Azərbaycanı necə dəyişək?

Post-transformasiya dövründə çətinliklər və əsas addımlar…

2012-ci ilin demokratiya və azadlıqlar ili olacağına heç bir ciddi şübhə yoxdur. Azərbaycan bundan öncəki qlobal demokratikləşmə dalğalarının təsirlərini kəpənək effektilə qəbul etmədi. Yəni, dünyanın başqa bir ölkəsində baş vermiş hərəkatlardan spontan və eyni yüklü təsirlərə məruz qalmadı. Bunu bir çoxları müxalifətin və ya xalqın inqilablar enerjisini qəbul etmək gücünün olmaması kimi şərh etdilər. Əlbəttə, bu interpretasiyaların içərisində emosional səmimi və stasionar qərəzli olanları da var idi. Amma biz diaqnozları mahiyyəti üzrə təhlil etmək fikrindəyik.
Azərbaycanda “Ərəb baharı”nın yaratdığı silahlı qarşıdurmalar gözdən keçirildi. Bu cəmiyyətin ən müxtəlif təbəqələrində adekvat şərhlər aldı. Xalqına qarşı silah işlədən, muzdlu ordu tutan Qəzzafi və Əsədi dəstəkləyənlər də tapıldı, ABŞ demokratiyasının vətəndaş müharibəsindən doğduğunu xatırlayanlar da… Amma bütün bunlar, “belə bir proses Azərbaycanda da baş verə bilərmi?” sualı kontekstində baş verdi. Bu barədə yazılar və fikirlər xeyli olduğundan onları bir-bir xatırlamaq istəmirik. Amma biz “Ərəb baharı” paralelində əldə etdiyimiz əsas uğuru gözdən keçirmək niyyətindəyik.

Inqilab olmadı, amma…

Əslində, bu sətirlərin müəllifi də klassik mənada inqilabın əleyhinədir. Fəqət, biz bir çox ATƏT üzvü olan post-sovet ölkələrindəki inqilabları gözdən keçirərkən burada üsyan və çevrilişin baş verdiyini yox, siyasi hakimiyyətin sosial legitimlik qazandığını görürük. Yəni, xalq seçki yolu ilə təmin edə bilmədiyi hüquqlarını demokratik və dinc etirazlar nəticəsində əldə edir. Bu, bir növ “ümumxalq səsverməsi” rolunu oynayır və baş vermiş hadisə qeyri-legitim azlıq üzərində legitim çoxluğun dinc qələbəsi olur. Bu kontekstdə inqilabi prosesləri dəstəkləmək və onun təşkilində iştirak etmək vacibdir.
Müasir inqilablarla klassik inqilabların başlıca fərqlərinə gəlincə, klassik inqilablar konstitusion quruluşu dəyişirdisə, çağdaş inqilablar daha çox konstitusiyanı formal həyatdan faktiki həyata keçirir və onun fəaliyyətini bərpa edir.
Beləliklə, biz dəstəklədiyimiz dəyişikliyin bir vasitə kimi bizi hara aparacağına baxaq. Azərbaycvanda sivil demokratik bir cəmiyyətin yaranması və bu kontekstdə hər cür insan azadlığını təmin edən ictimai qanunların aliliyinin təmin olunması, özünü sübut etmiş mütərəqqi Qərb demokratiyasına inteqrasiya əsas hədəfdir. Bu proses üzrə mühüm addımlardan biri kimi, Avropa Birliyinə və Ümumdünya Ticarət Təşkilatına üzv olmaq nəzərdə tutulur. 2011-ci ildə Azərbaycanın və digər 4 post-sovet ölkəsinin rəsmən Şərqi Avropa ölkəsi kimi təsdiq edilməsi böyük tarixi inqilabi hadisədir. Bu, hətta daxildə inqilab etmiş bir çox ölkələrin əldə edə bilmədiyi uğurlardandır. Sözügedən hadisə o deməkdir ki, Azərbaycan həm regionda, həm də qlobal müstəvidə diqqət mərkəzində olan bir ölkə kimi, demokratik dəyişiklikləri təhlükəsizlik şüşələri altında həyata keçirəcək. Yəni, artıq bir çox öhdəlikləri qəbul etmiş toplum kimi, spontan deyil, şüurlu dəyişikliyə doğru addımlayır.

Biz nəyə azadlıq deyirik?

