Hakimiyyət instinkti

Iran özünün interneti, bir də Hörmüz boğazı ilə gündəmdən düşmür. Sadəcə bir məsələni birmənalı şəkildə qeyd etmək lazımdır: mollaların rejimi, yaxud da başqa cür desək, mollakratiya özünün çürümə mərhələsini yaşayır, azca müddət keçər, onun da çöküşünü görərik. Indi bu, bir qədər real görünmür, amma çox “qeyri-real” hadisələrin reallığa çevrilməsinin şahidi olmuşuq…

Məni ən çox düşündürən və bir az da əyləndirən məsələ budur ki, bizimkilər BMT-də Iranla bağlı nə edəcəklər? Bir neçə məsələni özüm üçün qeyd etmişəm. Həmin bu məsələlərin müzakirəsi zamanı Azərbaycan ciddi seçim etməli olacaq. Birincisi, Ermənistandır və bu, yaxşı məlumdur. Ona qarşı bir permanent təzyiq siyasəti aparmaq lazımdır. Digər məsələləri isə aşağıdakı kimi qruplaşdırmaq olar:
1.Iran. Sanksiya məsələləri.
2.Balkanlar. Kosovo məsələsi.
3.Suriya. B.Əsəd rejiminə münasibət.
4.Yaxın Şərq. Ərəb-Israil münaqişəsi.
Bu məsələlər müzakirə edilərkən Azərbaycan ciddi seçim etməli olacaq. Bu aspektlə bağlı çox şey yazmaq olar. Lakin mən bircə detalı qeyd edəcəm. O da budur ki, Azərbaycan güclü və hətta olduğundan da güclü görünmək və bunu açıq nümayiş etdirmək istəyir. Amma bir məsələ var: olduğundan zəif görünmək diplomatiyada sərfəli olmadığı kimi olduğundan güclü görünmək də ziyanlıdır! Burada yadıma B.Okucavanın “Kağız əsgər” nəğməsi düşür: o, kağızdan olduğunu unudur və özünü ora-bura vurur, axırda da yanır… Indi bu qeydi pessimist notla bitirmək istəmirəm. Ən azı ona görə ki, bizimkilərin özünüqoruma instinkti güclüdür. Öz maraqları, yəni hakimiyyətin maraqları ilə bağlı bunun dəfələrlə şahidi olmuşuq: bunların təhlükəsizlik siyasəti elə bunun üzərində qurulub, hakimiyyət üçün kiçik bir təhlükə hiss edən kimi ildırım sürətilə hərəkət edirlər. Qərəz, hakimiyyət instinkti bunlarda olduqca güclüdür. Kaş milli təhlükəsizliklə bağlı məsələlərdə də belə olaydı! Indi TŞ bunlar üçün ciddi kanallar yaradacaq. Amma bunlar bu kanallardan necə və hansı məqsəd üçün istifadə edəcəklər? Bax, məsələ budur! Məsələn, Iranla bunlar ona görə ehtiyatla davranmırlar ki, Iran ölkə üçün təhlükəlidir, eləcə o məsələyə görə ehtiyat edirlər ki, Iran hakimiyyət üçün də təhlükəlidir! Bu da aydındır ki, Iran məsələsi bunlar üçün TŞ-də bir başağırsı olacaq. Bəli, biz BMT-dəki səsvermələr zamanı həmişə ərəblərin lehinə, yəhudilərin isə əleyhinə səs veririk. Amma Israil bunun hansı zərurətdən yarandığını başa düşür və bu, onun bizim ölkə ilə əlaqələrinə mane olmur. Iran isə belə deyil!
O, bütün məsələlərdə Azərbaycandan birmənalı dəstək istəyəcək, halbuki o özü bu dəstəyi Azərbaycana vermir. Iran prezidenti az qala səhər yeməyini öz ölkəsində yeyir, naharını isə Ermənistanda edir! Amma danışanda elə bir manera nümayiş etdirirlər ki, sanki bunlardan başqası yoxdur!
Böyük siyasətin izi ilə
Bəli, bunlar böyük siyasətin izinə düşərək gedib TŞ-yə çıxdılar. Biz isə bir addım belə irəliləyə bilmirik, çünki imkan vermirlər. Indi bizə Iranın interneti məhdudlaşdırmaq cəhdi bir qədər qəribə görünür. Halbuki elə bizimkilərin də belə sevdası var: onlar da məmnuniyyətlə “milli internet”lərini yaradar və dünyanı bizim üzümüzə bağlayardılar! Onsuz da müxalifətin əlaqələri elə də ürəkaçan deyil: bəli, onu axtarırlar, amma müxalifətin özünün kimlərisə axtarmaq imkanları məhduddur. Bu, ölkə Irandan çox da açıq ölkə deyil. Bir məsəl var: adımı qoydum özgəsinə… Hətta arabir mənə elə gəlir ki, əgər bu hakimiyyət bəzi məsələlərdən ehtiyat etməsəydi öz daxili həyatında Irandan da betər olardı. Bizə də böyük siyasətin izinə düşmək lazımdır. Ən çox ciddi düşünməyə vadar edən detal budur ki, biz də bəzi məsələlərdə hakimiyyəti yamsılayırıq – həm Iranla, həm də Turanla dost olmaq istəyirik! Bəlkə başqa bir siyasət yürütmək lazımdır: həm onunla, həm bununla dost olmaqdansa bəlkə birilə dost olmaq daha məqbuldur? Amma burada bir detalı gözləmək vacibdir: hakimiyyət çox istərdi ki, müxalifəti öz çəkicinə çevirsin, ondan bir təzyiq amili kimi istifadə etsin! Bunu da gərək nəzərə alaq.