“Hakimiyyət özünü bazar alverçisi kimi aparır”

Mehman Əliyev: «Onlar üçün bir anlayış var – almaq-satmaq»

“Ziyalı hakimiyyətin fəaliyyətindən, siyasi xəttindən narazıdırsa, bu narazılığı əsaslandırmalı, arqumentləşdirib öz fikirlərini irəli sürməli və ölkədə çatışmayan, mövcud olan problemlərin aradan qaldırılması üçün öz təkliflərini ortalığa qoymalıdır. Ziyalı bazar sözlərini gündəliyə gətirməli deyil. Bu sözləri gündəliyə gətirmək ziyalıya yaraşan hal deyil”. Bunu, hakimiyyətyönlü deputat Fəzail Ağamalı Ziyalılar Forumunda təmsil olunan şəxslərin hakimiyyətə ünvanladıqları sərt ifadələrə münasibətində deyib.
Ziyalılar Forumunun üzvü “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, məsələlərə bazar məntiqi ilə yanaşan, bazar qaydaları ilə hərəkət edən məhz hakimiyyətin özüdür: “Hakimiyyət danışanda da bazar alverçisi kimi danışır – kimisə almaq, kimisə satmaq. Özünü də buna uyğun aparır. Başqa bir yanaşma görmürük. Hakimiyyət üçün dialoq, kiminləsə müzakirə aparmaq anlayışı yoxdur. Ziyalılar Forumunu ittiham etməkdənsə, hər şeyə bazar münasibətləri müstəvisindən baxmağa son qoysunlar”.
M.Əliyevin sözlərinə görə, son vaxtlar iqtidar tərəfdarlarının Ziyalılar Forumuna qarşı söz hücumuna keçməsi hökumətin haqq sözü deyən ziyalılardan ehtiyatlandığının göstəricisidir: “Deyirlər ki, ziyalı problemi göstərsin, narazılığını əsaslandırsın. Soruşmaq lazımdır – bəs ziyalılar neyləyir? Onlar elə bununla məşğul deyillərmi? Sadəcə olaraq ziyalıların dilə gətirdiyi problemlər hakimiyyətin xoşuna gəlmir. Fəzail Ağamalı və digərlərinin fikirlərinə gəlincə, bunlar hamısı tapşırıq əsasında danışır. Onlara desələr ki, təriflə tərifləyəcəklər. Desələr, tənqid, hətta təhqir et edəcəklər. Bu sifarişi verən bilir ki, haqq danışan, hakimiyyəti tənqid edən ziyalılar onlar üçün təhlükədir”.