Bu sualın fəlsəfi cavabı dəqiq tapılmasa da, hüquqi aspektdən çox mühüm çərçivələri artıq müəyyənləşib. Biz yenidən “velosiped kəşf etmək” fikrində deyilik, ona görə də bəşəriyyətin əldə etdiyi nailiyyətləri tətbiq etməkdə yarar görürük. Müasir milli dövlətin başlıca atributlarından biri vətəndaşların fərdi azadlığının və rifahının təmin olunmasıdır. Dövlət vətəndaş qarşısında başlıca öhdəliyi olan mülkiyyət və etiqad sərbəstliyini təmin etməli və bunu özünün əsas vəzifəsi kimi qəbul etməlidir. Fərdi azadlığın vazkeçilməz elementlərindən sayılan seçmək və seçilmək qeyd-şərtsiz hüquq kimi təmin və icra olunmalıdır. Bütün bunlardan sonra altını qırmızı xətlə cızdığımız məqam “maarifləndirmənin-aydınlatmanın” məqsədli siyasətə çevrilməsidir. Çünki azadlıq şüurlu seçim olduğu halda, təhlükəsiz və müqavimətə davamlı ola bilər. Əks halda, bundan öncəki acı təcrübələri yenidən yaşamaq, azadlığımızı itirmək təhlükəsilə üzləşmək taleyə çevrilə bilər.

Buzu əritmək, ilk addımdır…

Demokratiyaya keçid bir proses kimi, saysız və naməlum orqanizmləri dondurmuş buzlağı xatırladır. Əlbəttə, həyatı bərpa etmək üçün buzlaqları əritmək şərtdir. Amma bu, ilk addımdır. Daha məsuliyyətli addımlar isə bu buzlaqların altından çıxacaq, yeni naməlum orqanizmlərlə mübarizə aparmaq, onların sosial həyatdakı əsl yerlərini təyin etməkdir. Qapalı sistemlər adətən qara və qanlı işlərini görən elementləri də özünün rəsmi köynəyi altında gizlətdiyi üçün dəyişiklikdən sonra pozitivlə neqativi ayırmaq xeyli çətinliklər yaradır. Buna görə də cəmiyyət ciddi şəkildə sayıqlığını qorumalı və seçimlərində mütləq xətalarını minimuma endirməlidir. Bunun üçün başlıca meyar “ideologiyalaşdırılmış maraqlar” təhlükəsini sezmək və onun aktivləşməsinə, özünə meydan tapmasına imkan verməmək lazımdır.

“Ideologiyalaşdırılmış maraqlar” nədir?

Çox təəssüf ki, ayrı-ayrı zamanlarda regionçuluq və dini siyasi alətə çevirmək cəmiyyətin bir çox neqativ ünsürləri üçün sığınacaq yeri olur. Cəmiyyəti parçalayan bu cür qruplaşmalar toplumun ortaq və həqiqi problemlərini müəyyənləşdirməyə, onun həllində həmrəy olmağa mane olur. Heydər Əliyev siyasi hakimiyyəti bu cür olaylara açıq nümunə sayıla bilər. Məsələn, Qarabağlılar və Qərbi Azərbaycanlılar qarşılıqlı ziddiyyətdə baş qatarkən Heydər Əliyev bütövlükdə Azərbaycanı məhv etmək planını həyata keçirdi. Onun başlıca sığınacaq yeri o idi ki, özünü gah Naxçıvanlı, gah da Qərbi Azərbaycanlı kimi təqdim edirdi. Əliyevin bu regionlardan olan tənqidçiləri naxələf, başqa regiondan olan tənqidçiləri isə qərəzli damğası yeyirdilər. Bununla da o, özünün siyasi məqsədlərini və şəxsi maraqlarını ideologiyalaşdırdığı regionçuluq qalxanı altında təmin edirdi.
Azərbaycanda demokratik keçidin baş tutmasından sonra da bəzi qrupların belə cəhdləri ola bilər. Bu tip hazırlıqlar da diqqəti çəkməmiş deyil. Amma bütövlükdə toplum bu cür addımları qınamalı və meydan verməməlidir. Bu gün xoş olan yeganə tərəf odur ki, bu cür arxaik düşüncə siyasi elitada özünə yer tapa bilməyib. Amma “ilan vuran ala çatıdan qorxar”, ona görə biz yenə də çomağımızı yerə qoymayaq…

Ideya nə olmalıdır?

Bizim hədəflədiyimiz toplumda bir-birinə alternativ olacaq ideyalar deyil, proqramlar olmalıdır. Biz düşünürük ki, toplum sağçı-solçu-mərkəzçi olmaqla, ideolojilərə deyil, ümumilikdə onu qabağa aparan və insanı mərkəzdə tutan proqramlara, rifaha və azadlığa səs verməlidir. Özünü başqasının dünya görüşünün davamçısı kimi hiss etməməlidir. Cəmiyyət siyasi cəhətdən yüksək savada malik olmalı, heç bir qrupun arxasınca getməməlidir. Yalnız ən ümumi maraqlara səs verməli, bununla da azadlığın və rifahın uzun ömürlülüyünü təmin etməlidir.