Elxan Şahinoğlu: «Suriya məsələsində Azərbaycanın mövqeyi Qərblə Türkiyə münasibətlərimizə neqativ təsir edə bilər»
Suriyada baş verən olaylara aparıcı dünya dövlətlərinin sərt reaksiya verməsinə baxmayaraq Azərbaycan fərqli mövqedədir. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev mətbuata açıqlamasında vurğulayıb ki, hazırda Suriyanın hər hansı daxili işlərinə müdaxiləyə ehtiyac yoxdur. Azərbaycanın bu cür mövqe sərgiləməsi əslində gözlənilən idi. Amma məsələ burasındadır ki, bu yanaşma Azərbaycanın dövlətçilik maraqlarına uyğun deyil. Bu cür mövqe Qərbin planlarına qarşı olmaqla yanaşı Azərbaycanın strateji müttəfiqi Türkiyənin də Suriya ilə bağlı yürütdüyü siyasətlə üst-üstə düşmür. Belə olan halda isə Azərbaycan hakimiyyətinin bu cür siyasətinin dövlətə nə vəd etdiyi sualı meydana gəlir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilərkən bu hadisə iqtidarda müəyyən eyforiya yaratdı. Amma o zaman vurğulanırdı ki, bu Azərbaycan üçün müəyyən imkanlar açsa da, bu üzvlüyün böyük məsuliyyəti də var. Çünki bu aydan başlayaraq Azərbaycan BMT TŞ-nin qərarlarının qəbulunda önəmli rol oynamağa başlayacaq. E.Şahinoğlunun fikrincə, hazırda görünən odur ki, Azərbaycan xarici siyasətdə ehtiyatlı mövqeyini BMT TŞ-də davam etdirmək niyyətindədir: “Aqşin Mehdiyev bildirir ki, Suriyanın daxili işlərinə qarışmaq olmaz, tərəflər özləri razılığa gəlməlidir. Məsələ burasındadır ki, tərəflər özləri razılığa gəlsəydilər, hadisələr bu qədər şişməzdi. Artıq Əsəd rejimi beş mindən çox insanı qətlə yetirib. Proseslərin sonu da görünmür. O zaman Aqşin Mehdiyevin sözlərindən belə çıxır ki, biz hələ bir müddət də bu qətliamı seyr etməliyik”.
Suriya məsələsi ilə bağlı hazırda dünyada iki mövqeyin olduğunu deyən E.Şahinoğlu vurğuladı ki, birinci yanaşma Qərbin mövqeyidir ki, Türkiyənin də dəstəklədiyi bu siyasətə görə, Suriyaya qarşı ciddi sanksiyalar tətbiq olunmalıdır. Ikinci mövqedən isə Rusiya və Çin çıxış edir ki, bu dövlətlər Suriyanın cəzalandırılmasının əleyhinədir. E.Şahinoğlunun sözlərinə görə, A.Mehdiyevin açıqlamasından isə belə görünür ki, Azərbaycan Qərb və Türkiyənin mövqeyindən yox, Rusiya və Çinin mövqeyindən çıxış etmək istəyir: “Bu bir daha Azərbaycan hakimiyyətinin Qərb və Rusiya seçimində hansına üstünlük verdiyini göstərir. Bu yaxınlarda BMT-nin Təhlükəsizlik Şurasının gündəminə Iran məsələsi də gələcək. Belə görünür ki, bu məsələdə də Azərbaycan Rusiyanın mövqeyindən çıxış edəcək. Bu isə təəssüf doğurur. Azərbaycan BMT Təhlükəsizlik Şurasında fəal mövqe ortaya qoymayacaqdıqsa, nəyə görə bura seçilirdik. Hər məsələdə tərəfsiz qalacağıqsa, Azərbaycanın bu qurumda fəaliyyət göstərməsi mənasızdır”.
Bundan başqa, A.Mehdiyevin bir çox məsələlərdə Azərbaycanın mövqeyinin Rusiya ilə üst-üstə düşməsini vurğulamasına diqqət çəkən E.Şahinoğlu bildirdi ki, bu, Azərbaycanın Rusiyanın mövqeyindən çıxış edəcəyinin anonsudur. Bu isə Azərbaycanın strateji və milli maraqlarına ziddir. E.Şahinoğlu vurğuladı ki, Rusiyanın mövqeyindən aktiv çıxış etmək Azərbaycanı Qərb və Türkiyədən uzaqlaşdıra bilər. E.Şahinoğlu onu da bildirdi ki, Türkiyə-Azərbaycan münasibətlərini bu yaxınlarda daha bir sınaq gözləyir. Söhbət yanvarın sonlarında Fransa Senatında “erməni soyqırımı”nı inkar edənlərin cərimə olunmasının müzakirəyə çıxarılmasından gedir: “Artıq Türkiyə Senatda bu qanunun qəbul olunacağı təqdirdə hansı addımlar atacağını açıqlayıb. Azərbaycan isə belə bir siyasət müəyyənləşdirməyib. Əgər qanun qəbul olunarsa, Azərbaycanın susması iki dövlət arasındakı münasibətləri ciddi şəkildə sarsıda bilər”.
Xəyal


