baş verən sizə, bizə bəlli olaylar üzündən bu sonuncu inamımız bütünlüklə alt-üst olub. Nə etməli, tezliklə Batının istədiyi demokratik reformalara başlamalı? Yox, bütünlüklə batsaq belə, biz buna gedən deyilik: ən azı özümüzü Bəşər Əsəddən qorxaq, Bəşər Əsəddən gücsüz saymadığımıza görə!
Sizin bəlli qərarınızla bağlı biz indilikdə bircə bunu deyə bilərik: “Biz sizi tam aydın olmayan uzaq tarixi hadisələrə ehtiyatla yanaşmağa çağırırq”. Düzdür, burada aydın olmayan nəsə yoxdur: ermənilər bir sıra böyük dövlətlərin yardımı ilə Türkləri qırıblar. Bizim indi buna aydınlıq gətirməyimiz nəyə gərək?!