Bu gün Koordinasiya Şurasına namizədliyin verilməsi üçün son tarixdir
İctimai Palatanın Koordinasiya Şurası yanvarın 5-də nöbəti iclasını keçirib. İclasında İP-in yanvarın 8-nə təyin edilən sessiyasına hazırlıq, Koordinasiya Şurasına yeni seçkilər əsas müzakirə mövzusu olub
İclasda KŞ üzvlərinin sayının 17-yə qaldırılması barədə qərar qəbul olunub. Koordinasiya Şurasının hazırkı üzvü Qənimət Zahid namizədliyini geri götürüb. Onun əvəzindən “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyevin namizədliyi irəli sürülüb. Koordinasiya Şurasına daha bir nəfər-politoloq Leyla Əliyeva da namizəd olub.
Onlardan başqa buna qədər Koordinasiya Şurasının üzvü olmayan daha 6 nəfər quruma namizədliyini irəli sürüb. Bunlar aşağıdakılardır:
İbrahim İbrahimli – bitərəf, keçmiş istiqlalçı deputat
Qələndər Muxtarlı – AMDP sədri
İmamverdi Cəfərov – deputatlığa keçmiş namizəd, bitərəf
Rafiq Manaflı – VHP Ali Məclisinin sədri
Vaqif Hacıbəyli – Əhrar Partiyasının sədri
İxtiyar Abdal – Ümid Partiyasının təmsilçisi.
Qeyd edək ki, buna qədər Koordinasiya Şurasının üzvü olan 13 nəfər avtomatik olaraq namizəd sayılırlar.
Koordinasiya Şurasının yeni tərkibinə namizədliyin verilməsi üçün müddət isə yanvarın 6-da bitir. Yanvarın 8-də saat 12-də İP-nin növbəti sessiyası zamanı Koordinasiya Şurasına keçiriləcək seçkilərdə iştirak etmək istəyənlər saat 18.00-a qədər təşkilat komitəsinə müraciət edə bilərlər.
İP-nin katibi Gülağa Aslanlının qəzetimizə bildirdiyinə görə, qəbul olunmuş qərarla seçki gizli səsvermə yolu ilə keçiriləcək. Hər siyasi partiyadan namizəd kimi bir nəfər qeydə alınacaq. Yalnız İP üzvləri Koordinasiya Şurası üzvlüyünə namizədliyini irəli sürə bilərlər. Vacib məqamlardan biri də ondan ibarətdir ki, namizədlər qeydə alınana qədər onların hər hansı formada təbliğat aparmaları qadağan edilir.
Namizədlərin qeydiyyatına dekabrın 21-dən start verilib.
Xəyal


