Yaxud çağırılan yerə ar eləyən, çağırılmayan yeri dar eləyən Musa Qasımlı haqqında yazı
Əlövsət Osmanlı,
riyaziyyat üzrə fəlsəfə doktoru
Milli Məclisin sonuncu iclasında deputat Musa Qasımlı üzünü spikerə tutaraq deyib: “Bəzi nazirliklər bəzən tədbirlər keçirirlər. Hətta ağsaqqal deputatlara belə oturmağa yer olmur, dəvət etmirlər. Cənab sədr, xahiş edirəm, bu məsələ ilə bağlı fikrinizi bildirəsiniz, köməklik göstərəsiniz”. (Modern.az, 30.12.2011).
Doğrusu, millət vəkilinin bu gileyi qəribə göründü. Onun deməyindən belə çıxır ki, hansısa tədbirə dəvət almaq üçün kimdənsə (kiməsə) giley-güzar etməlisən, ya da kömək istəməlisən. Mənə elə gəlir ki, M.Qasımlı bu sözləri deyənə qədər gərək bir az özünə də baxaydı. Axı hər hansı bir addımı atanda insan öz əməllərinə tapınmalı – bu keyfiyyətləri özündə gördükdən sonra belə ifadələri işlətməlidir. Mənə görə, gileyləndiyi nazirlərin yerinə M.Qasımlının özü olsaydı, onun yeddi həndəvərinə belə yaxınlaşmaq olmazdı. Bunu demək üçün kifayət qədər əsaslarım var…
Bəri başdan deyim ki, M.Qasımlı ilə şəxsi tanışlığım yoxdur və onu həyatda görməmişəm, yalnız və yalnız teleekranlardan, yazılarından və müsahibələrindən tanıyıram. Təxminən həmyaşıdıq və hər ikimiz elm sahəsinin adamıyıq, bir fərqlə, mən riyaziyyatçı, o isə tarixçidir. Göründüyü kimi, M.Qasımlı ilə aramızda bölünməyən bir şey yoxdur. Onda sual yaranır: Onunla nəyimiz ortaq düşüb ki, yazımı sərt notlarla başladım? Bu və bəzi digər qaranlıqların üzərinə işıq salmaq istərdim.
Xatırladıram ki, iki ilə yaxındır, Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) üzvü olan deputat M.Qasımlı ilə (eləcə də digər 10 üzvlə) məhkəmə çəkişməsindəyik. Özü də mən onu yox, o məni məhkəməyə verib. Qasımlı buna səbəb kimi 600 səhifəlik silsilə yazılarımın birində “DQŞ dərsliklərin seçimində saxtakarlığa yol verir” ifadəsini işlətməyimi göstərir. Guya bu ifadə ilə onun şərəf və ləyaqətini aşağılamışam. Tələbsə belədir: Əlövsət Osmanlı həbs edilməlidir!..
