Gömrükdəki özbaşınalığın qurbanı olmuş sahibkarlar hüquqlarının bərpası üçün piketlər keçirməyi düşünürlər
Sahibkar Elman Abdullayev Dövlət Gömrük Komitəsindəki qanunsuzluqdan şikayətçidir. Onun “Azadlıq”a bildirdiyinə görə, oktyabr ayının əvvəllərində Irandan Azərbaycana 24 ton meyvə-tərəvəz idxal etmək istəyib:
“Lakin mənim adıma gələn mal Astara gömrüyündə heç bir səbəb olmadan saxlanılıb. Mənə gizli nömrə ilə zəng edərək bildiriblər ki, malın Azərbaycana buraxılması üçün 5000 ABŞ dolları verməlisən. Zəng vuran şəxs özünü gömrük əməkdaşı kimi təqdim edib. Mən bu qədər pulumun olmadığını bildirmişəm. Və məsələ barədə Baş Prokurorluğa müraciət etmişəm. Lakin Baş Prokurorluq şikayətimi Dövlət Gömrük Komitəsinə göndərib. Mənə də bildirilib ki, işə aidiyyəti üzrə orada baxılmalıdır”.
Elman Abdullayev deyir ki, Dövlət Gömrük Komitəsində şikayəti araşdırılmamış qalıb. Dekabrın 20-də sahibkar yenə də analoji halla üzləşib: “Bu dəfə Pakistandan 20-21 ton naringi idxal etmək istəyirdim. Yenə də malımı Astarada gömrüyündə saxlayıb məndən külli miqdarda pul tələb edildi”.
Bu dəfə artıq Elman Abdullayev birbaşa Dövlət Gömrük Komitəsinə gedərək baş verənlər barədə qurumun Aydın Əliyevə şikayət etmək istəyib: “Mənə dedilər ki, Aydın Əliyevin qəbul günü dekabrın 30-dadır. Gələrsən səni qəbul edib dinləyər. Mən də həmin gün komitəyə getdim”.
Ümidlə komitəyə gedən sahibkar orada qurumun əməkdaşlarının zorakılığı ilə üzləşib: “Içəri girəndə əvvəlcə mənə dedilər ki, qəbul saat 11-də başlayır, sən isə saat 12-də gəlmisən. Cavab verdim ki, axı bunun məsələyə nə dəxli var. Fakt odur ki, bu gün qəbul günüdür və mənim üçün qəbul saatı müəyyənləşdirilməyib. Bundan sonra məni zorakı şəkildə bayıra çıxardılar. Həmçinin təhqir etdilər”.
Sahibkar deyir ki, indi yalnız əlacı aksiya keçirməyə qalıb. “Başqa çıxış yolum yoxdur. Mənim kimi bir qrup sahibkarla aksiyalara başlamağı düşünürük”, – deyə Elman Abdullayev bildirib.
Azad