Mərdanov məsuliyyəti rektorlarla bölüşür

Təhsil naziri yeni əmrilə Məleykə Abbaszadəyə qarşı cəbhəni genişləndirir

Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrinin qış imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədilə əmr imzalayıb(modern.az). Əmrə əsasən, qış imtahan sessiyasında Təhsil Nazirliyində “Qaynar  xətt”in  fəaliyyət  göstərdiyi nəzərə alınmalıdır. (Tel.:  496-34-82,  faks:  496-37-61, e-mail: qaynar-xett@edu.gov.az ).
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, qış imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər. Onlar rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalı, qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin “Qaynar xətt”inə operativ məlumat verilməsini, imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etməli, nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görməlidirlər.
“Nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar”,- deyə əmrdə bildirilib.
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri qış imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər.
Nazirin əmrilə Təhsil Nazirliyinin aparat rəhbərinə, ali və orta ixtisas təhsili şöbəsinə  tapşırılıb ki, ali və orta ixtisas təhsili müəssisələrində qış imtahan sessiyasının monitorinqinin keçirilməsini təmin etsinlər, qış imtahan sessiyası zamanı korrupsiya hallarının müəyyənləşdirilməsi üçün tələbələr arasında anket sorğularını təşkil etsinlər.
Əslində Misir Mərdanovun bu əmri Tələbə Qəbulu Üzrə Dövlət Komitəsinin(TQDK) sədri Məleykə Abbaszadəyə qarşı cəbhəni genişləndirmək məqsədi daşıyır. Söhbət ondan gedir ki, Məleykə Abbaszadə ittihamlarını birbaşa Misir Mərdanova yönəldir. Təhsil naziri isə bu ağır ittihamların tək hədəfi olmaq istəmir. Hələ bir müddət əvvəl Misir Mərdanova qarşı hücum başlayanda o, meydanda tək qaldığını bəyan etmişdi. Görünür, indi təhsil naziri çıxış yolu tapıb. Təhsil naziri bu əmrlə imtahanlarla bağlı problemlərə görə məsuliyyəti   rektorlarla bölüşməyə cəhd edir. Misir Mərdanov rektoralara mesaj verir ki, əslində Məleykə Abbaszadə həm də onlara hücum edir. Lakin yalnız nazir bu hücumlara sinə gərir. Halbuki belə rektorlar da meydana çıxmalıdır…

Azad