Kərəm Həsənov hoteli sökdürüb yerində göydələn tikdirir
Bakının mərkəzində, “Sahil” metro stansiyasının yaxınlığında yerləşən “Cənub” mehmanxanası sökülür. Ötən əsrin 50-ci illərin əvvəllərində tikilmiş altımərtəbəli mehmanxana binası artıq bir neçə il idi ki, normal fəaliyyət göstərmirdi. Son illər isə biznesmenlər və hakimiyyətdə təmsil olunan oliqarxlar sözügedən obyekti özəlləşdirmək istəyirdilər. Hotel sahibləri tez-tez dəyişib və Bakı şəhər Icra Hakimiyyəti indiyədək binanın sahibinin kimliyi barədə dəqiq məlumat verməyib.
Bununla belə, obyektin sahibi binanı əsaslı təmir etmək əvəzinə, onu sökmək qərarına gəlib. “Azadlıq”a daxil olan məlumata görə, binanın yerində göydələn tikiləcək.
Mehmanxanaya gəlincə, yaşlı nəsil bakılılar onu yaxşı tanıyırdı, ilk növbədə ikinci mərtəbədəki restoranına görə. Sovet dövründə orada tanınmış musiqiçilər çıxış edirdilər. Həmin illərdə bu mehmanxana “Inturist”lə yanaşı xaricilərin qaldığı tək-tük mehmanxanalardan biri idi. Illər ərzində hoteldə yaşayış şəraiti və xidmətin keyfiyyəti aşağı düşməyə başlayıb və hotel otaqları ofis kimi icarəyə verilib. Belə ki, bir müddət burada Iranın “Irna” agentliyinin müxbir məntəqəsi yerləşib.
Son illər hotelin sahibləri müştəriləri restoranın girişində dayanan Afrika geyimində qara dərili mühafizəçilərlə tovlamağa çalışırdılar, ancaq bunun nəticəsi olmadı.
Hazırda işçi briqadası binanın yuxarı mərtəbəsində divarları uçurur, tikinti qalıqlarını yerə atırlar. Briqadirlərdən biri “Turan”ın müxbirinə bildirib ki, söküntü bir neçə ay davam edəcək. Binanın yerində nəyin tikiləcəyindən isə o, xəbərsiz olduğunu söyləyib.
Məlumatlara görə, “Cənub”u Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov özəlləşdirir. Söküntünü, o cümlədən tikiləcək göydələni komitə sədrinin deputat olan qardaşı Malik Həsənovun rəhbərlik etdiyi “Azinko” şirkəti həyata keçirir.
Ramin DEKO