Əslində, inandırıcı deyil ki, M.Qasımlı öz arzusu ilə mənə qarşı “məhkəmə davası” açsın. Bu, bir neçə səbəbdən real görünmür. Əvvəla, bu qədər yazının içərisindən bir cümləni tapıb üzərə çıxarmaq ağlasığan iş deyil. Ikincisi, yazıların hamısı təhsilimizi darmadağın etmiş şəxsə – Misir Mərdanova həsr olunduğu halda, necə ola bilər ki, adi bir cümləyə görə Qasımlı məni məhkəməyə versin? Üçüncüsü, 11 üzvün gözünün eyni vaxtda bir ifadəyə sataşması nə dərəcədə ağlabatandır? Nəhayət, dördüncüsü, axı buna qədər mən DQŞ haqqında daha kəskin ifadələr işlətmişəm. Məsələn, demişəm ki, “DQŞ marionet (yedək) qurumdur”, “onun təsdiq etdiyi dərsliklər dünyanın ən biabırçı (yaramaz, urvatsız) dərslikləridir” və s. Bundan başqa, DQŞ-nin əməllərini dövlətə və millətə qarşı “xəyanət”, “düşmənçilik” adlandırmışam. Göründüyü kimi, bu ifadələrin yanında M.Qasımlının yapışdığı cümlə muştuluq kimi bir şeydir. Bu cür kəskin ifadələri qoyub, “yumşaq” bir cümləyə görə, el dili ilə desək, cırnamağın anlamı şəxsən mənə aydın deyil. Doğrudanmı, “saxtakarlıq” M.Qasımlı üçün bu dərəcədə “dözülməz” sözdür? Bu mənada bir misal gətirmək istərdim. Oxucuların diqqətinə çatdırıram ki, inişil noyabr ayında ölkənin aparıcı qəzetlərindən birində belə fikir gedib: “42 saylı Sumqayıt ikinci seçki dairəsində nəticələr saxtalaşdırılaraq Musa Qasımlıya saxtakarlıq müqabilində mandat verilib”. Əgər burada deyilənə inansaq, onda M.Qasımlı saxta deputatdır. Indi gəlin, iki ifadəni tərəziyə qoyaq: “M.Qasımlı saxta deputatdır”; “DQŞ dərsliklərin seçimində saxtakarlığa yol verir”. Bunlardan hansı daha ağırdır? Bir var “saxta(karlıq)” ifadəsi cibində 5 il mandat gəzdirəcək deputat haqqında işlənə, bir də var hansısa yedək qurumun əməli haqqında deyilə. Belə çıxır, M.Qasımlı birinci ifadəni rahatca həzm edə bilir, ikincini isə, həzm etmək o yana qalsın, çeynəyə də bilmir. Məhz bunlara görə, indi bir çox hüquqşünas, yazar və ekspertlər hesab edirlər ki, bu absurd məhkəmə işini o öz iradəsilə yox, nazir Mərdanovun təsiri və təkidilə qaldırıb…
Xatırladıram ki, iki ilə qədər davam edən məhkəmə olayı zamanı 20-dən çox iclas keçirilib. Qasımlı bunların birinə də qatılmayıb. Ondan soruşuram: Bunun nəyi məhkəmə oldu, Musa müəllim?! Axı siz məni öz şərəf və ləyaqətinizi qorumaq üçün məhkəməyə vermişdiniz! Şərəf və ləyaqət beləmi qorunur?! Vəkillərimdən biri demişkən, bu cür məsələləri keçmişdə dueldə çürüdərdilər. Indi, duel bir yana qalsın, heç olmasa məhkəməyə gəlib orada iddianızı sübuta yetirərdiniz. Gəlməməyinizin səbəbi aydındır: Bilirdiniz ki, iddianız yalan üzərində qurulub. Yalansa ayaq tutar, yeriməz. Bununla belə, haqq nazilər, üzülməz. Burada məsələnin ən məzəli tərəflərindən biri də budur ki, M.Qasımlı rəsmi dəvət olunduğu məhkəmə iclaslarına gəlmir, amma çağırılmadığı yerə – nazirliklərin tədbirlərinə həvəslə getmək istəyir. Hətta bu tədbirlərə dəvət almadığına görə spikerə şikayət də edir…
