Hollandiyada Əliyev rejiminə etiraz

Azərbaycanlı fəallar səfirlik önündə piket və Amsterdamda toplantı keçirdilər

Bu günlərdə Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Avropada yaşayan siyasi diaspora təşkilatlarının rəhbərlərinin və aktiv siyasi fəalların toplantısı keçirilib. Toplantıda Niderlanddan Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqının sədri Eldəniz Yusibov, Odlar Yurdu Cəmiyyətinin rəhbəri Rəşad Sadıqov, Niderland Azərbaycan Kültür Mərkəzinin sədri Samit Məmmədli, Yeni Müxalifət Hərəkatının koordinatoru Fikrət Hüseynli, siyasi fəallardan Əsəd Qasımov, Orduxan Teymurxan, Cavid Əliyev, Belçikadan toplantıya Dünya Azərbaycanlıları Birlyinin rəhbəri Ədalət Quliyev, Almaniyadan tanınmış aktivist Həbib Müntəzir, Avropanın müxtəlif ölkələrində təhsil alan tələbələr, Niderlandın D66 Partiyasının Amsterdam Nieuw-West bölgəsi üzrə katibi İsa Yusifli iştirak ediblər.
Toplantıda ciddi müzakirələr aparılıb, Avropada fəaliyyət göstərən siyasi diaspora təşkilatlarının və aktivistlərin gələcək fəaliyyətindən söhbət açılıb. Qərara alınıb ki, bu tip toplantılar il ərzində bir neçə dəfə keçirilsin. Tədbir zamanı Eldəniz Yusibov Müsavat Partiyasının 100 illiyi ilə bağlı partiya başqanı İsa Qəmbərin Rəşad Sadıqvova ünvanladığı təbriki çatdırıb və ona diplom təqdim edib.

Amsterdamda toplantının başladığı vaxtda bir qrup gənc azərbaycanlı mühacir fəal siyasi məhbuslara azadlıq tələbilə Azərbaycanın Niderlanddakı səfirliyinin binası önündə aksiya keçiriblər. Aksiyada həm də Azərbaycandakı diktatura rejiminə etiraz və ümumilikdə demokratiya uğurunda mübarizə aparanlara dəstək ifadə olunub. “Siyasi məhbuslara azadlıq”, “İlham Əliyev get”, “Əliyevlər rejiminə yox deyirik”, “Avropa Birliyi Əliyev rejiminə dəstəyi kəs” kimi şüarlar səsləndirilib.
Aksiyanı giriş sözüylə açan təşkilatçı İsa Yusifli Azərbaycandakı diktatura rejiminin tezliklə çökəcəyinə əminliyini ifadə edib, ölkənin müstəqilliyinə səs vermiş Arif Hacılının müstıqilliyin 20-ci ildönümünü həbsdə qarşılamasını utancverici olay adlandırıb.
Aksiyada söz alan gənc fəal Həbib Müntəzir həmin gün İsveçdə Azərbaycan hakimiyyətinin təşkil etdiyi konsertin orada yaşayan azərbaycanlı gənclər tərəfindən boykot edildiyini söyləyib.
Tərbirdə iştirak edən Müsavat Gənclər Təşkilatının üzvü Tural Soltan həbsdə olan dostu Rüfət Hacıbəylinin həbsindən danışıb və ona təbriklərini ünvanlayıb.
Aksiyada hollandiyalı gənc siyasətçi Ben Burgers də çıxış edərək indi dünyada diktatura rejimlərinə yer olmadığını bildirib.
Sonda həyatına olan təhlükələr üzündən Hollandiyaya üz tutmuş məşhur gənc musiqiçi Azər Cırtdanın ifasında etiraz musiqiləri səsləndirilib.
Aksiyadan sonra gənc fəallar Amsterdam toplantısına qatılıblar.