M.Qasımlı ilə məhkəmədə görüşməyəcəyimizi yəqin etdikdən sonra fikirləşdim ki, bəlkə onunla kənar bir yerdə görüşək, baş verənləri birgə müzakirə edək və nəyimizin ortaq düşdüyünü aydınlaşdıraq, axı biz duel adamları deyilik… Bu vəsilə ilə keçən ilin iyulunda ona zəng etdim. Görüşmək istədiyimi bildirdim. O: “məmnuniyyətlə görüşərdik, amma təəssüflər olsun ki, bu gecə xaricə uçuram, bir həftəyə qayıdacam, gələn kimi görüşərik”,- dedi. On gündən sonra bir də zəng etdim. Bu dəfə dedi ki, “xaricdən gəldim, indi isə Yardımlıda öz kəndimizdəyəm, avqustun ortalarında Bakıya dönəcəm, sağlıq olsun, gələn kimi mütləq görüşəcəyik”. Amma telefonda bəzi məsələlər haqqında xeyli söhbətləşdik. Özünün həddən artıq humanistliyindən, indiyədək heç kəsin toyuğuna “kiş” də demədiyindən danışdı. Nəhayət, dediyi vaxt ona bir də zəng etdim. Bildirdi ki, “Əlövsət müəllim, bağışlayın, vacib məsələ çıxdı, yenə xaricdəyəm, inşallah, yaxın günlərdə görüşərik”. Düşündüm ki, yəqin telefonunu rouminqə keçirib, doğrudan da xaricdədir… Bundan bir neçə saat keçmişdi. Təsadüfən ITV-nin “Carçı” proqramına baxırdım. Bir də görürəm, budur, M.Qasımlı həmin gün baş vermiş bir hadisə ilə bağlı şərh verir. Belə çıxır, o, xaricdə yox, Bakıda imiş. Hər şey mənə aydın oldu, deməli, bu adam görüşdən qaçır…
M.Qasımlı məni azad sözə, azad fikrə, alim fikrinə görə məhkəməyə verib, özü də Cinayət Məcəlləsinin 147.1-ci maddəsilə (böhtan). Bu adam millət vəkilidir və yəqin bilməmiş deyil ki, bu gün parlament kuluarlarında hamı “Diffamasiya haqqında” Qanundan – 147.1-ci maddənin yaxın zamanlarda ləğv ediləcəyindən danışır. O isə bu vurhavurda həmin maddə ilə vətəndaşı həbs etdirmək istəyir. Məsələnin digər paradoksallığı isə ondadır ki, insanlar dara düşəndə millət vəkilinə sığınır, ondan kömək umurlar, bizim vəkilimizsə, əksinə, öz həmkarının həbsinə çalışır.
Indi də gələk DQŞ məsələsinə. M.Qasımlı, Milli Məclisin deputatı və BDU-nun müəllimi olmaqla yanaşı, həm də DQŞ-nin üzvüdür. Sual olunur: O, bu məsuliyyətli işlərə necə vaxt tapır, üstəlik, nazirliklərin tədbirlərinə də qatılmaq istəyir? Vallah, məəttəl qalası işdir! DQŞ-də tək Qasımlı yox, digər üzvlər də belədir, hərəsinin 3-4 vəzifəsi var. Onların bir mərəzi də var: Dərslik müəllifi olmaq mərəzi! Xatırladıram ki, DQŞ-də “mən sənə, sən mənə” prinsipi ilə çalışan insanların hərəsi, bu və ya digər formada, bir neçə dərsliyə yiyələnib. Pay-puş zamanı M.Qasımlıya da “pay” düşüb (Yeni tarix – 9). Indi ondan soruşuram: Dərslik seçən qurumun üzvü də dərslik müəllifliyinə iddialı olarmı, hüquq buna imkan versə belə?! Axı bu, mənəviyyat məsələsidir! Əgər sizdə belə bir iddia varsa, onda zəhmət çəkib üzvlükdən çıxın, gedib dərsliyinizi yazın, kənardan baxan da bir söz deyə bilməsin. Məhz DQŞ üzvlərinin müəllif olmaq mərəzinin nəticəsidir ki, bu gün bizim dərsliklər dünyanın ən bədnam dərsliklərinə çevrilib.
Sonda tarixçi Musa Qasımlıya bir tarixi yenidən xatırlatmaq istəyirəm: DQŞ yaranışından dövlətə və millətə qarşı düşmənçilik və xəyanət yolunu tutub, onun seçdiyi yaramaz dərsliklərlə Azərbaycan təhsilinin məzmunu dağıdılıb! Bunu sübut etməyə hər zaman hazıram. Bu meydan, bu da şeytan!..


